- ABŞ Ukraynadakı səfirliyini Kiyevdən Lvova köçürüb. Digər diplomatik nümayəndəliklər də amerikalılardan nümunə götürdülər. Bunu necə izah edə bilərsiniz?
- Təəssüf ki, xarici diplomatların bu qərarına bütün hallarda bəraət qazandırmaq mümkün deyil. Qərbli tərəfdaşlarımız bir tərəfdən Rusiyanın işğalından danışır, digər tərəfdən diplomatlarını Rusiyadan deyil, Ukraynadan çıxarırlar. Bu da iqtisadi sabitliyə xələl gətirir, çünki bildiyiniz kimi, “pul sabitliyi sevir”. Bu səbəbdən Ukrayna dayanıqlı iqtisadi vəziyyəti qorumaq üçün zəruri resurslardan (yanacaq da daxil) və lazımi silahlar almaq imkanlarından məhrum olur. Qərb hökumətləri çox güman ki, daha çox şey bilirlər və öz vətəndaşlarının həyatını prioritet hesab edirlər, lakin bunun Ukraynanın daxili durumuna faydası yoxdur.
İsveçrə hərbi sursatının Kiyevə verilməsinə qadağa qoyub |
- Nəzərə alsaq ki, xarici səfirliklər Kiyevdən Lvova köçür, belə bir fikir var ki, ABŞ prezidenti Co Bayden Moskvanın Çinlə yaxınlaşması səbəbindən Ukraynanı Rusiyaya “verməyə” hazırdır. Bunu necə şərh edərdiniz? Rusiya ilə ABŞ arasında belə bir razılaşma mümkündürmü?
- “Böyük sövdələşmə”nin mövcudluğu ilə bağlı zaman-zaman məlumatlar sızır. Lakin satılmış Ukrayna yalnız NATO daxilində mərkəzdənqaçma meyllərini artıracaq. Axı Baltikyanı ölkələr və ya Polşa da özlərini təhlükəsizlikdə hiss etmirlər, odur ki, növbənin onlara da çatacağını düşünə bilərlər.
Bundan başqa, Vaşinqtonun Əfqanıstandan sonra ikinci açıq məğlubiyyəti ABŞ-da baş tutacaq payız seçkilərində hazırkı hakimiyyətin xeyrinə olmayan mənfi nəticələrə səbəb ola bilər. Ukrayna ətrafında vəziyyətin gərginləşməsindən danışarkən bunu da nəzərə almaq lazımdır. Axı məlumdur ki, amerikalıları ilk növbədə daxili siyasət maraqlandırır, xarici siyasət isə, belə demək mümkünsə, yalnız yardımçı xarakter daşıyır.
Digər tərəfdən, Baydenin və bütövlükdə ABŞ-ın əsas rəqibi Çin olduğu üçün onların Ukrayna problemini şərti olaraq kənara atıb, Çin-Tayvan problemi ilə məşğul olmaları daha cəlbedici olardı. Amma siyasətdə sadə həll yolları olmur.
- Ukrayna oliqarxları və iş adamları çarter reysləri və şəxsi təyyarələrdən istifadə edərək ölkəni tərk etmələri nəyin göstəricisi idi?
- Təəssüf ki, Ukrayna 30 il ərzində tamamilə oliqarxların təsiri altına düşüb, onlar ölkəni yalnız super gəlir mənbəyi hesab edirlər. Bütün iri enerji müəssisələri və iqtisadiyyatın əsas sahələri ofşorlardır və əksər oliqarxlar xarici daşınmaz əmlaka sərmayə qoyurlar. Məsələn, Rinat Axmetov daimi olaraq Almaniyada yaşayır, Ukraynaya yalnız biznes məsələlərinə görə uçur. Təəssüf ki, Ukraynanın heç bir prezidenti bu vəziyyəti kökündən dəyişdirə bilmədi, buna görə də "dəvəquşu"nun bu duruşunda təəccüblü heç nə yoxdur. Bu yanlışdır, amma təəssüf ki, reallıqdır.
- Ukrayna cəmiyyəti Rusiya ilə mümkün müharibəyə necə reaksiya verir?
- Azərbaycandan fərqli olaraq, Ukrayna cəmiyyəti son dərəcə rəngarəngdir. Krımın və Donbasın bir hissəsinin itirilməsinə baxmayaraq, 2022-ci ildə belə bizim Rusiyanın şəksiz təcavüzkar olması barədə dəqiq təsəvvürümüz yoxdur. Bizdə müsbət mənada təbliğat mövcud deyil. Azərbaycanda az qala uşaq bağçasından başlayaraq hər kəs bilirdi ki, “Qarabağ bizimdir” və İkinci Qarabağ müharibəsi zamanı cəmiyyətin dəstəyi tam oldu. Təəssüf ki, bizdə bu yoxdur - əhalinin bir hissəsi hələ də sovetin "qardaş xalqlar" paradiqmasının əsarətindədir və Rusiyadan birbaşa təhlükə görmür. Amma Kremlin birbaşa işğalı ilə əlaqədar hər şey dəyişə bilər, evinizin yaxınlığında partlayan mərmi həyata baxışınızı kökündən dəyişir.
İşğalın özünə gəlincə, mən şəxsən birbaşa təhlükə görmürəm. Hətta Ukrayna sərhədləri yaxınlığında toplanmış kontingenti maksimal dəyərləndirsək belə, bu qoşunlar yalnız yerli əməliyyatlar üçün kifayət edir, geniş miqyaslı müharibə aparmaq, sonradan böyük ərazini nəzarətdə saxlanmaq üçün yetərli deyillər. Qərbin köməyini və real döyüş təcrübəsi olan 250 minlik ordunu da unutmaq olmaz. Yəni Ukraynanın işğalı Rusiya üçün əyləncəli gəzinti olmayacaq. Ona görə də çox güman ki, gərginliyin artması adı altında indi hansısa siyasi kompromis axtarışları gedir və mən çox istərdim ki, bu kompromislərdə Avropanı seçən Ukraynaya da yer tapılsın.
Cavad Muradov
Nadir Quliyev
AzVision.az