Əslində bu dəyişiklik çoxdan gözlənilirdi. Keçən İl Birləşmiş Millətlər Təşkilatı Hindistanın 2023-cü ilin ortalarına qədər Çini ötəcəyini gözlədiyini açıqlamışdı. Təşkilat 1 iyul 2023-cü il tarixində Hindistan əhalisinin 1 milyard 429 milyon, Çinin isə 1 milyard 426 milyon olacağını bildirmişdi. BMT-nin hesablamalarına görə, 2022-ci ilin sonunda Çin əhalisinin sayına görə hələ də birinci ölkə olub. Lakin ötən gün Çinin statistika bürosu ölkə əhalisinin 850 min nəfər azaldığını, əhalinin isə 1 milyard 412 milyon nəfərə düşdüyünü açıqlayıb.
![](https://azvision.az/photos/2023/01/trend_lacin_yolu_090123_1-1674208038.jpg)
Bu gözləniləndən daha böyük azalmadır və iki ölkə əhalisi arasındakı fərqi daraldaraq Hindistanın Çini geridə qoyması ehtimalını artırır. Siyahıyaalma və demoqrafik məlumatlarla məşğul olan "World Population Review" müstəqil təşkilatının hesablamalarına görə, Cənubi Asiya ölkəsi Hindistanın əhalisi 2022-ci ilin sonuna kimi 1,417 milyard nəfər təşkil edib.
Lakin Hindistanın verdiyi rəqəmlər düzgün olmaya bilər. Çünki ölkədə 2011-ci ildən bəri siyahıyaalınma aparılmayıb. Hindistan höküməti 2021-ci ildə əhalinin növbəti siyahıyaalınmasını aparacağını bildirsə də, pandemiya səbbəbindən bunu bir neçə dəfə təxirə salıb.
Hindistanın rəsmi hesablamaları əhalinin sayının BMT-nin təxmin etdiyi qədər yüksək olduğunu göstərmir. Ölkənin Milli Əhali Komissiyasının hesabatında 2022-ci ilin mart və 2023-cü ilin mart ayları üçün əhalinin sayının müvafiq olaraq 1,376 milyard və 1,388 milyard olacağı proqnozlaşdırılıb. Bununla belə, Hindistanın rəsmi hesablamalarının faktiki əhalini əks etdirmə ehtimalı azdır, çünki Hindistanda yoxsul və kənd ev təsərrüfatları tez-tez yeni doğuşları qeydə almır, bu da əhalinin sayının hesablanmasında istifadə edilən məlumatları təhrif edir. Əhalinin yarısı 30 yaşdan aşağı olan Hindistanın yaxın illərdə dünyanın ən sürətlə böyüyən əsas iqtisadiyyatı olacağı gözlənilir.
2007-ci ildə çinli ekspertlər Çində əhalinin 2033-cü ildə 1,5 milyard nəfərə çatacağını proqnozlaşdırmışdılar. Pandemiyadan əvvəl BMT Hindistanın 2027-ci ildən əvvəl Çini keçə bilməyəcəyini proqnozlaşdırmışdı. Keçən il yenilənmiş proqnozları açıqlayanda təşkilat həmin tarixi 2023-cü ilə çəkdi.
Digər tərəfdən Çində pandemiya boyunca yeni doğuşların sayı sürətlə azalıb. Çinli ailələr COVID-19 dönəmində hamiləlik nəzarətinin pozulması və iqtisadi qeyri-müəyyənlik səbəbindən uşaq sahibi olmağı gecikdirdilər. Eyni zamanda ilk dəfə Çində ölənlərin sayı doğulanların sayını üstələyib.
BMT-nin proqnozuna görə, 2022-2050-ci illər arasında dünya əhalisinin proqnozlaşdırılan artımının yarısından çoxu təkcə Konqo, Misir, Efiopiya, Hindistan, Nigeriya, Pakistan, Filippin və Tanzaniya kimi səkkiz ölkədə cəmləşəcək. Bu ölkələrdə əhalinin artım tempinin digər ölkələrlə müqayisədə xeyli yüksək olacağı ehtimal edilir. Məlumdur ki, ötən ilin noyabrında dünya əhalisi 8 milyarda çatıb.
Aytən Zəhra
AzVision.az