Qarlı “Şahdağ”da rəngli dünya: “Art Zone Week” Simpoziumu başlayıb

   Qarlı “Şahdağ”da rəngli dünya:    “Art Zone Week” Simpoziumu başlayıb
  22 Dekabr 2021    Oxunub:3062
Artıq 4-cü dəfə keçirilən və gözəl bir ənənəyə çevrilən “Art Zone Week” Rəngkarlıq Simpoziumu bunun bariz nümunəsidir. Ölkəmizin tanınmış rəssamları növbəti dəfə bir məkana toplaşıblar. Şahdağın qoynunda yerləşən “Şahdağ” Hotel & SPA Azərbaycanın adlı-sanlı rəssamlarına yenidən qucaq açıb.

Dekabrın 20-dən 27-nə qədər fırça ustalarımız hazırda ağappağ qara bürünmüş “Şahdağ”da öz rəng dünyalarını kətana köçürəcəklər. Burada yaranan əsərlər yazın əvvəlinə elə “Şahdağ” Hotel & SPA-da sərgilənəcək, qonaqların zövqünü oxşayacaq.


Turizm sənayesi ölkəmizin qədim tarixinin, unikal coğrafiyasının, zəngin mətbəxinin nümayişi ilə bərabər, eyni zamanda mədəniyyətinin, incəsənətinin təbliği üçün gözəl imkanlar yaradır. İnsan həm də mənəvi qidaya möhtacdır. “Art Zone Week” Simpoziumu rəngkarlıq sənəti vasitəsi ilə fırça ustalarımızla birbaşa təmas yaradaraq mədəniyyətimizi daha da zənginləşdirir.


Budəfəki Simpoziumun qonağı olan orta və gənc nəsil Azərbaycan rəssamlarının özlərinin də maraqlı qonaqları gözlənilir. Bunlar ilk növbədə Qusarın orta məktəblərində təhsil alan şagirdlər və rəssamlığa həvəs göstərən gənclərdir. Ənənə üzrə sənətkarlar onlara “Ustad dərsləri” keçəcəklər.


Simpozium müddətində yerli və xarici qonaqlar “Şahdağ” Hotel & SPA foyesində sərgilənən möhtəşəm rəsm əsərləri ilə yaxından tanış olacaq, müəlliflərlə ünsiyyət qura biləcəklər. Dəvətlilər arasında ölkənin mədəniyyət sahəsinə və turizm sənayesinin inkişafına məsul olan dövlət və hökümət nümayəndələri də var. Onların qonaq qismində, qeyri-formal şəraitdə istər rəssamlar, istərsə də yerli və əcnəbi vətəndaşlarla fikir mübadiləsi aparması özlüyündə maraqlı bir format olacaq.


4-cü “Art Zone Week” Simpoziumunda Azərbaycanın Əməkdar rəssamları Vüqar Muradov, Eldar Qurbanov, Yelena Haqverdiyeva, İrina Eldarova, Məmmədhüseyn Hüseynov, tanınmış rəssamlar İlqar Tahiri, Anar Hüseynzadə, Rafail Əliyev, Diana Əliyeva, Ramina Saadatxan, Elşən Qaraca, Elçin Vəliyev, Bəhruz Kəngərli, Bayram Salamov, Röya Həsənova və Adil Yusif iştitrak edəcəklər.


Bu möhtəşəm Mədəniyyət və İncəsənət həftəsi Azərbaycan Turizm Agentliyinin dəstəyi ilə Şahdağın ətəyində yerləşən və ölkənin bir nömrəli Xizək Mərkəzi saylan “Şahdağ” Hotel & SPA-da baş tutacaq. “Şahdağ” Yay-qış Turizm Mərkəzi “Art Zone Week” rəngkarlıq Simpoziumuna artıq ikinci dəfədir ev sahibliyi edir. İnanırıq ki, bu xoş və gözəl ənənə uzun müddət davam edəcək və hamımız bir-birimizin görüşünə sevərək, sevinərək gələcəyik.








Teqlər: Art-Zone  





Xəbər lenti