NATO-nun baş katibi Rusiyanı hədələdi
“Mənim ilk çıxışım NATO-Rusiya münasibətlərinə həsr olunmuşdu. Mən həqiqətən də NATO və Rusiya arasında əsl strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək istəyirdim. Niyyətim bu idi ki, bizi birləşdirən sahələrdə ümumi maraq əsasında əməkdaşlığımız dərinləşsin və bununla yanaşı Rusiya öz beynəlxalq öhdəliklərinə - o cümlədən, qonşularının ərazi bütövlüyü və azadlığına əməl etsin. İldən-ilə biz müxtəlif sahələrdə, xüsusilə də, terrorizmlə mübarizədə uğurlara imza atırdıq. Lakin Krımın anneksiyası əməkdaşlığımızın əsaslarını sarsıtdı. Bu gün Rusiya özünü rəqib kimi aparır, düşmən kimi davranır və danışır” - deyə Rasmussen məqaləsində yazır.
Onun sözlərinə görə, on minlərlə Rusiya əsgərinin Ukrayna ilə sərhəddə cəmləşdiyi halda Rusiya təbliğata əl ataraq NATO-nu genişlənməkdə günahlandırır, bildirir ki, NATO guya özünün 1990-cı ildəki vədini pozub, guya 1990-cı ildə Almaniyanın sabiq kansleri Helmut Kol, ölkənin xarici işlər naziri Qenşer və ABŞ-ın o zamankı dövlət katibi Beyker söz vermişdilər ki, NATO şərqə doğru genişlənməyəcək. Amma bu belə deyil. O zaman yalnız Almaniyanın birləşməsi müzakirə olunurdu. NATO-nun genişlənməsi müzakirə mövzusu deyildi. Tarixi boyu NATO öz sıralarına müstəqil, suveren və blokda iştirakı ilə bağlı öz seçimini etmiş dövlətləri qəbul edib. Demokratiyanın ruhu da elə məhz budur” - deyə baş katib vurğulayır.
“Bu gün isə Rusiya Krımı işğal etməklə Ukraynanın ərazi bütövlüyünü pozub, Ukraynanı federativ ölkəyə çevirməyə çalışmaqla isə bu ölkənin suverenliyini pozur. Rusiya Ukraynaya onun necə seçim etməli olacağını diktə edir, ondan neytral dövlət olmağı tələb edir ki, özünün bu üsullarla təhlükəsizliyini təmin etsin. Bu isə müstəqil ölkələrin istədiyi müttəfiqi seçmək hüququna tamamilə ziddir” - deyə Rasmussen əlavə edir.
“Bu gün yalnız Ukrayna və Ukrayna xalqı özləri üçün nəyin ən yaxşı olacağına qərar verə bilər. Əgər Rusiya həqiqətən də dialoq tərəfdarıdırsa, onda ilk addım kimi o öz qoşunlarını Ukrayna ilə sərhəddən geri çəkməlidir. Əks halda heç bir dialoq olmayacaq, yalnız diktə olacaq. Rusiya seçim qarşısındadır: Ukrayna ilə sərhəddən öz qoşunlarını geri çəkməli, beynəlxalq müqavilələrə əməl etməli, etimadı bərpa etməlidir - əks təqdirdə onun təcrid edilməsi güclənəcək və dünya daha təhlükəli və gözlənilməz olacaq. Ona görə də mən Rusiyaya müraciət edərək onu gərginliyin aradan qaldırılmasına çağırıram” - deyə NATO-nun baş katibi qeyd edir.
AzVision.az