Pakistan Rusiyadan neft alacaq

 Pakistan Rusiyadan neft alacaq
  20 Yanvar 2023    Oxunub:1052
Rusiyadan Pakistana neft ixracı aprel ayında həyata keçiriləcək. Mart ayının sonuna qədər nəql olunacaq neftin həcmi müəyyənləşdirəcək, logistika, sığorta və ödəniş məsələləri həll ediləcək.
Rusiya və Pakistan neft və neft məhsullarının tədarükü ilə bağlı konseptual razılaşmalar əldə ediblər. AzVision.az Pakistan mediasına istinadən xəbər verir ki, bunu Rusiya energetika nazirinin müavini Sergey Moçalnikov hökumətlərarası komissiyanın iclasında bildirib. Onun sözlərinə görə, iki ölkə arasında enerji və enerji maşınqayırması sahəsində irəliyə doğru böyük addım atılıb.

"Biz Pakistan tərəfinin "Pakistan axını" layihəsi ilə bağlı qalan bütün suallarını müzakirə etdik. Onlara dolğun cavablar verildi və bu gün Pakistanın qazla təchizatı konsepsiyasının təqdimatı keçirildi. Biz bu konsepsiyada “Pakistan axını”nı ən tez bir zamanda görməliyik", - deyə, nazir müavini əlavə edib.

Pakistanın energetika naziri Musadiq Məsud Malik RT telekanalına müsahibəsində deyib ki, ölkəsi ildə təxminən 70 milyon barel neft idxal edir, “buna görə də qonşu ölkələr kimi Rusiyadan da neft almaq bizim üçün çox faydalı olardı”.

Enerji Məsələləri üzrə Mərkəzi Dispetçer Nəzarətinin (CDU) məlumatına görə, 2021-ci ildə Pakistana neft Səudiyyə Ərəbistanından (50,6%) və Birləşmiş Ərəb Əmirliklərindən (41,3%) ixrac edilib. Ölkənin neft idxalı Fatco terminalı ilə Qasım limanına və Keamari terminalı vasitəsilə Kəraçi limanına çatdırılır. Buradan isə neft boru kəməri ilə Pakistanın neft emalı zavodlarına daşınır.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər:





Xəbər lenti