Mədət Quliyev Akademik Musiqili Teatrın direktorunu təltif etdi

   Mədət Quliyev Akademik Musiqili Teatrın direktorunu təltif etdi
  15 Aprel 2022    Oxunub:1621
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev Müdafiə sənayesi naziri Mədət Quliyevin müvafiq əmri ilə “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
AzVision.az xəbər verir ki, bu barədə teatrın mətbuat xidmətindən məlumat verilib.

Ölkənin nüfuzlu hərbi qurumunun belə bir mükafatına layiq görülən teatın direktoru Əliqismət Lalayev cənab Mədət Quliyevə öz minnətdarlığını bildirib:
“Mükafat hər zaman sevinc doğurur. Təbii ki, hər bir mükafat mənimçün əzizdir. İndiyə qədər onlarla mükafata layiq görülmüşəm. Amma bu, hərbçilərin – zəfər çalmış ordumuzun əsgərlərinin mükafatıdır. 44 günlük müharibə dövründə biz hər zaman hərbçilərimizin yanında olmuşuq. Qələbəyə həsr etdiyimiz bir neçə işimiz kütləvi informasiya vasitələrində yayılıb. Həmin dönəmdə teatrımıza hətta “Döyüşən teatr” adını da verdilər... O qanlı savaşlarda bizim teatrımızın əməkdaşı Əliağa Məmmədov da şəhid oldu... Hazırda teatrda kollektivimizin üzvləri sırasında Qarabağ müharibəsinin bir neçə iştirakçısı çalışır. Bütün bunlar göstərir ki, biz hər zaman əziz və igid hərbçilərimizlə bir yerdəyik.

Hər ay tamaşalarımıza hərbçiləri dəvət edirik, hərbi hissələrdə çıxışlar edirik. Elə buna görə də bu mükafat təkcə mənə yox, kollektivimizin bütün üzvlərinin əməyinə verilən dəyərdir. Mükafatın mənim üçün özəlliyi odur ki, bunu imzalayan Milli Qəhrəmanımız Mədət Quliyevdir. Milli Qəhrəmanın əlindən bu mükafatı almaq böyük şərəfdir. Məni mükafata layiq görən insanlara və bizim sevimli, əziz Mədət Quliyevə bir daha təşəkkür edirəm”.





AzVision.az


Teqlər:





Xəbər lenti