Aprel-sentyabrda bir tondan artıq qənd satışdan çıxarılıb

Aprel-sentyabrda bir tondan artıq qənd satışdan çıxarılıb
  12 Oktyabr 2022    Oxunub:958
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması istiqamətində keçirilən nəzarət tədbirləri zamanı ticarət şəbəkələrində satışı həyata keçirilən bir sıra istehsalçılara məxsus qənd məhsulu partiyalarının qida sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, kükürd dioksid (SO2) miqdarının laborator sınaqların nəticələrinə əsasən normadan artıq olduğu müəyyən edilib.
AQTA-dan AzVision.az -a bildirilib ki, qeyd olunan nöqsanların aradan qaldırılması və qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə Agentlik tərəfindən qanunvericiliyə uyğun müvafiq tədbirlər həyata keçirilərək normativ sənədin tələblərinə cavab verməyən həmin məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı istehsalçılara, eyni zamanda ticarət şəbəkələrinin rəhbərlərinə həmin məhsulların satışdan çıxarılaraq istehsalçılara geri qaytarılması barədə icrası məcburi göstərişlər verilib.

Görülmüş nəzarət tədbirlərinin nəticəsi olaraq, həmin şirkətlər tərəfindən cari ilin aprel-sentyabr aylarında 1097,25 kq məhsul geri çağırılıb ki, bunlardan fiziki şəxs Kərimov Əfqan Bəhşir oğlunun istehsal etdiyi 371,3 kq, “Bolluq” MMC tərəfindən istehsal edilən 169,2 kq, “Şam Fi İnternational Trading Company” MMC tərəfindən emal edilən 6,75 kq qənd partiyası məhv edilib, 347 kq məhsulun isə məhv edilməsi ilə bağlı qərar qəbul olunub. Eyni zamanda fiziki şəxs Babayev Nazim Səyyaf oğluna məxsus anbarda saxlanılan 5109 kq, həmiçinin satış şəbəkəsindən geri çağırılmış 200 kq qənd məhsulunun təkrar emala göndərilməsi barədə qərar qəbul edilib.

Ticarət şəbəkələrində keçirilmiş təkrar monitorinqlər zamanı isə 20 nümunə götürülərək müayinəyə cəlb edilib. Müayinə nəticəsinə əsasən, əvvəl uyğunsuzluq aşkarlanmış 6 istehsalçıya məxsus 9 nümunədə kükürd dioksidin kütlə payı normadan artıq müəyyən edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti