Qondarma ənənə: Niyə mayda toy etmirik?

// Bu ziyanlı mövhumatla vidalaşmaq vaxtıdır!

  Qondarma ənənə:   Niyə mayda toy etmirik?
  13 May 2022    Oxunub:2382
Hər xalqın özünəməxsus adət-ənənələri var; bu adət-ənənələrin bəzilərinin etimologiyası bəllidir, bəzilərinin isə yaranma səbəbi unudulub. Təbiətdə ilin bütün fəsilləri, bütün ayları gözəldir. Qışın öz cazibəsi var, yazın öz ləzzəti. Soyuq qış fəslindən çıxmış insanlar yazı sonsuz sevinclə qarşılayırlar. Yaz gələr-gəlməz toy-düyünlər başlayar, aprel ayının sonuna kimi bu büsat davam edər. Elə ki, may ayı gəldi, hamı toy etməyə qorxar. Təəccüblüdür. Necə olur ki, bu ayda toy-düyün sədası eşidilmir. Lakin may ayında doğulanlar, ad günü keçirənlər, ailə quranlar da az deyil. Xalq arasında apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, may ayında toy edənlər, xeyir iş görənlər heç bir pis hadisə ilə qarşılaşmayıb. Bəs nə üçün bu ayda toy şənliyi keçirmək olmaz?
Doğrusu, bu barədə kimlərdən soruşduqsa, cavablar müxtəlif və mübahisəli oldu. Kimi "may ayının" "ağır ay" olduğunu söylədi, kimi may ayının "çiçək ayı" olduğunu, kimi də bunun heç bir məntiqə əsaslanmadığını dedi. Bəzi ağsaqqallarımız bu ayı ruzi-bərəkətin əsasının qoyulması ilə əlaqələndirib onu körpə uşağa bənzətdilər. Söylədilər ki, körpə uşaq heç bir təməl qoya bilməz. Ona görə də bu ayda ailə kimi çox vacib bir ictimai qurumun da təməli qoyulmamalıdır. Bu səbəbdən də bu ayda qurulan ailələr ya xoşbəxt olmur, ya da həyatları çətinliklər içərisində keçir.

Azərbaycanda may ayında toy keçirmək dəb deyil. "May ayı gəldi, toylardan canımız qurtardı". "May boş aydır". Səbəb nədir - stereotip, tibbi faktorlar, yoxsa dini inanc? Bəlkə, səbəb yasəmənin çiçəkləməsi, yağışların yağması, yoxsa mayın bərəkətsiz ay olmasıdır?

Hesab edirik ki, may ayı müsəlman dünyası üçün ən gözəl, uğurlu aylardan biridir. May ayı ilə bağlı insanlar arasında maarifləndirmə işləri aparılmalıdır. İnsanlarda psixoloji gərginlik yaratmaq lazım deyil ki, mayda toy etmək olmaz və s. Lazımsız, mənasız, əsassız fikirlərdən uzaq olmaq lazımdır. Bu ayda toy etməməyin heç bir elmi əsası yoxdur. Mart, aprel və may aylarında təbiət oyanır. Sadəcə olaraq, bəzi düzgün olmayan inanclar var. Məsələn, "may ayı çiçək tökən aydır", "bu ay yağışlı olur" və s. Bütün bünlar insanların mənəviyyatına, psixikasına çökərək onların may ayından ehtiyat etməsinə gətirib çıxarıb.

Ruslarda belə bir fikir var ki, "v maye budeş mayatsa". Yəni mayda əziyyət çəkəcəksən. Bu da xristianlığın ənənələri ilə bağlıdır: guya ki, mayda evlənənlər ağ günə çıxmırlar. Bu sözün heç bir mənşəyi, kökü yoxdur. Ruslardan keçdiyi üçün bizim adət-ənənəmizlə bir bağlılığı yoxdur. Hesab edirik ki, may ailə qurmaq üçün düşərli aydır. May ayı iyuldan da, avqustdan da ruzulu aydır. Mayda təbiət canlanır, ağaclar çiçək açır, havalar isinməyə başlayır. Deyirlər ki, bu çağ qan qaynayan vaxtdır. Bu zaman ağacların çiçəkləri küləyin, arıların, müxtəlif həşəratların vasitəsilə tozlandırılır, mayalandırılır. Həmçinin canlıların-quşların, heyvanların da cütləşərək nəsil artırdığı, bala verdiyi bir dönəmdən söz gedir. Belə olduğu təqdirdə nə üçün insanlar da bu ayda izdivaca girməsin, ailə qurmasın, toy etməsin?

