Qazaxıstan böhranının geosiyasi kökləri – TƏHLİL (II yazı)

// İki yüz il əvvəlin "Böyük oyun"u yeni qaydalarla təkrarlanır

   Qazaxıstan böhranının geosiyasi kökləri –    TƏHLİL (II yazı)
  09 Yanvar 2022    Oxunub:4034
Yazının birinci hissəsində göstərdiyimiz kimi , Rusiyada bir çox siyasətçilər və rəsmi şəxslər Qazaxıstana ərazi iddiaları irəli sürübər. Nikonovdan sonra daha bir neçə deputatın anoloji bəyanatı olmuşdu. Əsas məqsəd Rusiya ictimai rəyini Qazaxıstanın “qaytarılmasına” hazırlanmaq idi. Ancaq bu bəyanatların içində Kremlin Qazaxıstana iddialarının hüquqi əsasını izah edən açıqlama Dumanın deputatı Yevgeni Fyodorovun diqqətdən yayınan bəyanatı idi. Fyodorov “Qazaxıstana qarşı deputatların ərazi iddialarının” SSRİ-də 1990-cı ildə qəbul olunmuş “İttifaq respublikalarının SSRİ-nin tərkibindən çıxması ilə əlaqədar məsələlərin həlli qaydasına dair” Qanuna əsaslandığını bildirmişdi.
Həqiqətən də, 1990-cı ilin aprel ayında belə bir Qanun qəbul edilib və həmin qanunun 14-cü hissəsinin 7-ci bəndində qeyd olunur ki, “Sovet İttifaqından çıxan respublika SSRİ-yə daxil olarkən ona aid olmayan ərazilərin statusunu SSRİ ilə razılaşdırmalıdır”.
Məsələ burasındadır ki, “Böyük oyun”un bitməsini simvolizə edən 1907-ci ilin İngiltərə-Rusiya konvensiyasına əsasən, indiki Qazaxıstan, həmçinin müasir Orta Asiya respublikalarının ərazisinin böyük hissəsi Rusiya İmperiyasının ərazisi hesab olunurdu. Həmin dövrdə Qazaxıstan respublikası ümumiyyətlə, mövcud deyildi. Rusiya İmperiyası dağıldıqdan və onun yerində SSRİ yarandıqdan çox sonralar, yəni 1936-cı ildə hazırkı Qazaxıstanın yerində Qazaxıstan sovet sosialist respublikası yaradıldı. Bu baxımdan yanaşdıqda, həqiqətən də, SSRİ-ə daxil olarkən Qazaxıstan dövləti mövcud deyildi, SSRİ dağıldıqdan sonra əsas varis olan Rusiyanın adıçəkilən qanuna istinad etməsi hansısa mənada məntiqli görünə bilər.


Bu yerdə haşiyə çıxaraq, bir məqamın vurğulanmasını vacib sayırıq. Qazaxıstan ətrafında baş verənlərin təhlili ölkəmizdə 15 oktyabr 2021-ci il tarixində Müstəqillik günü haqqında Qanunun qəbulunun necə əhəmiyyət daşıdığını bir daha ortaya qoyur. Burada əsas məqsədlərdən biri qanunvericilik səviyyəsində Azərbaycanın SSRİ-yə daxil olarkən artıq müstəqil dövlət olduğunu bir daha vurğulamaqdan ibarətdir.
Qayıdaq mövzuya.

...Nəhayət, keçən ilin mart ayında “Lujniki” stadionunda keçirilən “Krımın birləşdirilməsinin ildönümü”nə həsr olunmuş tədbirdəki çıxışında Rusiya prezidenti Vladimir Putinin deputatlar Nikonov və Fyodorovun fikirlərini fərqli formada təkrarlaması Orta Asiya uğrunda “Böyük oyun”un yenidən başladığını sübut edirdi. “Keçən əsrin 20-ci illərində Sovet İttifaqını formalaşdıran bolşeviklər hansısa anlaşılmaz səbəblərdən böyük əraziləri, geosiyasi əraziləri kvazidövlətlərə vermişdilər” – deyən Putin əlavə etmişdi ki, “sonradan bolşeviklər öz partiyalarını və Sovet İttifaqını dağıtdılar və Rusiya tarixi torpaqlarından məhrum oldu”.

