Mask daha bir şirkəti ələ keçirmək istəyir

   Mask daha bir şirkəti ələ keçirmək istəyir
  11 Fevral 2025    Oxunub:467
İlon Maskın başçılıq etdiyi investorlar konsorsiumu, “ChatGPT” platformasının arxasında duran şirkət üzərində həmtəsisçi Sem Altman ilə mübarizədə təsirini artıraraq, “OpenAI” şirkətinə nəzarət edən qeyri-kommersiya təşkilatını almaq üçün 97,4 milyard dollar təklif edib.
AzVision.az bildirir ki, mənbələrə istinad edən “The Wall Street Journal (WSJ)” qəzetinin yazdığına görə, İlon Maskın vəkili Mark Toberoff bununla bağlı dünən “OpenAI” şirkətinin direktorlar şurasına ərizə təqdim etdiyini açıqlayıb.

Gözlənilməz təklif Sem Altmanın “OpenAI” platformasını inkişaf etdirmək, o cümlədən onu kommersiya qurumuna çevirmək və “Stargate” layihəsi vasitəsilə süni intellekt (Aİ) infrastrukturuna sərmayə qoymaqla bağlı strateji planlarını çətinləşdirir. Mask və Altman artıq şirkətin gələcəyi ilə bağlı hüquqi proseslərlə məşğuldurlar.

“OpenAI platformasını açıq mənbəyə, təhlükəsizlik və yaradılanda olduğu kimi ictimai xeyirə yönəlmiş məcraya qaytarmağın vaxtıdır”, - Mask Toberoffun vasitəsilə açıqlayıb.

“OpenAI” vəziyyətlə bağlı hələ ki, şərh verməyib.

Qeyd edək ki, Altman və Mask 2015-ci ildə qeyri-kommersiya təşkilatı olaraq “OpenAI”-ni təsis ediblər. 2019-cu ildə Mask getdikdən sonra Altman Microsoft və digər tərəfdaşlardan investisiya cəlb etmək üçün kommersiya bölməsinin yaradılması təşəbbüsünü irəli sürüb. O, hazırda bu strukturu tam kommersiya şirkətinə çevirmək üzərində işləyir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Mask   Altman   OpenAI  





Xəbər lenti