Əvvəllər bu ayda tarla-bostan və bağlarda çalışanların işi çox olurdu. Toy barədə düşünmək imkanı yox idi. Digər tərəfdən toy süfrə ilə bağlı olan bir mərasimdir. Hər kəs istəyir ki, toy süfrəsi müxtəlif nemətlərlə zəngin olsun. Lakin may elə bir aydır ki, kecən ilin ehtiyatları artıq tükənib, yeni meyvə və tərəvəzlər isə hələ yetişməyib. Əlbəttə, söhbət ildə bir neçə dəfə torpaqdan məhsul götürən isti ölkələrdən getmir. Hazırda bizim xalqımız üçün də, ərzaqla bağlı problem yoxdur. Müxtəlif ölkələrdən ilboyu ölkəmizə hər cür məhsullar gətirilir.

Bu ayla bağlı yaranmış inanclardan birinə görə mayda toyların olmamasının səbəbi yasəmənin çiçək açmasıdır. Yasəmən qədimdən bəri uğursuzluq simvolu sayılır. Bunu isə gülün adı ilə bağlayırlar. Necə deyərlər, yasəmən çiçəyinin mənası "ya sən, ya mən" deməkdir. Yəni həmin vaxtda toy eləsən ya sən qalarsan, ya mən. Ona görə də bu dövrdə toy etmək düzgün deyil, yasəmən uğursuzluq gətirir. Bu fikrə qatılan insanlar may ayında xeyir-bərəkət olmadığını, tez-tez yağışlar yağdığına görə təbiətin ağladığını, uğursuz gül hesab edilən yasəmənin bu ayda çiçək açdığını əsas gətirərək bu ayı ağır ay hesab edir.

Heç bir tarixi və mistik əsasını bilməsək də, ölkəmizdə may ayında toy keçirilməməsi adət halını almışdır. Bundan başqa, may ayında xeyir-bərəkət olmadığı da sadalanan səbəblər sırasındadır. Fikir vermisinizsə, xüsusən kənd yerlərində insanlar toyu payız ayına, məhsulun bol vaxtına salırlar. Bu da toyun ucuz başa gəlməsinə, yeni qurulan ailənin bərəkətli olmasına dəlalət edir. May ayında çoxlu yağışların yağmasını insanlar sanki, təbiətin ağlayan dövrü kimi xarakterizə etmişlər. Təbiət ağlayarkən insanlar şadlıq etmək istəmirlər. Lakin toyların olmamasının bir səbəbi də odur ki, may ayında maygülü adlı bitki çiçək açır və may ayında da solur. Bu fikrə əsaslanan gənclər keçmişdən bəri may ayında evlənməkdən imtina edirlər. Bu fikrə qatılanlar, maygülü çiçəyi kimi sevgilərinin də tez solmasını istəmirlər. Lakin bu çox yalnış mövqedir. Əgər "maygülü" mayda açıb mayda solursa bunun ayla bir bağlılığı yoxdur, bunu insanın bir gün dünyadan köçməsi ilə də əlaqələndirmək olmaz. Görülən hər xeyir işin içində bir şər, hər şərin içində isə xeyirin olması faktdır.

Keçmişdən bu günümüzə qədər gətirilən bu qəribə adətə kortəbii şəkildə hər kəs əməl edir. Ancaq bunun hansı əsaslara söykəndiyini araşdırıb, bu "ağır ay" sindromunu qıran yoxdur. Bu tip inancların səbəbi sadəcə olaraq özünə inamsızlıqdır. "Şər deməsən xeyir gəlməz" kimi atalar sözü yuxarıda qeyd etdiyimiz fikirlərlə vəhdət təşkil edir. Şər desən, şər gələr, xeyir desən xeyir.

Tədqiqatçılarımız ona işarə edir ki, mayda toy etməmək yəhudi və ruslardan, bir sözlə xristianlardan bizim xalqımızın adət-ənənəsinə keçib. İkinci Dünya müharibəsində faşist Almaniyası tərəfindən 6 milyondan çox yəhudi qətlə yetirilib. Kütləvi qırğınlar əsasən 1943-cü ilin may ayında həyata keçirilib. Bu hadisə tarixə "yəhudi soyqırımı"- "Xolokost" kimi düşüb.

