"Vikipediya"nın mənbə problemi

   "Vikipediya"nın mənbə problemi
  20 Avqust 2022    Oxunub:1851
"Vikipediya" sahəsində fəaliyyət göstərən könüllülərin, ekspertlərin ən çox rastlaşdığı problem mənbə ilə bağlıdır.
Bu sözləri AzVision.az –a açıqlamasında “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib.

- Məsələn, könüllülər XX əsrdə yaşayan tanınmış alim haqqında məqalə yaratmaq istəyəndə mənbə problemi ilə üzləşirlər. Sanballı elmi mənbələr tapmaq olmur. Bəzən sosial şəbəkələrdə, mətbuatda yazılır ki, Azərbaycana aid məqalələr təhrif olunub və s. Bu günlərdə tanınmış publisist Kərim Kərimlinin “Vikipediya”nın rus dili bölməsində böyük şairimiz Xaqani Şirvaninin fars şairi kimi təqdim olunması ilə bağlı statusunu oxudum. Ortaya qoyulan iradları haqlı qəbul etmək olar. Hamımızın arzusudur ki, tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz öz dəyərlərimiz kimi qəbul olunsun. Ancaq reallıq başqa şey deyir. Dünyanın elmi və akademik mühitinin əsas tələbi müzakirələrdə ciddi, əsaslı, bitərəf mənbələrin ortaya qoyulmasıdır. Yəni, "Viki" könüllülər özündən ora heç nə yaza bilməzlər. Sadə dillə desək, biz onlara əsaslı mənbələr təqdim etməliyik ki, müzakirələrdə faktlarla çıxış edə bilsinlər, - Elnur Eltürk deyib.

"Vikipediya"nın Azərbaycan və ingilis dili bölmələrində keyfiyyətli fəaliyyətləri ilə seçilən, “Qorqud” Vikipediya Metodik Klubunun eksperti Ayxan Zayıdzadənin mövzu ilə bağlı fikirləri də diqqət çəkir.

- "Vikipediya" böyük bir icmadır. Bir rus və ya alman üçün Azərbaycan mənbəyi o qədər önəmli deyil, əsas olan nüfuzlu nəşrlər tərəfindən buraxılmış əsərlərdir. Bu nəşrlərdə də əsasən fars və ermənilər əsər ortaya çıxarırlar. Təəssüflər olsun ki, Xaqani bu mənbələrdə fars şairi kimi təqdim edilir. Qlobal nüfuzlu "Britannika Ensiklopediyası" da onu fars kimi qələmə verib, - ekspert deyib.

“Qorqud” Vikipediya Metodik Klubunun təlimçisi Sübhan Xıdırzadə isə birgə əməkdaşlığın önəmini irəli sürüb.
- İnanıram ki, bu sahədə Təhsil Nazirliyi, AMEA və aidiyyəti üzrə digər səlahiyyətli qurumlar biz vikipediyaçılar ilə əməkdaşlıq çərçivəsində həll yolunu tapa bilərik. Bu, tək biz vikipediyaçıların ərsəyə gətirə biləcəyi bir mövzu deyil. Hər sahədə olduğu kimi dövlətimiz bu mövzuda da öz gücünü, qüdrətini bütün imkanlarını səfərbər edəcək.

AzVision.az



Teqlər: Vikipediya   Mənbə  





Xəbər lenti