Oğurluqların 70.5%-nin üstü açılıb

Oğurluqların 70.5%-nin üstü açılıb
  02 May 2014    Oxunub:1202
Azərbaycanda son bir il üç ayda ümumi cinayətlərin strukturunda mülkiyyət əleyhinə olanların xüsusi çəkisi orta hesabla 43 faiz, bağlı qalmışların strukturunda isə 73 faiz təşkil edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini, polis polkovniki Cəfər Fərzəlizadə nazirliyin geniş kollegiya iclasında çıxışında deyib.

Ərazi polis orqanları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müvafiq cinayətləri törətmiş 1342 nəfərdən ibarət 939, o cümlədən şəxsi əmlak oğurluqları törətmiş 972 nəfərdən ibarət 358 qrup zərərsizləşdirilib, axtarışda olan 1020 nəfər tutulub.

Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində, eləcə də "102" və "Təhlükəsiz şəhər" xidmətlərinin iştirakı ilə 150 oğurluq və 59 ona cəhd, 21 nəqliyyat vasitəsinin qaçırılması, 2 dələduzluq və s. cinayətlər "isti izlərlə" açılıb.

O da qeyd olunub ki, ümumən, mülkiyyət əleyhinə olan 7482, o cümlədən 3726 şəxsi əmlak, 882 mənzillərdən edilən, 417 mal-qara oğurluğunun, 125 cibgirlik faktının, keçmiş illərdən bağlı qalmış 251 müvafiq cinayətin açılması təmin olunub, bu əməllərə görə 3365 nəfər, habelə axtarışda olan 1133 təqsirləndirilən şəxs tutulub.

Cari ilin birinci rübündə Baş İdarənin cibgirlik cinayətlərinə qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatları əsasında ərazi orqanları ilə keçirilmiş birgə tədbirlərlə Binəqədi, Xəzər, Nərimanov, Xətai, Suraxanı, Səbail, Nəsimi, Qaradağ və Abşeron rayonları ərazisində 103 mənzil oğurluğu törətmiş Azərbaycan və Gürcüstan vətəndaşlarından ibarət cinayətkar qrup, Binəqədi rayon polis idarəsi tərəfindən isə paytaxt ərazisində 278 oğurluq faktı törətmiş 125 nəfərdən ibarət 74 cinayətkar qrup zərərsizləşdirilib.

Mühafizə xidmətləri tərəfindən 2013-cü ildə 6177 obyekt, o cümlədən 2227 mənzil qorunub. İlin əvvəlindən qorunan obyekt və mənzillərin sayı 322 vahid artıb, mühafizə olunan obyektlərdə 130 oğurluğun qarşısı alınıb.

Ötən il mülkiyyət əleyhinə olan cinayətlərin açılması 70,5 faiz təşkil edib, cari ilin 3 ayında isə mülkiyyət əleyhinə olan cinayətlərin açılması ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz, soyğunçuluqların açılması 18 faiz, şəxsi əmlak oğurluqlarının açılması 2,5 faiz, mal-qara oğurluqlarının açılması 19,0 faiz, avtomaşınlardan edilən oğurluqların açılması 19,7 faiz yaxşılaşıb.


Teqlər:





Xəbər lenti