Ukraynada xüsusi təyinatlılar hökuməti saymadılar

Ukraynada xüsusi təyinatlılar hökuməti saymadılar
  11 Aprel 2014    Oxunub:1842
Ukrayna hökumətinin cənub-şərq əyalətlərində qiyam qaldıran Rusiyayönlü qüvvələrə dövlət binalarını boşaltmaq üçün verdiyi 48 saatlıq vaxt başa çatıb. Odur ki, hökumət xüsusi təyinatlılara – “alfaçılar”a hücum əmri verib.
Lakin üsyançılar nəinki binaları boşaltmır, əksinə müdafiə sədlərini daha da möhkəmləndirir. Luqanskda Təhlükəsizlik Xidməti binası və ətrafındakı çadır düşərgələrində toplaşan 1500-ə qədər şəxs Ukrayna hərbçilərinin mümkün hücumunu gözləyir. Barrikadaları möhkəmləndirən qiyamçılar öz avtomobillərindən də müdafiə səddi kimi istifadə edirlər. Onlar bəyan edir ki, yalnız bir halda Kiyevin tələblərini yerinə yetirə bilərlər; bütün Ukraynada federativ quruluşla bağlı referendum keçirilməli və silahı yerə qoymağa hazır olan aksiya iştirakçılarının təqib olunmayacaqları ilə bağlı təminat verilməlidir.

Donbasda da əyalət administrasiyasının binası hələ də radikalların nəzarətindədir. Toplantı keçirən qiyamçılar bildirib ki, onlar aprelin 7-də Donetsk Xalq Respublikasını yaradıblar və özünümüdafiə dəstələri qurmaqda israrlıdırlar. Odessada isə Avromaydan tərəfdarlarıyla əleyhdarları arasında toqquşma yaşanıb. Millətçilərlə "xalq drujinası" adı altında fəaliyyət göstərən ruslar arasında baş vermiş işğtişaşda xeyli sayda insan xəsarət alıb. Yaxınlıqdakı avtomobillər sıradan çıxarılıb, avtobusun şüşəsi sındırılıb.

Hüquq-mühafizə orqanlarının nəzarəti bərpa etdiyi Xarkovda isə məhkəmə iğtişaşlarda iştirak edən 40 nəfərin həbsi barədə qərar çıxarıb.

Ukraynanın xüsusi təyinatlılardan ibarət bölməsi “Alfa” isə Kiyev hökumətinin Donetsk və Luqanskda administrasiya binalarında nəzarəti bərpa etmək məqsədilə hücum əmrini yerinə yetirməyi rədd ediblər.

"Biz ancaq qanun çərçivəsində işləyəcəyik. Bölməmiz girovların azad edilməsi və terrorizmlə mübarizə əleyhinə yaradılıb”-deyə Alfa rəhbərliyindən bildirilib.

Bütün bu hadisələrin fonunda Rusiya prezidenti Vladimir Putin Kiyevi bir qədər də çökdürəcək açıqlama ilə çıxış edib. Ukraynanın Rusiyaya mavi yanacağa görə 2 milyard dollar borcu olduğunu xatırladan Kreml rəhbəri Ukrayna vasitəsilə Avropaya nəql olunan qazın tariflərinə yenidən baxacaqlarını da istisna etməyib. Moskvanın açıqlamalarına ilk cavab Amerika Birləşmiş Ştatlarından gəlib. Vaşinqton Rusiyanı qiymətləri süni artırmaqda ittiham edib.

NATO isə daha real addımlar atmaqda israrlıdır. Qurumdan bildirilib ki, Şimali Atlantika Alyansı Qara dənizdə yeni təlimlərə start verir. Bu addımın Rusiyanın Ukrayna ilə sərhəddə 40 min əsgər saxlamasına cavab olduğunu deyən Baş katib Anders Foq Rasmussen gələcəkdə daha ciddi addımlar atılacağını bildirib. Bu arada NATO-nun üzvü olan Birləşmiş Ştatlar, Fransa və Rumıniya gəmiləri İstanbul boğazlarından keçərək Qara dənizə daxil olub.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti