Markedonov sülh haqqında: "Bakının daha çox gücü, resursları və imkanları var"

      Markedonov sülh haqqında:    "Bakının daha çox gücü, resursları və imkanları var"
  10 Fevral 2023    Oxunub:891
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması perspektivləri yenidən gündəmə gəlib. Beynəlxalq Tədqiqatlar İnstitutunun Avro-Atlantika Təhlükəsizliyi Mərkəzinin aparıcı elmi işçisi, politoloq Sergey Markedonov sülh sazişi ilə bağlı irəliləyiş ehtimalını qiymətləndirib.
O bir sıra diqqət çəkən proqnozlar səsləndirib.

"Fevralın 7-də Ararat Mirzoyan Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə birgə təşkil olunan brifinq zamanı bəyan etdi ki, İrəvana sülh müqaviləsinin imzalanması ilə bağlı yeni təkliflər daxil olub. Ertəsi gün Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bu məsələ ilə bağlı bəzi dəqiqləşdirmələr apardı. O, təkliflərin iki həftə əvvəl İrəvana daxil olduğunu və Ermənistan rəhbərliyin danışıqlar prosesini uzatmaq taktikasını yenə də davam etdirdiyini qeyd etdi. Onlar Bakıda sülh sazişinin mətni üzərində işi sürətləndirməyə sadiqdirlər. Sülhlə bağlı müzakirələrin yenidən canlanmasının tezliklə müəyyən sıçrayışlı nəticələrə gətirib çıxaracağını demək olarmı? Bu sualın cavabı göründüyü qədər sadə deyil. Burada məsələ heç "son tarix"lə bağlı proqnozda da deyil. Əsas məsələ həqiqətən kompromis mövqeyə nail olmaq və hər iki tərəfin əldə olunan razılıqları yerinə yetirməyə hazır olmasıdır”, - Markedonov qeyd edib.

O, Laçın dəhlizi ilə bağlı yaranmış qarışıq məsələlərə də toxunub.

XİN Mirzoyana cavab verdi : "Təkliflər 15 gün əvvəl təqdim edillib"
Politoloq deyir ki, Mirzoyanın Berlinə səfəri də bu kontekstdə nəzərdən keçirilməlidir: "Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Avropa İttifaqının enerji tərəfdaşı olan Azərbaycana olan marağı insan hüquqları və demokratik dəyərlər kimi prioritet məsələləri arxa plana atmır. Amma bu, çətin ki, Bakının xarici siyasət kursuna təsir etsin. Lakin bəyanat İrəvanda inam yarada bilər ki, onlar Moskvadan başqa əlavə təhlükəsizlik təminatları axtarmağa davam edə bilərlər. Təbii ki, Rusiya bu variantdan məmnun deyil. Xüsusilə də Moskva Ermənistanda avropalı müşahidəçilər missiyasının yerləşdirilməsi qərarı fonunda məmnun qalmaz".

O qeyd edib ki, prosesləri analiz etdikdə belə qənaətə gəlmək olar ki, hələlik Bakı və İrəvanın hansısa qarşılıqlı faydalı kompromisi əldə etməsindən danışmaq mümkün deyil.

"Azərbaycanın daha çox gücü, resursları və imkanları var. Ölkə rəhbərliyi “Qarabağ işi”nin bağlanmasını sürətləndirmək niyyətindədir. Onlar, sülh müqaviləsini Ermənistanın başqasının torpaqlarından imtina etməsi və bu məsələnin kağız üzərində təsbit etməsi kimi görürlər. Amma çətin ki, belə bir ssenari İrəvanın xoşuna gəlsin", - daim ermənipərəst mövqeyi ilə seçilmiş Markedonov vurğulayıb.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Ermənistan   Sülh   Azərbaycan  





Xəbər lenti