“Google”un sirləri: Axtarış inhisarçısı manipulyasiya maşınına çevrilir – DOSYE

  “Google”un sirləri:  Axtarış inhisarçısı manipulyasiya maşınına çevrilir –  DOSYE
  09 Noyabr 2021    Oxunub:3946
İT nəhəngləri bütün dünya üzrə milyardlarla insanın şüurunu idarə etməyi çoxdan öyrəniblər və bunu hiss olunmadan edirlər. Google və Facebook-un hansısa gizli məqsədi varmı? Harvard Universitetinin fəlsəfə doktoru, Kaliforniyadakı Amerika Davranış Araşdırmaları və Texnologiyaları İnstitutunun aparıcı psixoloq-tədqiqatçısı, 15 kitab müəllifi Robert Epşteyn son illərdə bu sualı ciddi şəkildə araşdırır.
Müasir dünyada hansısa şirkətin uğuru onun “Google”un axtarış nəticələrində hansı səhifədə çıxmasından asılıldır. Kliklərin 50 faizi ilk iki nəticəyə, 95 faizi isə ilk səhifəyə gedir. Belə çıxır ki, “Google”un axtarış nəticələrinin necə sıralanması insanların fikrinə təsir etmək üçün son dərəcə güclü bir alətdir. Onun vasitəsilə hər şeyə, hətta səsvermənin nəticələrinə də təsir etmək olar.

“Google”da axtarışın nəticələrinin necə sıralanması hələ son qərarını verməyən seçicilərin 2-3 faizinin mövqeyini dəyişə, 48-63 faizinin qərarına təsir edə bilir. Həm də, bu, praktik olaraq, sübut edilməsi mümkünsüz bir saxtakarlıq imkanıdır. Bu, Google və Facebook kimi texnologiya nəhənglərini ciddi təhlükəyə çevirir, çünki onlara təsir etmək mümkün deyil və real rəqibləri yoxdur. Onlar istənilən məsələdə, istənilən miqyasda və dünyanın istənilən ölkəsində insanlara təsir etmək gücündədirlər və bunu heç kəsin xəbəri olmadan edə bilirlər.


Google əməkdaşları daxili yazışmalarında nəticələrin dəyişdirilməsini “efemer təcrübə” (ephemeral experience) adlandırırlar. Axtarış nəticələrinin real zamanda generasiya olunduğu bu proses hər bir istifadəçi üçün individualdır. Sonra həmin nəticələr yoxa çıxır və heç yerdə saxlanılmırlar. Yəni heç bir maddi sübut qalmır.
2018-ci ildə “The Wall Street Journal” qəzeti “Google” əməkdaşlarının kənara sızmış yazışmalarından fraqmentlər dərc etmişdi. Yazışma iştirakçılarından biri amerikalıların Trampın fərmanına münasibətinə təsir etmək üçün efemer təcrübə üsulundan faydalanmağı təklif edirdi.
Əslində onların manipulyasiya texnologiyalarından istifadə edib-etməmələrini də müəyyənləşdirmək asan deyil. Adi adamın bu haqda zərrə qədər təsəvvürü olmur.

Əvvəllər biz əmin idik ki, Google sadəcə reklamdan qazanan və istifadəçilərin maraqları əsasında məlumatları çeşidləyən yaxşı bir maşındır. Ancaq indi məlum olur ki, bu maşının ta bəşəriyyətin şüurunun yenidən proqramlaşdırılmasına qədər daha ciddi planları ola bilər. Faydalı alətlə bütün bəşəriyyətə təsir göstərən xidmət arasındakı sərhəd haradan keçir?


2018-ci ildə kənara sızma nəticəsində publika “The Selfish Ledger” adlı səkkiiz dəqiqəlik videoya (“Google”un daxili layihəsi) baxmaq imkanı əldə etdi. Bu videodan öyrəndik ki, şirkətin insanlığı yenidən proqramlaşdırmaq üçün bütün imkanları var. Rolikdə şirkətin dəyərlərinin bütün dünyaya yayılmasının və qorunmasının zərurəti vurğulanır. Öz dəyərlərini bütün dünyaya yaymaq onların mədəniyyətinin bir hissəsidir. Bu isə demokratiya üçün böyük təhlükədir. Xarici ekspertlərin hesablamalarına görə, 2015-ci ildə dünyanın müxtəlif ölkələrində seçkilərin nəticələrinin 25 faizə qədəri “Google”un axtarış sistemlərinin təsirilə müəyyən olunub. Seçkilərin əksəriyyəti yetərincə qapalı keçirildiyindən, axtarış nəticələrində onlar haqda məlumatlar adətən tərəfli olur və tərəddüd edən seçicilərin qərarlarına təsir edir.

Əvvəllər “Google” həqiqətən ziyansız bir şey, böyük internet məlumat mənbəyi idi. Ancaq hazırda tamamilə başqa bir şirkətdir. Onlar bizi izləyirlər, həm də təkcə axtarışlar deyl, poçt yazışmalarımız və sayı 200-dən çox olan digər servislər vasitəsilə. Misal üçün, Google bir neçə il qabaq “ağıllı” termostat istehsalçısı “Nest”i satın alıb. Bundan sonra “ağıllı” termostatlara mikrofonlar yerləşdirdilər və bu barədə heç kəsə heç nə demədilər. Ən yeni versiyalarda qurğulara kameralar quraşdırılıb. Bu ilin yanvar ayında şikət “Fitbit” ağıllı saatlar istehsalçısını satın almaq haqqında müqavilə bağladığını elan etdi. Onların köməyilə sağlamlıq haqqında məlumatları izləmək olar. Google ya artıq bu informasiyaları əldə edir, ya da tezliklə edəcək. Koronavirus pandemiyası zamanı korporasiya amerikalıların sağlamlığı haqqında nəhəng məlumat bazası əldə etdi. Google ABŞ-ın milli DNK bazasının idarə olunmasında da könüllü iştirak edir. Onların əlində yüz milyonlarla insan haqqında məlumat var. İnsanları nə qədər yaxından tanıyırsansa, manipulyasiya etmək bir o qədər asan olur.


Google müxtəlif vaxtlarda öz kontekst reklam dizaynını dəyişib. Hansısa məqamda o, praktiki olaraq adi məlumatların nəticəsindən fərqlənməyib. Amma heç kəs “Google”u məsuliyyətə dəvət etmir. ABŞ-da heç kim onun fəaliyyətini tənzimləmir.

Avropa İttifaqında hər şey bir qədər başqa cürdür: son illərdə avropalılar Google əleyhinə çoxlu iddialar qaldırıblar. Son dörd-beş ildə şirkəti on milyard avroya qədər cərimə ediblər və irəlidə çoxlu məhkəmə gözləyir. Ancaq Google onlardan yayınır. Məsələn, avropalılar axtarış zamanı reklamın əsas nəticələrdən fərqlənmədiyindən narahatdırlar. Google bir müddət onu adi məlumatlardan fərqləndirdi, ancaq tədricən yenə əvvəlki şəklinə qaytardı. Nəticə etibarilə fərqi görmək çox çətindir. Avropalılar Google-un fəaliyyətini son dərəcə diqqətlə izləyir, istənilən dəyişikliyi öyrənirlər.

İnsanlar bir qayda olaraq, kompüterdən alınan məlumatlara etibar edir, arxasında kimlərin olduğunu bilmədikləri alqoritmlərə inanırlar. Onlar bu məlumatların obyektiv olduğunu düşünürlər. Bütün bu məlumatlar standart şəkildə doğru hesab olunur, çünki maşından alınırlar. Ancaq insanlar maşının arxasında başqa insanların dayandığını nəzərə almırlar. Qəzetləri, televiziyanı, radionu aydın məsələdir ki, insan əli işlədir. Lakin kompüter hamını aldadır. Halbuki, axtarışın nəticələrində də insan əli var. Axı kompüter proqramlarını da insanlar yazırlar. Araşdırmalar göstərir ki, proqramçıların qənaətləri öz əksini onların yazdığı kodda tapır. Odur ki, insan faktoru servisin yaradılmasında böyük rol oynayır. Google axtarış alqoritmini ildə ən azı üç min dəfə (gündə on dəfəyə qədər) dəyişir. Yəni insanlar gördüyünüz kontentə təsir edirlər. Ancaq siz bu təsiri izləyə bilmirsiniz.


Google sızmalarından “The twiddler framework” adlı sistemin mövcudluğu da məlum oldu. Onlar axtarış nəticələrinin sıralanmasını dəyişməyin texniki imkanlarını işləyib hazırlamışdılar. Bu yolla əvvəlcədən müəyyən edilmiş nəticələri daxil edə və asanlıqla yığışdıra bilərlər. Bu, otağın işığını söndürmək qədər asandır.

ABŞ-da 2020-ci il prezident seçkiləri öncəsi bu mexanizmin işi aşkar hiss olunurdu. Seçki kampaniyasının gedişində Google-un axtarış nəticələrində demokratların xeyrinə ciddi meyil müşahidə olunurdu. Bu informasiya açıqlanandan sonra 2021-ci ilin yanvarında Corciya ştatında Senata seçkilərin ikinci turunda Google-dakı axtarış nəticələri qəflətən dəyişdi. Onlar sadəcə geri çəkilmiş, manipulyasiya tumblerini söndürmüşdülər.

Bütün bunlara necə son qoymaq olar? Ən doğru addım “Google”un axtarış nəticələrininin generasiyası üçün istifadə etdiyi nəhəng məlumat bazasını ictimailəşdirməsi olardı. Bu informasiya əlçatan olsa, həmin bazadan istifadə edərək əla nəticələr verən onlarla, yüzlərlə yeni axtarış sistemləri meydana çıxacaq. Axtarış sistemləri yenə əvvəlki tək bir-birilə rəqabət aparacaqlar. Google ilk axtarış sistemi deyil və lap başlanğıcda onun rəqibləri vardı. Ancaq təxminən beş ildən sonra Google qalib gələrək, rəqabəti bütün rəqiblərilə birlikdə sadəcə, məhv etdi.
Rəqabət inkişafa yol açır. Son 20 ildə axtarış sferasında heç nə dəyişməyib. Google-un start səhifəsinə baxanda onun 20 il əvvəl necə idisə, elə də qaldığını görürük.

1956-cı ildə Amerika höküməti ABŞ-a edilən beynəlxalq zənglər sahəsində inhisarçı olan AT&T telekommunikasiya şirkətinin qarşısına minlərlə patentini hamı üçün pulsuz etmək öhdəliyi qoydular. Onlardan dünyada hər kəs istifadə edə bilərdi. Bu addım AT&T-nin inhisarını dağıtdı, yeni oyunçular yarandı və sahə inkişaf etməyə başladı. Bu, inqilabi bir qərar oldu.

Bəli, Google, Facebook və digər böyük texno-nəhənglər bu cür qalmaqallar səbəbindən problemlərlə üzləşirlər. Onların xərcləri də həmişəkindən daha sürətlə artır. Amma Google-un cərimələri asanlıqla ödəyə bilmək üçün 100 milyard dollar sərbəst vəsaiti var. Hazırda onlar dünyada üç milyarda qədər insanı əhatə edə bilərlər. Yaxın illərdə bu rəqəm 4,5 milyarda çatacaq. Amma onlarla birlikdə manupulyasiya təhlükəsi də sürətlə böyüyür.

Hazırladı: Nadir Quliyev
href=https://azvision.az>AzVision.az



Teqlər: Texnologiya   Manipulyasiya  





Xəbər lenti