Dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb

   Dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb
  08 Sentyabr 2021    Oxunub:1363
2022-ci ildə dövlət büdcəsinin gəlirləri 26 407 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da ÜDM-in 32,5%-ini təşkil edəcək.
Maliyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, gəlirlərin proqnozlaşdırılan həcmi 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 3,8% çoxdur. Gəlirlərin 52,4%-i neft sektorunun, 47,6%-i qeyri-neft sektorunun payına düşəcək.

Neft sektoru üzrə büdcə gəlirlərinin 85,7%-ini Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 14,3%-ini isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcəyi proqnozlaşdırılır. Vergi və gömrük sistemində islahatların davam etdirilməsi və pandemiyanın təsirlərinin azalması 2022-ci ildə qeyri-neft sektoru üzrə müvafiq daxilolmaların artımını 2021-ci ilin təsdiq olunmuş göstəricisinə (Mərkəzi Bankın mənfəətindən ayırmalar və Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert çıxılmaqla) nəzərən 1 844 mln. manat və ya 19,3% proqnozlaşdırmağa imkan verir.

2022-ci ildə dövlət büdcəsinin xərcləri 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 1,5% artıq olmaqla 28 974 mln. manat məbləğində (ÜDM-in 35,6%-i) proqnozlaşdırılıb. Xərclərin 68,7%-ini cari xərclər, 24,7%-ini əsaslı xərclər, 6,6%-ini isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir.

Qeyd olunan dövrdə əsasən əməyin ödənişi və sosial ödənişlərin artması hesabına cari xərclərin əvvəlki ilin proqnoz göstəricisi ilə müqayisədə 10,5 %-lik artımı, əsaslı xərclərin 14,1-%, dövlət borcuna xidmətlə bağlı xərclərin isə 13% azalması proqnozlaşdırılır.

Beləliklə, 2022-ci ildə dövlət büdcəsinin kəsirinin 2021-ci ilin təsdiq edilmiş göstəricisindən 17,6% az olmaqla 2 567 mln. manat olacağı proqnozlaşdırılır ki, bu da ÜDM-in 3,2%ini təşkil edəcəkdir. Kəsir vahid xəzinə hesabının qalığı (45,2%), daxili və xarici borclanma (27,3%), layihə maliyyələşdirilməsi əsasında cəlb edilən kreditlər (23,1%) və özəlləşmədən daxilolmalar (4,4%) hesabına maliyyələşdiriləcək.


Azvision.az


Teqlər: Büdcə  





Xəbər lenti