“Maaşları artırmaq zərurətə çevrilir” – Ekspert
Ekspert xatırladıb ki, Azərbaycanda hazırkı bahalaşma dalğası yanvar ayından start götürüb: “O zaman benzinin, fevralın 1-dən isə suyun tarifinin qalxması bahalaşmaya təkan verdi və proses dünyada gedən artımla eyni vaxta düşdüyündən, sürət götürdü. May ayından ölkədə pandemiyadan sonrakı iqtisadi bərpa başladı, yayda toylara icazə verildi, bu isə artan qiymətlərə əlavə impuls qazandırdı. Çünki şadlıq evləri yenicə bərpa olunan bazarda ərzağa tələbatı kəskin, sıçrayışla artırdılar. Açıq danışsaq, ölkədəki yerli istehsal maydan sonra qəfildən artan tələbi qarşılayacaq gücdə deyildi. Ona görə də, “idxal inflyasiyası” deyilən halla üzləşdik. Yəni xaricdə qiymətlər qalxır, biz də hər şeyi əvvəlkindən baha alıb gətirdiyimizə görə, daxildə də eyni proses baş verir”.
Bəs hökumət belə vəziyyətdə nə edə bilər? Professorun fikrincə, praktik olaraq heç nə: “Çünki bu, süni yox, təbii bahalaşmadır. Onun qarşısını inzibati yolla almaq mümkün deyil. Bu cür cəhdlər iqtisadiyyatı və sahibkarları ciddi problemlərlə üzləşdirə bilər. Ona görə də, yeganə yol bahalaşmaya uyğun olaraq, əhalinin gəlirlərini artırmaqdır. Azərbaycan hökuməti bu yolu tutub və gələn ilin büdcəsinə maaşların artımı ilə bağlı xərclər daxil edilib. Bu, ağıllı yanaşmadır. Amma əslində həmin artım mahiyyətcə indeksasiya olacaq. Yəni biz əvvəlkindən çox xərcləyəcəyik, fəqət həyat səviyyəmizdə real dəyişiklik olmayacaq”.
O, qeyd edib ki, əslində 4-5 faizlik inflyasiya istənilən ölkə, o cümlədən də Azərbaycan üçün normaldır və çox vaxt hökumətlər ixracı stimullaşdırmaq üçün bu cür yüngül inflyasiyanı məqbul sayırlar. Bu, sağlam inflyasiya hesab olunur. Amma hazırda Azərbaycanda gedən bahalaşma prosesi əksinə, iqtisadi canlanma üçün buxova çevrilə bilər. Çünki sadə dillə desək, insanların xərcləməyə pulu yoxdursa, qazancları ancaq əsas ehtiyaclarını qarşılamağa sərf olunursa, iqtisadi canlanmadan danışmaq çətindir.
- Belə vəziyyətdə hökumət özü də əhalinin gəlirlərinin real şəkildə artırılmasında maraqlı olmalıdır. Hələ Milli Məclisdə büdcə müzakirələri başlamayıb. Ümid edirəm ki, müzakirələr zamanı bu məqam da nəzərə alınacaq və gələn il maaşlar elə artırılacaq ki, təkcə builki bahalaşmanın kompensasiyasına getməsin. Ölkədə iqtisadiyyatın bərpası hələ də kifayət qədər kövrək vəziyyətdədir. İndiki bahalaşmanın onun üçün buxova çevrilməsinə imkan vermək olmaz,- Əlibala Məhərrəmzadə vurğulayıb.
Teqlər: İqtisadiyyat