Pyes müsabiqəsi davam edir

Pyes müsabiqəsi davam edir
  14 Aprel 2022    Oxunub:988
Xəbər verdiyimiz kimi, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı vətənpərvərlik, Qarabağın işğaldan azad olunması və ümumilikdə şanlı Zəfər tariximiz mövzusunda birpərdəli pyes müsabiqəsi elan edib.
Uşaq və yeniyetmələrə vətənpərvərlik hisslərinin aşılanması, qalib ruhun teatr səhnələrinə daşınması məqsədilə elan olunan müsabiqədə mövzu dairəsi geniş, müəlliflər üçün isə hər hansı məhdudiyyət yoxdur.

Sənətin, səhnənin dili ilə tamaşaçılara haqq savaşımız, tarixi qələbəmiz barəsində emosional təsirə malik, yüksək bədii keyfiyyətli səhnə işləri təqdim etməyə çalışan teatrın yaradıcı heyəti qalib pyes üçün pul mükafatı da təyin edib. Bundan başqa, seçilən əsər əsasında tamaşanın hazırlanıb cari repertuara daxil edilməsi və ölkə miqyaslı qastrollarda nümayişi də nəzərdə tutulub.

Xatırladaq ki, əsərlərin qəbulu mövsümün sonunadək davam edəcək və seçilən nümunə barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Onu da qeyd edək ki, müsabiqə ideyası bu il martın 10-da tanınmış mədəniyyət, ədəbiyyat, incəsənət və elm xadimlərinin iştirakı ilə teatrda baş tutan "Müasir uşaq ədəbiyyatı və onun səhnə yolu" mövzulu geniş müzakirədə irəli sürülüb və yekdilliklə dəstəklənib.
Teatrın mətbuat xidməti.

AzVision.az


Teqlər:





Xəbər lenti