Bütün bunlar Qazaxıstanın ələ keçirilməsi üzrə planın məhz Kremldə hazırlandığını deməyə əsas verir. Bu məqsədlə ilkin olaraq beynəlxalq ictimaiyyətin diqqətinin başqa istiqamətə yönəldilməsi üçün tədbirlər görüldü. Ukrayna ilə sərhəddə qoşun toplayıb genişmiqyaslı hərbi təlimlərə start verən Rusiyadan bütün dünya həmin istiqamətdə müdaxilə gözləyir, bu addımı atacağı təqdirdə daha ağır sanksiyalarla hədələyirdilər. Əslində isə, bu sadəcə Qərbin Orta Asiyadan diqqətinin yayındırılması üçün uğurlu aldadıcı manevr idi.

“Qazaxıstan” planının icra edilməsi üçün ikinci vacib məqam Nazarbayevin neytrallaşdırılması idi. Çünki, ölkənin güc strukturları hələ də birinci prezidentin nəzarətində idi və Nazarbayevin hadisələrə müdaxilə etməsi planın pozulması ilə nəticələnə bilərdi. Odur ki, Nazarbayev hadisələrdən öncə neytrallaşdırılmışdı.


Burada konspiroloji ehtimalların irəli sürülməsi mümkündür. İlk növbədə, dekabrın 28-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB liderlərinin qeyri-formal sammiti yada düşür. Bu sammitə Qazaxıstan prezidenti Tokayevlə yanaşı, Nazarbayev də dəvət olunmuşdu. Onlar ayrı-ayrı təyyarələrdə Sankt-Peterburqa təşrif buyurmuşdular. İlk dəfə idi ki, elbaşı ilə prezident Tokayev birlikdə eyni tədbirdə iştirak edirdilər. Putin onların hər ikisinin tədbirdə iştirakına xüsusi israr etmiş, hətta canlı yayımda Sankt-Peterburqa dəvət etmişdi. Konspiroloji ehtimal ondan ibarətdir ki, Nazarbayev Yeni il bayramını Rusiyada keçirməyə hansısa formada razı salınıb və elbaşının Sankt-Peterburqda qalması heç kimdə şübhə oyatmayıb. Yanvarın 1-də isə məlum hadisələr başlayıb. Hadisələrin bayramdan sonra sürətli inkişafı da bununla bağlı ola bilər.

Nazarbayevin məhz Rusiya tərəfindən neytrallaşdırıldığını deməyə əsas verən digər mühüm məqam isə onun ailə üzvlərini daşıyan təyyarənin Rusiyaya deyil, nədənsə əvvəlcə Qırğızıstana, daha sonra Birləşmiş Ərəb Əmirliklərinə uçması idi. Nazarbayevin hələ də ortaya çıxmaması onun təyyarədə olmadığının, sadəcə ailə üzvlərinin getdiyinin göstəricisidir.

Tokayevə gəldikdə isə güman etmək olar ki, prezident əvvəlcədən Rusiya ilə əlbir fəaliyyət göstərib və plan üzrə hərəkət edib. Prinsip etibarilə onun başqa çıxış yolu da olmayıb. Tokayevin qarşısında cəmi iki seçim olub: ya Nazarbeyevi Rusiyanın köməyilə devirib hakimiyyəti tam ələ almaq, ya da, Qazaxıstanın parçalanaraq, bir hissəsinin Rusiyaya, digər hissəsinin isə, Qərbin nəzarətində olan mühacir-demokrat liderlərin birinin idarəsinə verilməsini izləmək. İkinci halda onun taleyinin Qəddafinin taleyini təkrarlamayacağına heç kim zəmanət vermirdi.

Bu arada onu da vurğulamaq lazımdır ki, rusiyalı siyasi texnoloqlar Qərbin ixrac etdiyi inqilab texnologiyalarını hərtərəfli mənimsəyiblər və ilk dəfədir ki, mükəmməl şəkildə tətbiq etdilər. Rusiyanın imzası ilə baş tutan ilk məxməri inqilab insanlarda bu siyasi texnologiyaya olan inamı kökündən sarsıtdı. Faktik olaraq Kreml bu yolla Rusiya daxilində inqilabın baş vermə ehtimalını sıfıra endirdi.

Güman etmək olar ki, Qazaxıstan yaxın vaxtlarda Belarus və Rusiya ilə birlikdə İttifaq dövləti qurmaq barədə saziş imzalayacaq. Ancaq “Böyük Oyun”un başa çatdığını demək hələ ki, tezdir. “Oyunun 1-ci hissəsi Rusiyanın qələbəsi ilə yekunlaşıb” desək, daha doğru olar. Qarşı tərəfin yaxın vaxtlarda cavab həmləsini gözləmək olar.

Tofiq Vahid
AzVision.az



Teqlər: Qazaxıstan  





Xəbər lenti