Dzen-Paşizm, yaxud Nikolun qəfil “aydınlanmasının” səbəbi - TƏHLİL
Xatırladaq ki, bu ilin sentyabr ayında İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində Minsk qrupunun fəaliyyəti üçün yeni məsələlərin ortaya çıxmalı olduğunu bildirmişdi: “Dağlıq Qarabağ münaqişəsi bitdi. Yeni məsələ nə ola bilər? Mənim fikrimcə, etimad tədbirləri, ondan sonra, yolların, dəhlizlərin açılması, sülh prosesinə dəstək vermək, Ermənistan-Azərbaycan əlaqələrini tənzimləmək, bizim təklif etdiyimiz sülh müqaviləsinin imzalanmasına çalışmaq. Yəni, məncə, onların fəaliyyət dairəsi bu gündən sonra bundan ibarət olmalıdır”.
Başqa sözlə desək, Azərbaycan Ermənistanla sülh danışıqlarının aparılmasına razılıq verir, bir şərtlə ki, qondarma “status” məsələsi müzakirə obyekti olmayacaq.
Əslində Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə maneə yaradan əsas faktor da bundan ibarət idi. Ermənistan nə yolla olursa-olsun, Azərbaycan ərazisində qalan ermənilərə hansısa “status” qoparmağa çalışırdı ki, gələcəkdə siyasi məqsədləri üçün istifadə edə bilsin. Paşinyanın son bəyanatı isə ilk növbədə onu göstərir ki, İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımaq və hansısa status tələb etməmək şərtilə sülh danışıqlarına getmək niyyətindədir.
2016-cı ildə həmsədrlər tərəfindən irəli sürülən münaqişənin həlli paketində Dağlıq Qarabağda yaşayışın təşkilinin hüquqi və praktiki mexanizmlərinin BMT Təhlükəsizlik Şurasının qərarı ilə qəbul olunacağı barədə müddəanın yer almasını “fəlakət” kimi qiymətləndirən Paşinyan fikrini onunla əsaslandırıb ki, BMT TŞ hələ 1993-cü ildə Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etmişdi. Yəni, ermənilərin “müstəqillik” xülyalarına dalması yersiz olub.
2016-cı ildən əvvəlki, yəni 2011-ci ildə Kazan danışıqları nəticəsində hazırlanan təkliflərdə isə Dağlıq Qarabağa aralıq statusun verilməsi nəzərdə tutulsa da, burada Azərbaycan icmasının yaşayış hüquqları təmin olunurdu. Təkliflərə əsasən bölgənin statusunun qeyri-müəyyən vaxtdan sonra keçiriləcək referendum vasitəsilə müəyyən ediləcəyi nəzərdə tutulurdu. Paşinyanın dediyi budur ki, referendumun zamanı bilinmədiyi üçün, 100 il sonra da keçirilə bilər; bu müddətdə demoqrafik vəziyyət, əhalinin sayı heç də ermənilərin xeyrinə dəyişməyəcək. Odur ki, Paşinyan Dağlıq Qarabağın heç bir halda Azərbaycandan qoparılmasının mümkün olmadığını açıq şəkildə etiraf edir: “Mən 2018-ci ildə baş nazir təyin olunana qədər formalaşmış reallıqlar və danışıqların məğzi onu deməyə əsas verir ki, “Artsax” Azərbaycanın tərkibində qalmamaq üçün bütün praktiki və nəzəri imkanlardan məhrum olmuşdu”.
Bu sonucu cümlə Paşinyanın əsas niyyətini açıq şəkildə ortaya qoyur. Baş nazirin xalqına əsas ismarışı ondan ibarətdir ki, o Azərbaycanın ərazi bütövlüyünü tanımaq şərtilə sülhə getməyə məcburdur, ancaq bunun günahı Paşinyanda deyil, əvvəlki hakimiyyətdədir.
Güman etmək olar ki, Paşinyanın sülhə getməyə vadar edən əsas amil Avropa İttifaqının öz maraqları üçün İrəvanın qarşısında qoyduğu tələb və Fransanın Avropanın ümumi maraqlarına qarşı çıxa bilməməsidir. Brüsseldə Fransa prezidentinin Əliyev və Paşinyanla ayrıca görüşməsində məqsəd də bu reallığın Makron tərəfindən etirafı idi. Belə olan halda, Fransada prezidentliyə namizədlərin ard-arda Ermənistana səfər etmələri, hətta birinin Xankəndinə gedib separatçılarla həmrəylik nümayiş etdirmələrinin səbəbi də aydın olur: Son anda ermənilərin arxasından çəkilən Makronun erməni elektoratını qazanmaq.
Paşinyanı Dağlıq Qarabağ iddialarından geri çəkilməyə vadar edən digər mühüm səbəblərdən biri də maliyyə ilə bağlıdır. Belə ki, müharibədən sonra ərazilər əsas etibarilə Azərbaycanın nəzarətində olduğu üçün qondarma separatçı rejim narkotik trafiki və başqa qeyri-leqal qazanc mənbələrindən məhrum olub. Ermənistan isə iqtisadiyyatını bərpa etmək üçün Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində ayırdığı vəsaitə ehtiyac duyur. Ancaq ayrılacaq vəsait Brüsselə İrəvanın büdcə xərclərinə nəzarət imkanı yaradır ki, belə olan təqdirdə Ermənistan beynəlxalq hüquq normalarına zidd şəkildə qonşu ölkənin ərazisində separatçılara maliyyə yardımı göstərmək imkanını itirir.
Məhz bu səbəbdən qondarma “Artsax”ın qondarma prezidenti Araik Arutunyan dərhal Paşinyana etiraz edib və Dağlıq Qarabağ ermənilərinin taleyini özlərinin həll edəcəyini bildirməklə yanaşı, rus sülhməramlılarının müddətsiz olaraq hazırkı ərazilərində qalmalarını istəyib.
Amma unutmaq olmaz ki, Arutunyan Paşinyanın kadrıdır, onların birgə oyun qurmaları da mümkündür. Məsələn, Arutunyan üzdə Paşinyanla münasibətlərinin pozulduğunu göstərərək, bundan Moskva ilə yaxınlaşmaq üçün istifadə edə və Rusiyanın maliyyə dəstəyini almağa çalışa bilər. Lakin bu cəhdlərin uzunmüddətli perspektivdə hansısa nəticə verəcəyi inandırıcı deyil. Çünki Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması və İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıması Rusiyanın Azərbaycanda sülhməramlı qüvvələr saxlamasının leqal əsasını ortadan qaldırır.
Tofiq Vahid
AzVision.az
Teqlər: Paşinyan Ermənistan