Ona görə də may ayında toy olmamasını qondarma bir ənənə hesab edirik. Bu heç də milli adət-ənənədən irəli gələn bir inanc deyil, daha çox rus mentalitetinə xas xüsusiyyətdir. Biz də uzun müddət rusların əsarəti altında yaşadığımıza görə, bu adət dolayısı ilə bizim də xalqımızın məişətinə keçib.

May (lat.Maius) - Qriqori təqvimində ilin 5-ci ay (31 gün) Roma ilahəsi Mayanın adından götürüldüyü güman edilir. "Rus dilində "mayeta", "mayetnıy", "mayatsya" sözləri var. Mayatnıy - əzablı-əziyyətli, yorucu, üzücü deməkdir. Rusların inancına görə, toyu mayda olanlar ömür boyu əziyyət çəkəcəklər. Lakin başqa səbəblər də toyların mayda keçirilməsinə mane olurdu. Həm də təkcə ruslarda, yəhudilərdə, xristianlarda yox, başqa xalqlarda da may ayında toy keçirilmir. Ovıdinin romalıların nikahının may ayına təsadüf etməməsi haqqında fikirləri vardır. O qeyd edir ki, may ayında daha çox yas mərasimləri keçirilərdi. Buna misal olaraq bir şeirin məzmununda göstərilir ki, cavan qızlar və dul qadınlar bu mövsümdə ailə qurmaqdan çəkinirdilər. Çünki may ayında evlənmək" gənc yaşında ölümə yaxınlaşdırır. Ona görə də xalq arasında belə bir məsəl var: "Yalnız pis, zülümkar qadınla may ayında evlənə bilərsən.

İngiltərədə bu günə kimi belə bir inanc vardır ki, may ayında olan kəbin və yaxud qurulan ailə bədbəxtliklə nəticələnir. Azərbaycanda may ayında toy edilməməsi ənənəsi rusların və ermənilərin Azərbaycana gəlişindən sonra başlanıb. Səbəbkar ruslar və ermənilərdir. Çünki ruslar, eləcə də ermənilər arasında da bu ayın uğursuzluğu ilə bağlı mif var. Maya Yunan mifologiyasında dağ nimfasıdır (dağ pərisidir), Atlant Pleymonanın yeddi qızından böyüyüdür. Arkad dağının mağarasında Maya Zevslə izdivaca girmiş, ondan Hermes adlı oğlu doğulmuşdur. Maya adının mənası "Ana" və ya "Süd anası"dır. Bu onun əmizdirmək və tərbiyə etmək funksiyasına işarədir. Belə ki, Maya Zevsin Pəri Kallıstodan olan oğlu Arkadi tərbiyə edib. Maya bacıları ilə birlikdə ulduzlara çevrilərək göydə eyni adlı bürcü yaratmışdır. Romalılar bu Pərini İtaliya ilahəsi Mayya və ya Maesta ilə eyniləşdirirdilər. Bu İlahə məhsuldar torpağın himayədarı hesab edilirdi. Mayın birində ona qurbanlar kəsilərdi. May ayı Roma təqvimində həmin İlahənin şərəfinə adlandırılıb.

Sosioloqların sözlərinə görə, may aralıq ay sayılır. Bu ay iki fəsil arasında keçid ay rolunu oynayır. Həm yayın, həm də yazın xüsusiyyətlərini özündə birləşdirir. Bu iki fəslin gözəlliyini özündə birləşdirən may ayı haqqında bu fikirləri irəli sürmək çox yanlış olardı. Ümumiyyətlə, bu tilsimi qırmaq lazımdır.

İlahiyyatçı Elşad Miri mayda toy keçirilməməsinin dinlə heç bir əlaqəsinin olmadığını bildirdi: "İslam dinində hansısa ayın "ağır" və ya "yüngül" olması kimi bir anlayış mövcud deyil. Hətta islamda Ramazan və Məhərrəmlik ayında belə toy keçirilməsinə icazə var. Sadəcə, indiki toylarda spirtli içkilərdən istifadə edildiyinə görə, adlarını çəkdiyimiz müqəddəs aylarda toy keçirilmir. Bu heç də dini qadağadan irəli gəlmir. Sadəcə, insanlar bununla özlərinə bəraət qazandırmış olurlar. Dinimizdə nə Ramazan, nə Məhərrəmlik, nə də may ayında toy keçirmək olmaz kimi bir qadağa yoxdur".

