“Koroğlu ” operasının 85 illiyi qeyd olunub

  “Koroğlu ” operasının  85 illiyi qeyd olunub
  30 Aprel 2022    Oxunub:1535
Bu gün dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının ilk tamaşasının 85 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında operanın növbəti təqdimatı olub.
AzVision.az xəbər verir ki, yubiley tamaşasında Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri, ziyalılar, eləcə də media nümayəndələri iştirak ediblər.

Yubiley tamaşasında Koroğlu partiyasını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Əməkdar artist, istedadlı vokal ustası Ramil Qasımov ifa edib.

Tamaşada Xalq artistləri Əli Əskərov, Əkrəm Poladov, Fidan Hacıyeva, Əməkdar artistlər İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Tural Ağasıyev və başqaları çıxış ediblər.

Opera tamaşasını Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev idarə edib.

Qeyd edək ki, "Koroğlu" Üzeyir Hacıbəyli yaradıcılığının şah əsəri, ən yüksək zirvəsidir. Bu əsər milli opera sənətimizin ən dəyərli nümunələrindən biri olub yarandığı gündən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında möhkəm yer tutur.

AzVision.az



Teqlər: Koroğlu-Operası   Yubiley  





Xəbər lenti