Ermənipərəstlikdən avropapərəstliyə: Makron mövqeyini dəyişir – TƏHLİL

      Ermənipərəstlikdən avropapərəstliyə:    Makron mövqeyini dəyişir –    TƏHLİL
  08 Fevral 2022    Oxunub:5634
Fevralın 4-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri arasında videoformatda keçirilən görüş daha çox 14 dekabr Brüssel danışıqlarında əldə olunan razılaşmalar üzrə işlərin gedişatının təftişi xarakteri daşıyırdı. Görüş zamanı qaldırılan mövzular və müzakirə edilən məsələlərin məzmunu belə qənaətə gəlməyə əsas verir.
Məsələn, danışıqlar zamanı “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi, hətta ümumiyyətlə “Qarabağ” sözünün istifadə olunmaması, heç bir halda Minsk Qrupuna istinad edilməməsi münaqişənin başa çatdığını Avropa ilə yanaşı, Ermənistanın da qəbul etdiyinin göstəricisidir. Görünən odur ki, keçən ilin dekabrında Brüsseldə keçirilən üçtərəfli görüşün nəticəsi olaraq Cənubi Qafqazda post-müharibə dövrü tənzimlənməsi ilə bağlı konkret yol xəritəsi qəbul olunub və hazırkı görüş də bu yol xəritəsinin icrasını təmin etmək məqsədi daşıyır. Bununla bağlı hansısa rəsmi üçtərəfli, yaxud çoxtərəfli razılaşma olmasa da, Avropa İttifaqının keçənilki və hazırkı bəyanatı, müzakirə olunan mövzular, həyata keçirilən işlər qəbul olunmuş “yol xəritəsi”nin təxmini konturlarını müəyyən etməyə imkan verir.

Əminliklə demək olar ki, Azərbaycan ərazisində yerləşdirilmiş ermənilərə hansısa formada “status”un tanınması ilə bağlı artıq mübahisəli vəziyyət mövcud deyil və bu mərhələ geridə qalıb. Hazırkı müzakirə mövzusu əsasən Ermənistanla Azərbaycan arasındakı sərhədlərin müəyyən edilməsidir ki, artıq delimitasiya və demarkasiya ilə bağlı ilkin razılaşmalar əldə olunub. Bunun ardınca isə tərəflar arasında etimad mühitinin formalaşdırılması ilə sülh müqaviləsinə hazırlıq gələcək.

Təbii ki, qarşılıqlı etimadın yaradılmasında post-müharibə dövrünə aid olan problemlərin həlli xüsusi yer tutur. Məsələn ərazilərin minalardan təmizlənməsi, əsir və itkin düşmüş şəxslərin “hamının-hamıya” prinsipi əsasında mübadiləsi, qarşılıqlı gediş-gəlişin bərpası üçün nəqliyyat xəttlərinin işə salınması həllini gözləyən problemlərdir. Məhz bu problemlərin müzakirəsi kontekstində prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, nəqliyyat dəhlizinin açılması, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi məsələlərini qabartması təsadüfi sayıla bilməz.


Avropa üçün həyati əhəmiyyət kəsb etməyə başlayan Cənubi Qafqazda sabitliyin tez bir zamanda təmin olunması istəyi Azərbaycana illərdir erməni vandalizminin törətdiyi vəhşiliklərin nəticələrini beynəlxalq müstəviyə çıxarmaq və həllini tələb etmək üçün şərait yaradır. Məsələn UNESCO nümayəndələrinin Azərbaycana səfər etməsi və işğaldan azad olunmuş ərazilərdə erməni tərəfinin mədəniyyət abidələrinə vurduğu ziyanı müəyyənləşdirməsi bu istiqamətdə mühüm nailiyyət hesab oluna bilər. Belə olan halda ilk növbədə erməni vandalizmi beynəlxalq səviyyədə tanınır, həmçinin, mədəni abidələrin bərpası üçün xaricdən əlavə maliyyə yardımının əldə olunmasına şərait yaranır.

Burada diqqət çəkən məqam Fransanın tənzimləmə prosesində fəal iştirakıdır. Əvvəlki dövrdən fərqli olaraq, Fransanın tutduğu hazırkı mövqe ermənipərəstlikdən daha çox, Avropa maraqlarının təmin olunmasına hesablanıb. Sanki Avropa İttifaqı Ermənistanın Fransaya olan etimadından öz maraqlarının təminatı üçün istifadə edir. Avropa İttifaqının yeganə marağı isə Cənubi Qafqazda sabitliyin bərqərar olmasıdır. Bu mövqe Avropa İttifaqının prezidenti Şarl Mişel və Fransa prezidenti Emmanuel Makronun dördlü görüşə dair bəyanatlarında da açıq şəkildə əksini tapıb: “Aİ və Fransa firavan, təhlükəsiz və sabit Cənubi Qafqazın qurulması üçün digər tərəfdaşlarla, o cümlədən ATƏT ilə işləməyə hazırdırlar”.

Bu mövqe həm də Azərbaycan prezidenti İlham Əliyevin ATƏT-in Minsk Qrupunun prosesdə mümkün rolu ilə bağlı səsləndirdiyi fikrin təsdiqidir. Minsk Qrupu ancaq regionda sülhün təmin edilməsi və tərəflər arasında sülh razılaşmasının əldə olunması üçün çalışa bilər.

Tofiq Vahid
AzVision.az


Teqlər: Fransa   Avropa   Ermənistan  





Xəbər lenti