Zabrat cümə məscidinin axundu Hacı Bəxtiyar da mayda toy keçirilməməsinin dinlə heç bir əlaqəsinin olmadığını bildirdi: "İslamda may ayında toy etmək olmaz kimi bir qadağa yoxdur. İmam Hüseynin şəhadət günü gəlib düşüb may ayına. Məhərrəmlik ayı maya düşəndə camaat toy eləməyib. Bu da bir dəfə baş verib. Amma dini baxımdan may ayında xeyir işin keçirilməməsi ilə bağlı heç bir qadağa yoxdur. Məhərrəm ayı başqa aylara da düşüb. May ayına da. Bir il may ayında Məhərrəmlik olub". İnsanlar da elə başa düşürlər ki, mayda ümumiyyətlə, toy keçirmək olmaz.

Fikrini öyrəndiyimiz astroloq Firudin Qurbansoy may ayının heç bir dini, psixoloji, astroloji əsasının olmaması ilə bağlı maarifləndirmə işləri aparılmasının vacibliyini bildirdi: "May ayının toy etməməyə heç bir dəxli yoxdur. Toyu hansı ayda istəsən, keçirə bilərsən. Hansı ayda olur-olsun, Allahın sənə qismət etdiyi ağıllı və ya ağılsız övladlar dünyaya gələcək. Xristianlıqdan gələn adət-ənənələrə riayət etmək xalqımız üçün düzgün deyil. Xoşbəxtlik, tale Tanrının yazısıdır, heç bir aydan, gündən asılı deyil. Ümumiyyətlə, xoşbəxtliyi ayla və ya havanın isti-soyuqluğu ilə ölçmək düzgün deyil. Xoşbəxtlik hər kəsin öz əlindədir. İşində, gücündə, əməlindədir. May ayında dünyaya gələn insanların hamısı ağıllı, müdrik olurlar. Ümumiyyətlə, mayda toyların keçirilməməsi xəbərlərini yaymaq doğru deyil. Həm fəsil, həm də ay baxımından mayda toy etmək yaxşıdır. Mən elə ailələr tanıyıram ki, toyu may ayında olub, hazırda həmin ailənin üç övladı var, xoşbəxt də yaşayırlar. May ruzi-bərəkət ayıdır. Təbiətin ən gözəl ayıdır. Bu ayda insanlar yavaş-yavaş bağ tədarükü görürlər. Bağda dincəlmək üçün ən münasib aylardan biri də may ayıdır".

Astroloq Səbuhi Rəhimli may ayında toy olmamasını "erməni soyqırımı" ilə əlaqələndirdi: "Ümumiyyətlə, "mayda toy qadağandır" deyilən bir adət yoxdur. Nə dində, nə də astrologiyada belə bir qanunauyğunluq mövcud olmamışdır. Bu ənənə qondarma erməni soyqırımı ilə bağlı yaranıb. Halbuki bu miflə gerçəklik bir-birinin əksidir. Erməni faktoruna gəlincə düşmənlərimiz bu ayda özlərinin qondarma soyqırım hadisələrinə 40 gün yas saxlayırlar ki, bu da aprelin 24-dən başlayaraq bütünlüklə may ayını əhatə edir. Həmin bu yasın əsas hissəsi may ayına düşür. Həmin "ənənə" özümüz də bilmədən bizim xalqın adətində hələ də saxlanılır. Başqa heç bir səbəb yoxdur. Tibbi və ya elmi cəhətdən də may ayında toy olmaması üçün heç bir səbəb göstərilmir. Bu cahillik əlamətidir".

Bu ənənə aradan götürülməli, kütləvi informasiya vasitələri, xüsusilə radio və televiziya kanalları bu mövzuda təbliğat aparmalıdırlar. Azərbaycanda may ayında toy edilməməsi ənənəsi rusların və ermənilərin Azərbaycana gəlişindən sonra başlanıb. Səbəbkar ruslar və ermənilərdir. Çünki ruslar eləcədə ermənilər arasında da bu ayın uğursuzluğu ilə bağlı mif var. Reallıqda isə may toy etmək üçün çox əlverişli bir aydır.

Almara NƏBİYEVA
Filologiya üzrə fəlsəfə doktoru, BDU-nun "Dədə Qorqud" ETL-ın elmi işçisi



Teqlər: Toy  





Xəbər lenti