Əlibaba Məmmədov Fəxri xiyabanda dəfn olunacaq

   Əlibaba Məmmədov Fəxri xiyabanda dəfn olunacaq
  26 Fevral 2022    Oxunub:1672
Xalq artisti Əlibaba Məmmədov Fəxri xiyabanda dəfn olunacaq.
Bu barədə AzVision.az -a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Onun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb.

Ə.Məmmədov musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb. 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988-ci illərdə “Azkonsert birliyi”nin solisti olub.

O, 100-dən artıq mahnı və təsniflər yaradıb ki, onlar xanəndələrin repertuarlarına daxil edilib.

Xanəndənin xidməti dövlətimiz tərəfindən yüksək dəyərləndirilib. O, Azərbaycan SSR Əməkdar artisti (18 may 1963), Azərbaycan SSR Xalq artisti (17 may 1989) fəxri adları, "Şöhrət" ordeni (4 fevral 2000), "Qızıl çinar" beynəlxalq mükafatı (10 may 2009"), "İstiqlal" ordeni (3 fevral 2010), "Şərəf" ordeni (4 fevral 2020) mükafatlarına layiq görülüb.

Ə.Məmmədov fevralın 25-də 92 yaşında vəfat edib.

AzVision.az



Teqlər: ƏlibabaMəmmədov  





Xəbər lenti