Xorvatiyanın məşhur vokal qrupu Bakıda konsert verib

Xorvatiyanın məşhur vokal qrupu Bakıda konsert verib
  17 Dekabr 2021    Oxunub:1368
Bu gün Xorvatiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Milli Konservatoriyasında səfirlik xətti ilə Azərbaycana dəvət olunmuş məşhur “Klapa Bosket” musiqi qrupu konsert verib.
AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebic deyib ki, qrupun Azərbaycana gəlişi əslində çoxdan planlaşdırılsa da, pandemiya səbəbindən səfər bir müddət təxirə salınıb.

Səfir “Klapa Bosket” qrupu haqqında tədbir iştirakçılarına məlumat verib: “Klapa Bosket” sözü Azərbaycan dilinə tərcümədə “dost qrupu” deməkdir. Bu, Xorvatiyanın cənubunda yaradılmış məşhur vokal qrupudur. Ümumiyyətlə, “Klapa Bosket” Xorvatiyada əsrlər boyu mövcud olub. Bu qrupda ifa edilən musiqilər 2012-ci ildə UNESCO-nun mədəni irsinə daxil edilib”.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi də çıxış edərək bildirib ki, “Klapa Bosket” Avropada tanınmış musiqi qruplarından biridir: “Ümumiyyətlə, konservatoriyada bu cür konsertlər təşkil edirik ki, gənc musiqiçilərimiz dünya musiqisi ilə yaxından tanış olsunlar. Çalışacağıq ki, gələcəkdə tez-tez bu cür konsertlər ərsəyə gətirək”.

Daha sonra “Klapa Bosket” qrupunun üzvləri Bojan Karavanic, Toni Zekulic, Davor Cakovic, Marko Vukic, Vicko Cagalj, Boris Cakovic, Tomislav Kovacic maraqlı konsert proqramı ilə çıxış ediblər.





Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti