Şuşadakı terror kortəbii deyil: Gizli detallar üzə çıxır... – ARAŞDIRMA

      Şuşadakı terror kortəbii deyil:    Gizli detallar üzə çıxır...    – ARAŞDIRMA
  15 Noyabr 2021    Oxunub:5952
Noyabrın 13-də Şuşanın Daşaltı istiqamətindəki girişində yerləşən və Rusiya sühməramlılarının "idarə" etdiyi nəzarət-buraxılış məntəqəsində terrorçu Norayr Mirzoyanın Azərbaycan əsgərlərinə qarşı törətdiyi terror cəhdi ilə bağlı maraqlı faktlar ortaya çıxıb.
1975-ci il təvəllüdlü Ermənistan vətəndaşı Mirzoyan nəzarət-buraxılış məntəqəsinə çatanda idarə etdiyi 48-MN-048 ER nömrə nişanlı “Mercedes Benz” markalı minik avtomobilindən enərək, hərbiçilərimizə tərəf RQD-5 əl qumbarası atıb. Laçın-Şuşa-Xankəndi trasının birləşmə nöqtəsində baş vermiş bu terror aktında üç hərbi qulluqçumuz xəsarət alıb.


Maraqlıdır ki, bu il noyabrın 4-də youtube videohostinqinin "Диванный спецназ" kanalında yerləşdirilən videoçarxda “RQD-5” hücum əl qumbarasının süni "çapılma" (“otseçka”) metodu ilə istifadəsi qaydaları göstərilib. Bu zaman qumbara yerə düşməmiş partlayaraq, daha çox zərər verir. Üsul təhlükəli olsa da, Norayr Mirzoyan kimi terrorçular onu rahatlıqla mənimsəyə bilərlər.


12 noyabr saat 18:08-də, yəni terror aktından təxminən 12 saat öncə sözügedən videoçarx VK sosial şəbəkəsinin "Тактика Наемников | Война и Military Выживание" səhifəsində yerləşdirilib və 6 nəfər tərəfindən paylaşılıb.


Bu şəbəkə paylaşımının zamanı və mövzusu adi təsadüfə bənzəsə də, suallar yaradır. Çünki müxtəlif güc mərkəzlərinə aid xüsusi orqanların "yatmış" agentləri aktivləşdirmək üçün sosial şəbəkələrdən və hətta onlayn oyunların daxili çatlarından istifadə etmələri praktikası çoxdan məlumdur. Separatçı Norayr Mirzoyanın törətdiyi terror aktının icra tarixi və ona hazırlanmış media fonu bir daha göstərir ki, aksiya kortəbii deyil, öncədən hazırlanıb və xırda detallarına qədər düşünülüb.


VK sosial şəbəkəsinin erməni seqmentinə aid "Armenian Military Portal" oxucularının suallarına cavab olaraq izah edir ki, terrorçu Mirzoyan "RQD” əvəzinə “F-1” müdafiə qumbarasından istifadə etsəydi, nəticə daha xoş olardı..." Səhifənin administratorları nəzərə almırlar ki, bu zaman Rusiya sülhməramlıları və hətta terrorçunun özü də yaralana, yaxud həlak ola bilərdi, çünki “F-1” əl qumbarasının qəlpələrinin saçılma radiusu “RQD-5” kimi 5 deyil, 200 metrə çatır.


Görünür, Mirzoyanın təlimatında bu cür risk öncədən nəzərdə alınıb və terror aktında istifadə olunacaq qumbara növü sosial şəbəkə vasitəsilə xüsusi qeyd edilib. Çünki onun həyatda qalması tarixçi Vladimir Rujanskiy (Владимир Ружанский) kimi ideoloji təxribatçılara və Ermənistan mediasına "yeni qəhramanın" meydana gəlməsini anons etməyə imkan yaratmalıydı.


"Realist" informasiya agentliyinin (realtribune.ru) şəbəkə resursunun səhifələrində Norayr Mirzoyan məhz "qəhraman" kimi təqdim edilir və onun simasında təklif olunur ki, "Dağlıq Qarabağın bütün fermerlərinə özünümüdafiə üçün silah paylanılsın".

90-cı illərdə olduğu kimi, Rusiyanın qeyri-rəsmi mediası Qarabağ ermənilərini yenidən “zərərçəkmiş” tərəf kimi qələmə vermək, münaqişədə artıq bağlanmış səhifəni açaraq, sülməramlıların sayəsində "əlavə vaxt" qazanmaq niyyətindədir. Həmin medianın ortaya atdığı "qisas" motivi də terrorçuya bəraət qazandırmaq üçün alibi sayıla bilə. Bir qədər sonra Ermənistan KrdiİV-ləri özləri bəyan etdilər ki, Mirzoyan Şuşa ətrafında təxribat törətməyə cəhd göstərən zaman məhv edilmiş Martik Yeremyanın qardaşı deyil.

Nəticə etibarilə müharibənin bitməsindən bir il keçəndən sonra, üçüncü qüvvələr ərazidə erməni terrorunun yenidən baş qaldımasına qarşı verilən cavaba və hətta Rusiya sülhməramlılarının buna reaksiyasına, Mirzoyan kimilərin hansı qanunvericilik qarşısında cavab verməsi mexanizminə aydınlıq gətirmək və şəbəkə rəyləri əsasında hər iki dövlətdə içtimai rəyi öyrənmək üçün yenidən hibrid terror və mediaterror təxribatına əl atdı. Bu addımla hərbi və siyasi qarşıdurma tamamilə yeni müstəviyə keçdi...

Hans Kloss

Xüsusi olaraq AzVision.az üçün
AzVision.az



Teqlər: Şuşa-terroru  





Xəbər lenti