LAHAT: Vətən Müharibəmizin tanımadığınız “səma ovçusu” – ARAŞDIRMA
Təyinatı
LAHAT raketi zirehli texnika, gəmilər, mühəndis və istehkam qurğuları, helikopterlər və s. kimi müxtəlif növ hədəfləri məhv etməyə qadirdir. Bu raketin əsas vəzifəsi adi tankların atəş əhatəsindən kənarda döyüş tanklarını və helikopterləri məhv etməkdən ibarətdir.
Əvvəlcə LAHAT raketi “Merkava” tanklarının 105 mm-lik M68 və ya 120 mm-lik MG251 (MG253) toplarından atılmaq üçün hazırlanmışdı. Raketlər 105 mm-lik versiyada adi mis gilizlə, 120 mm-lik versiyada isə qısaldılmış giliz və adapterlə təchiz edilir. Tanklarda LAHAT raketləri tankın standart sursatları kimi yerləşdirilir. Atəş üçün raketlər adi mərmilər kimi topa əl ilə yüklənir.
Modifikasiyaları
Digər tank sursatlarından fərqli olaraq, LAHAT raketinin buraxılması üçün topun mövcudluğu şərt deyil. IAI zirehli maşınlarda və ya hava platformalarında istifadə üçün raketinin konteynerləşdirilmiş versiyasını hazırlayıb. Yüngül zirehli maşın və ya helikopter hər biri dörd raketdən ibarət iki atıcı qurğu daşıya bilər. Bundan əlavə, raket müxtəlif növ daşıyıcılarda yerləşdirilən təpməsiz toplardan və boru tipli atıcılardan da buraxıla bilir. Onların buraxılması üçün patrul katerləri, PUA-lar, helikopterlər, zirehli maşınlar, yüngül zirehli vasitələr, özüyeriyən zenit qurğuları istifadə edilə bilər.
Konstruksiyası
Raket normal aerodinamik dizayna uyğun hazırlanıb. Hədəfdən əks olunan lazer şüalarını qəbul edən başlıqdan ibarətdir. Onun ardında ön döyüş başlığı və akkumulyatoru olan elektronika bloku yerləşir. Daha sonra isə qoruyucu mexanizm, raket mühərriki və sükan bölməsi olan əsas döyüş başlığı gəlir.
Tank versiyası
Raket 105 və 120 millimetrlik tank mərmiləri üçün nüfuzetmənin mümkün olmadığı qabaqcıl tank zirehlərinə qarşı effektivdir. Onu həm helikopterdən, həm gəmilərdən, həm də texnikaların üzərində quraşdırılan atıcı qurğulardan buraxmaq mümkündür. Raketin lazerlə tuşlama sistemi hədəfə uçuş zamanı düzəlişlər etməyə də imkan verir.
LAHAT quraşdırıldığı vasitənin effektiv atəş məsafəsini əhəmiyyətli dərəcədə artırır. İlk raketlə hədəfin məhv edilməsi ehtimalı maksimuma yaxındır. Hazırda Rusiya və Qərb ölkələri tərəfindən hazırlanan 105 və 120 millimetrlik tank toplarının maksimum effektiv atəş məsafəsinin 2000-5000 metr olduğunu nəzərə alsaq, bu raketlərlə təchiz edilən tankların döyüş imkanlarının kifayət qədər artdığını iddia edə bilərik.
Tank əleyhinə raketin təxminən 20000 dollara satıldığı ehtimal olunur, bu isə onun potensial hədəfləri ilə müqayisədə 100-300 dəfə uçuzdur. Raketin zenit komplekslərinə qarşı tətbiqi isə bu fərqi bir neçə dəfə artıra bilər.
105 millimetrlik və ya 120 millimetrlik toplardan istifadə zamanı tanklarda uyğun ölçülü adapterdən istifadə edilir. Raketin uzunluğu bir metrdən azdır, bu isə onun adi tank topunun mərmisi ilə eyni, kütləsinin isə daha az olduğunu göstərir. Raketin tankların zirehinin ən həssas yeri olan üst tərəfdən zərbə endirməsi hədəfin məhv edilmə ehtimalını maksimuma yaxınlaşdırır.
Çatdırılması
2013-cü ilin oktyabrında İsrail korporasiyası adı açıqlanmayan müştəridən sifariş aldığını elan etmişdi. 2014-cü ilin əvvəlində IAI xüsusi təkmilləşdirilmiş “Mi-8” seriyalı helikopterdən LAHAT-ın aviasiya versiyasının uğurlu atış sınaqlarının keçirildiyini bildirdi. Sınaqlarda 92 ilə 1830 arasında yüksəklikdən 10 km-ə qədər məsafədə yerləşən 8 hədəfə uğurlu buraxılış həyata keçirilmişdi.
“Mi-8” ilə “Mi-17”-nin eyni tipdə olması, sınaqlarda Azərbaycandan olan heyətin iştirak etməsinə dair iddialar LAHAT-ın helikopter versiyası üçün sifarişin Bakıdan verildiyi ehtimalını gücləndirirdi. Raketlərin Bakıya çatdırılmasına dair müqavilənin 2014 və ya 2015-ci ildə imzalandığı, çatdırılmanın isə 2016-cı ilin əvvəlində yekunlaşdırıldığı ehtimal olunur.
Azərbaycanda ilk təqdimatı
İstehsalçı şirkət 2013-cü ildə LAHAT raketlərinin vertolyot variantının təchizatına dair iri sifariş aldığını, lakin sifarişçinin kimliyini açıqlamamışdı. 2016-cı ilin aprelində mətbuat bu raketlərin Azərbaycana çatdırılmasını təsdiqlədi. 2017-ci ilin avqustunda isə Azərbaycan Dövlət Sərhəd Xidmətinin Xəzərdə keçirdiyi hərbi təlimlərində iştirak edən “Mi-17” çoxtəyinatlı hərbi-nəqliyyat helikopterlərinin şərti dəniz hədəflərinə qarşı LAHAT tank əleyhinə idarə olunan raket komplekslərindən (TƏİRK) atəş açmasından sonra ictiamiyyət bu silahların DSX-da mövcudluğu barədə məlumat əldə etdi.
İsrail istehsalı olan tank əleyhinə yarımaktiv lazer tuşlama başlığına malik raketlərin alınması barədə məlumatlar daha əvvəlcədən mövcud olsa da, rəsmən təsdiqlənməmişdi. Bu təlimlərdən sonra məlum oldu ki, Azərbaycan ən azı raketlərin helikopter versiyasını əldə edib.
İlk dəfə mən yaxından bu raketlərlə 2019-cu ilin avqustun 14-də Dənizkənarı Milli Parkda Dövlət Bayraq Meydanının yaxınlığında “Azərbaycan Sərhəd Mühafizəsi: dünən, bu gün və sabah” mövzusunda keçirilən bayram tədbiri zamanı tanış olmuşam. Həmin tədbirdə DSX-nın təqdim etdiyi 3 ədəd “Mi-17” helikopterləri hər birində 4 raket olan iki atıcı qurğu, hədəfi aşkarlamaq və raketləri hədəfə tuşlamaq üçün nəzərdə tutuan MOSP-3000D elektron-optik sistem ilə təchiz olunmuşdu.
İmkanları
LAHAT raketləri ilə silahlanan “Mi-17” helikopterləri Vətən Müharibəsi zamanı döyüş meydanında tanklara qarşı kifayət qədər effektiv vasitə kimi yadda qaldı. Bu raketlərin havadan tanklara 13 kilometrə qədər məsafədən dəqiq zərbələr endirməsi kifayət qədər ciddi göstəricidir.
Yarıaktiv lazer tuşlama sistemi hədəf görüntü zonasında olduqda raketi birbaşa ona qarşı istiqamətləndirməyə imkan verir. Atəş platformasınının görüntü zonasından kənarda olan hədəflər isə onun digər vasitənin, məsələn tank və ya PUA operatorunun lazerlə işıqlandırılması ilə məhv edilir. Bu, bir çox ölkələrin, o cümlədən Rusiyanın analoji silahları üçün əlçatmaz xüsusiyyətdir. Ermənistan isə ümumiyyətlə Vətən Müharibəsində bənzər imkanlara malik silahlardan istifadə etməyib, çünki onlara malik olmayıb.
Orta uçuş sürəti 285-300 m/s olan raket 4 km məsafəni 14 saniyəyə qət edir. Hədəfin işıqlandırılması uçuş trayektoriyasının son hissəsində cəmi 2-3 saniyə ərzində həyata keçirilir. Bu müddət isə hədəfin zərbədən yayınması və digər əks tədbir üçün yetərli deyil.
Raketin effektiv məhvetmə məsafəsi tankdan atəş açdıqda 6-8 km, hava platfomasından isə 8-13 km-dir. Raketin hədəfdən ehtimal olunan yayınması 0.7 m-dən çox deyil.
Helikopterlərə atəş açarkən raket düz, zirehli hədəflərə atəş açarkən isə asma trayektoriya ilə uçur. Zirehli obyektə hücum edən LAHAT hədəfin ən həssas yeri olan üst tərəfindən 30° bucaq altında nüfuz edir. Bundan əlavə, yuxarıdan hücum edən LAHAT relyefdən istifadə edərək gizlənən hədəfləri tapır. Bu isə qoşunları düşmən texnikalarının zərbələrindən sığortalamağa və itkilərdən yayınmağa imkan verir. Raket başlığının maksimum müşahidə sektoru 85°, baxış sahəsi isə 25°-dir. Böyük müşahidə sektoru raket buraxılış zonasının sərhədlərini genişləndirməyi və asma trayektoriya boyunca atəşi təmin edir.
Ön döyüş başlığının tandem kumulyativ yüklə doldurulması sayəsində zirehli vasitələrin dinamik mühafizəsini dəf etmək mümkündür. Ümumiyyətlə, döyüş başlığı 800 mm homogen polad zirehə nüfuz edə bilir. LAHAT-ın tankların aktiv mühafizə sistemlərinə qarşı mübarizə apardığı da iddia olunur.
Sınaqları
2005-ci ildə IAI şirkəti 120 mm-lik topla təchiz edilən “Leopard 2A4” tankında LAHAT raketini sınaqdan keçirdi. Bunun üçün “Leopard 2A4” tankının “Rheinmetall Defence Electronics” tərəfindən hazırlanan atəşi idarəetmə sistemi IAI tərəfindən raketi maksimum 6 km məsafəyə atmaq üçün modifikasiya edildi. İki raket 4 km uzaqlıqdakı hədəfləri uğurla məhv etdi. Hədəflərdən biri sabit, digəri isə hərəkətdə idi. Hədəflər tankların maketlərindən ibarət idi. Sınaqlar Meppendəki Bundesverin Silah və Sursat Texniki Mərkəzinin poliqonunda baş tutmuşdu. 11 ölkədən 50-dən çox ekspertin iştirak etdiyi bu sınaqda LAHAT ilk dəfə Avropada nümayiş etdirildi.
Raketin helikopter versiyası ilk dəfə 2010-cu ildə, İsrail Hərbi Hava Qüvvələrinin iki LAHAT raketi daşıyan “Bell AH-1 Cobra” helikopterindən buraxılmaqla uğurla sınaqdan keçirilib.
2014-cü ildə IAI şirkəti LAHAT raketlərinin xüsusi olaraq modernləşdirilmiş “Mi-8” vertolyotunda uğurla sınaqdan keçirildiyin elan etmişdi. Həmin sınaqlar zamanı 10 kilometrə qədər məsafədən hədəflərə 8 raket buraxılıb. Bu zaman vertolyot yerdən 92 metrdən 1830 metrə qədər fərqli yüksəkliklərdə uçub. Hədəflərin hamısı vurulub. Bu sınaqların raketin Azərbaycana tədarükü məqsədilə keçirildiyi ehtimal edilir.
Üstün cəhətləri
• “Səma Ovçusu” son dərəcə yüngül və kiçik ölçülərə malikdir;
• Gündüz və gecə əməliyyatları üçün yararlıdır;
• Yüksək dəqiqliyi təmin edir;
• Həm sabit, həm də hərəkət edən hədəflərə qarşı effektivdir;
• Raket əhalinin sıx yaşadığı ərazilərdə belə düşmən vasitələrini minimal mülki itkilərlə effektiv şəkildə məhv edə bilir;
• Hava hücumundan müdafiə sistemlərinin əhatə zonasında kənarda yerləşən helikopter düşmən vasitələri üçün əlçatmaz olan məsafədən həm stasionar, həm də hərəkətdə olan hədəfləri məhv edə bilir;
• Yığcam ölçüləri kompleksi yüngül helikopterlərə, PUA-lara, zirehsiz, yüngül zirehli və MRAP tipli zirehli döyüş maşınlarına asanlıqla inteqrasiya etməyə imkan verir;
• Komplek LOS (Line of Sight- birbaşa görüntü zonasında) və NLOS (görüntü zonasından kənarda) atəş açmaq qabiliyyətinə malikdir;
• İstifadəsi sadədir, asanlıqla inteqrasiya olunur;
• Eyni raket müxtəlif platformalardan buraxıla bilir;
• Nəqliyyat vasitələrinə, helikopterlərə, PUA-lara, gəmilərə, sərhəd, sahil və ya obyekt mühafizə vasitələrinə quraşdırıla bilir;
• 105 mm və 120 mm-lik tank toplarından buraxıla bilir;
• Homogen zirehə belə effektiv nüfuzetmə imkanına malikdir;
• Düşmənin canlı qüvvəsinə qarşı istəfədi üçün qəlpəli fuqas döyüş başlığı ilə təmin edilə bilir;
• Xərc baxımından səmərəlidir.
