Binanın fasadı kitabxana formalı şüşə bloklardan ibarətdir. Fasadın hər üzündə müxtəlif dillərdə “kitabxana” sözü yazılıb – alman, ingilis, Koreya və ərəb dillərində. Binanın yuxarı hissəsində 9, aşağısında isə 2 mərtəbə var.
Kitabxanaya giriş hamı üçün sərbəstdir, amma kitabxanadan evə hansısa material aparmaq istəyənlər qeydiyyatdan keçməlidir. Binanın girişindəki mərkəz hissəyə “Kitabxananın ürəyi” adı verilib və qədim Panteonu xatırladır, 4 mərtəbədən ibarətdir. Bu hissə binanın fasadının davamıdır.
Bura kitabxananın yeganə yeridir ki, ənənəvi kitabxanaya uyğun olmayan məqsəd üçün tikilib. Binanın memarı Yen Yanq Linin fikrincə, bura meditasiya zalıdır. Qonaqlar burada oturaraq fikirlərini toplaya və özlərini qaynar həyata hazırlaya bilir. Buna binanın tavanındakı yeganə işıq gələn pəncərə və onun altındakı balaca fontan da kömək edir.
“Ürəy”in multimedia hissəsi də var ki, qonaqlar burada suallarını cavablandıra bilər. Sensorla işləyən böyük ekranlı kompüterdə hər kəs onu maraqlandıran informasiyaları özü tapa, internetə qoşula, yeni qəzetləri oxuya və televizora baxa bilər.
Vacib əşyaları saxlamaq üçün İsveç banklarındakı kimi işləyən saxlanc yerləri var. Əşyaları daşımaq üçün pulsuz paketlər götürmək olar.
“Ürəy”in düz üstündə 5-ci mərtəbədən 9-cu mərtəbəyə qədər binanın ən maraqlı hissəsi – Qalereya zalı yerləşir. Bədii ədəbiyyatla dolu olan bu zalda istənilən kitabı götürüb yumşaq divanlarda əyləşib oxumaq olar.
Zalın mərkəzindəki nəhəng, boş sahə, qıfabənzər formada zal, binanın şüşə çardağından düşən gün işığının və ağ rəngin bolluğu informasiyanın qəbul olunmasını asanlaşdırır. Memar zalın gözə görünən qıcıqlandırcı elementlərini ziyatərçilərdən gizlətməyə çalışıb və ön plana zalın iki əsas elementini- insan və kitabı çəkib.
Bütün materiallar başlıqlar və mövzulara bölünərək döşəməyə yazılıb.
Kitabxanaya üzv olanlar və 18 avroya olan illik kartı alanlar burada pulsuz notbukdan istifadə edə bilərlər. Amma bundan istifadə edən azdır, çünki kitabxananın az qala hər addımında kompüterlər və pulsuz Mi-Fi sistemi var.
Kitabxananın xarici dil şöbəsində isə yalnız Azərbaycan-alman dili lüğəti var.
Kitabxanaya ailəvi də getmək olar. Belə ki, uşaq ədəbiyyatı şöbəsində hər şey kitab oxumağı daha əyləncəli etmək üçün hazırlanıb.
Musiqi bölməsində bütün janrlarda və ən məşhur mahnıların olduğu CD-lər var. Notları götürüb özünüz də musiqi ifa edə bilərsiniz.
Buradakı rəsm əsərlərini də bir müddətlik götürmək olar. Bu da evin divarlarındakı rəsmləri tez-tez yeniləmək imkanı yaradır.
Binanın sonuncu mərtəbəsində rahat kafe var. Bundan başqa kitabxananın çardağı da ziyarətçilərin istifadəsindədir. Belə ki, onlar bura çıxıb yayda açıq havada kitab oxuya bilərlər. Hələlik isə bura günəş vannası üçün istifadə olunur. Bu məqsədlə çardaqda günəş şüalarını mərkəzə toplayan qurğular var ki, onlar günəşə uyğun hərəkət edir.
Kitabların geri qaytarılması prosesi tam avtomatlaşdırılıb. Avtomat kitabın şəklini çəkir və onu aid olduğu şöbəyə göndərir.
Kitabxananın iş saatı saat 9-da bitir, amma bütün sutka ərzində kitabı geri vermək olar. Hətta istənilən saatda kitab götürmək də mümkündür. Belə ki, “yatmayanlar üçün” adlanan bölmədən gecə saatlarında da istədiyiniz kitabı götürə bilərsiniz. Seçim məhdud olsa da o, mütəmadi olaraq yenilənir.
Almaniyadakı həmvətənimiz “Azərbaycan mətbəxi” və “Azərbaycan memarlığı” kitablarını kitabxanaya hədiyyə edib.
Fatimə Kərimli