Çox düşünmək beyini məhv edirmiş

Çox düşünmək beyini məhv edirmiş
  19 Avqust 2022    Oxunub:2304
Parisdə universitet xəstəxanası olan "Pitiers-Salpetrier"in mütəxəssisləri uzunmüddətli və intensiv beyin fəaliyyətinin sağlamlığa zərərli olduğunu müəyyən ediblər.
AzVision.az xəbər verir ki, bununla bağlı aparılan tədqiqatın nəticələri “Current Biology” jurnalında dərc olunub.

Söhbət uzunmüddətli koqnitiv iş nəticəsində prefrontal korteksdə toplanan zəhərli maddələrdən gedir. Parisli nevroloqlar əmindirlər ki, bu cür həyat tərzi insanlarda davranış dəyişikliyinə gətirib çıxarır. Məsələn konsentrasiya zəifləyir, koqnitiv yorğunluq yaranır.

"Yorğunluq beynin sizi daha əyləncəli fəaliyyətlərə keçməyə məcbur etmək üçün yaratdığı illüziyadır. Amma bizim əldə etdiyimiz nəticələr göstərir ki, koqnitiv iş funksional dəyişikliklərə - zərərli maddələrin yığılmasına gətirib çıxarır, buna görə də yorğunluq həqiqətən də fəaliyyətin dayandırılmasına səbəb olan bir siqnal ola bilər", - araşdırma müəlliflərindən biri Matias Pessillione deyib.

Tədqiqat zamanı komanda 40 eksperiment iştirakçısını “asan” və “çətin” qruplarına ayırıb. Onlar iş günü ərzində hər biri 10 dəqiqə olmaqla iki fasilə ilə zehni tapşırıqları yerinə yetiribilər.

Alimlər maqnit rezonans spektroskopiyasından istifadə edərək iştirakçıların beyin biokimyasını ölçüblər. Məlum olub ki, çətin tapşırıqları yerinə yetirən insanlar beyinlərinin prefrontal korteksində daha çox qlutamat toplayırlar. Qlutamat mərkəzi sinir sistemini həyəcanlandıran bir neyromediatordur.

Fransız alim beyinə kömək etmək üçün vaxtında və normal şəkildə dincəlməyi, yatmağı məsləhət görür. Nevroloqlar da çox yorğun olduğunuz halda vacib qərarlar verməməyi tövsiyə edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti