İllik inflyasiya 5%-i keçib

   İllik inflyasiya 5%-i keçib
  15 Oktyabr 2021    Oxunub:754
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 105,2 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106 %, qeyri-ərzaq məhsulları üzrə 104,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 104,6 % təşkil edib.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, bu ilin sentyabr ayında isə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 101,8%, ötən ilin sentyabr ayına nisbətən 108,5% olub.

Ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki ayla müqayisədə 102,6%, ötən ilin sentyabr ayına nisbətən 110,4% təşkil edib.

Ay ərzində ayrı-ayrı ərzaq məhsullarından daha çox artım çörəyin, makaron məmulatlarının, qarabaşaq yarmasının, unun, düyünün, kolbasa məmulatlarının, toyuq, qoyun və mal ətinin, təzə və dondurulmuş balığın, südün, kəsmiyin, pendirin, yumurtanın, günəbaxan yağının, yemişin, qarpızın, gavalının, bananın, pomidorun, göy lobyanın, badımcanın, bibərin, kələmin, xiyarın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çay, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin, arağın, azalma isə əsasən kivinin, üzümün, almanın, armudun, naringinin, balqabağın, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bu ilin sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 100,8%, ötən ilin sentyabr ayına nisbətən isə 105,9% olub. Ay ərzində qeyri-ərzaq məhsullarından daha çox artım parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebellərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının, azalma isə mobil telefon və ventilyatorların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə əvvəlki ayla müqayisədə 101,5%, ötən ilin sentyabr ayına nisbətən isə 107,9 % təşkil edib. Ay ərzində əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox artım paltarların təmiri, kimyəvi təmizlənməsi və kirayəsi, ayaqqabı, mebel, məişət cihazları, minik avtomobilləri və mənzillərin təmiri, tibbi, stomatoloji, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, mənzillərin icarə haqlarında, ödənişli ali təhsil haqlarında, azalma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və respublikadan kənara istirahət turlarının qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Azvision.az


Teqlər: Azəbaycan  





Xəbər lenti