İstifadəçiləri
LAHAT kompleksinin tanka inteqrasiyası çətin proses deyil, bunun üçün zirehli vasitənin atəşi idarəetmə sistemində bəzi dəyişikliklər tələb edilir.
1999-cu ildə qiyməti təxminən 20 min ABŞ dolları olan LAHAT-ın tank üçün nəzərdə tutulan versiyaları İsrail, Almaniya, İsrail, Hindistan və Xorvatiya ordularının silahlanmasına daxildir.
İsrailin “Merkava”, Hindistanın “Arcun” və EX, Xorvatiyanın M-84D və М-95, Almaniyanın “Leopard 2” tankları və Azərbaycanın “Mi-17” helikopterləri LAHAT raketlərinin “Səma Ovçusu” adlanan helikopter versiyası ilə silahlanıb.
Taktiki-texniki xüsusiyyətləri
Atəş məsafəsi:
- yerüstü platformadan 8.7 km;
- hava platfomasından 13 km;
Uzunluğu: 975 mm;
Çapı: 104.5 mm;
Raketin kütləsi: 12.5 kq;
Döyüş başlığının kütləsi: 4.5 kq;
Dörd lüləli atıcı qurğunun raketlərlə kütləsi: 75 kq;
Raketin orta uçuş sürəti: 285-300 m/s;
Homojen zirehə nüfuzetməsi: 800 mm;
Döyüş başlığı: kumulyativ, tandem.
Nəticə
2004-cü ildən qlobal silah bazarında təklif edilən “Səma Övçusu”nun əsas potensial müştərisi Hindistan hesab olunurdu, lakin Hindistanın “HAL Dhruv” helikopterində bu kompleksin sınaqları tədarük müqaviləsinə səbəb olmadı. Odur ki, Azərbaycan “Səma Övçusu”nun ilk xarici sifarişçisidir. İlk dəfə DSX-nın coxməqsədli “Mi-17” helikopterlərində müşahidə olunan raket kompleksinin Vətən Müharibəsində Hərbi Hava Qüvvələrinin pilotlarının idarə etdiyi eyni tipli helikopterlərdə müşahidə edilməsi, “Səma Ovçusu”nun digər vasitələrə rahatlıqla inteqrasiya edildiyini göstərir.
İsrailin özü tərəfindən raketlərin döyüşlərdə tətbiqinə aid faktlara rast gəlinmədiyi üçün Azərbaycan həm də raketi ilk dəfə və uğurla döyüşdə tətbiq edən ölkə titulunun daşıyıcısıdır.
LAHAT raketinin helikopterdən atıldıqda atış məsafəsi 13 km-dir. Bu isə quru qoşunlarının hücum əməliyyatlarının dəstəkləyən hücum aviasiyasına, düşmənin məhvetmə zonasının hüdudlarından kənarda vəzifəlrini icra etməyə imkan verir. Yarıaktiv özütuşlanan lazer başlığa malik “Səma Ovçusu” hazırda silah bazarında təklif edilən Rusiya istehsalı olan analoqlarını bütün parametrlərinə görə üstələyir.
İstənilən halda Silahlı Qüvvələrimizin idarəolunan və universal silahlardan istifadə etməsi müsbət haldır. “Səma Ovçusu” da uğurlu bir seçimdir. Azərbaycan olaraq müttəfiqlərimiz İsrail, Türkiyə və Ukraynanın bu sahədə mövcud potensialından yararlanmalıyıq. İstehsal potensialımızı pilotsuz və idarəolunan müasir texnologiyaların hazırlanmasına və istehsalına yönəltməliyik.
İllərdir ki, dövlət müdafiə sənayesinin inkişafına böyük vəsaitlər xərcləyir. Artıq dünya silah bazarında tələbat yüksək olan məhsullar təqdim etməyin və yatırılan sərmayənin üdcəyə qaytarılmasının vaxtı çatıb. Azərbaycan Silahlı Qüvvələrini daim yüksək döyüş hazırlığı vəziyyətində saxlamağa məcburdur. Odur ki, xarici ölkələrdən idxal asılılığını azaltmaq və büdcə vəsaitlərinə qənaət etmək üçün müasir idarəolunan sursatların yerli istehsalının zamanı çoxdan yetişib. Bəlkə də bir az gecikmişik. Son sərgilərdə müdafiə sənayemizin passiv olduğunu da etiraf etməliyik.
Ümid edirik ki, ADEX-2022-də Müdafiə Sənayesi Nazirliyi Vətən Müharibəsindəki qələbəmizin əldə olunmasında tətbiq etdiyimiz yerli PUA-ların yeni, sursatların isə idarəolunan/kilidlənən versiyaları ilə hamımızı sevindirəcək.
Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün
Teqlər: LAHAT TƏİR Vətən-Müharibəsi