Cazmenlərimiz Stokholmda konsert verdi

Cazmenlərimiz Stokholmda konsert verdi
  20 Mart 2014    Oxunub:1549
İsveçin paytaxtında Azərbaycan cazmenlərinin konserti oldu.
Martın 18-də Stokholmdakı məşhur Nalen mərkəzində Azərbaycan cazmenlərinin konserti olub. Konsert Azərbaycanın İsveçdəki səfirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilib.

AzVision.az xəbər verir ki, Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov AzərTAc-ın müxbiri ilə söhbətində qeyd edib ki, Azərbaycanın caz mədəniyyətinin böyük tarixi vardır. Azərbaycan cazı dünyada mühüm yer tuta bilmişdir. 1960-cı ildə cazın ənənəvi Azərbaycan musiqisi ilə - YUNESKO-nun ümumdünya qeyri-maddi mədəni irsi siyahısına daxil edilmiş muğamla ilk sintezi yaradılıb.

Azərbaycan özünün Vaqif Mustafazadə, Rafiq Babayev və başqaları kimi istedadlı ifaçıları ilə tanınıb. Səfir deyib ki, “Bu gün İsveçdə ölkəmiz haqqında informasiya azdır və o, çox vaxt təhrif olunur. Ölkələrimiz arasında iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı uzun sürən bir prosesdir, lakin biz bu prosesi isveçlilərə Azərbaycanı onların başa düşəcəyi dildə, yəni caz dili ilə göstərməkdən başlamağı qərara almışıq”. Adış Məmmədov həmçinin konsertin keçirilməsinə kömək göstərdiyinə görə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə minnətdarlığını bildirib.

Konsertə Stokholmda akkreditə olunan səfirliklərin nümayəndələri, İsveçin dövlət məmurları, ictimaiyyətin nümayəndələri, habelə Azərbaycan və türk diasporlarının üzvləri dəvət olunublar.

Konsertdə tanınmış cazmenlər Salman Qənbərov, Rain Sultanov, Lalə Səfərli, Emil Həsənov, Vaqif Əliyev, Tofiq Cabbarov, Leyli Yekta, Mircavad Cəfərov, habelə beynəlxalq müsabiqələr laureatı İsfar Sarabski çıxış etmişlər. Proqramda Azərbaycan, həmçinin xarici ölkə musiqiçilərinin əsərləri səsləndirilib.

İsveç parlamentinin keçmiş deputatı Qoran Lindblad AzərTAc-a verdiyi müsahibədə qeyd etmişdir ki, konsert onda böyük təəssürat oyatmışdır. O demişdir: “Mən Azərbaycanın böyük dostuyam və onun musiqisini sevirəm. Bugünkü konsert mənim üçün müasir və qədim musiqinin heyranedici vəhdətini kəşf etdi, bu musiqidən çox zövq aldım”.

İsveç XİN-in Protokol departamentinin rəisi, səfir Karolin Viçini bildirmişdir ki, müasir Azərbaycan musiqisi ona “Eurovision” müsabiqəsindən tanışdır. Cazmenlərin konserti onda dərin təəssürat oyatmışdır. Karolin Viçini demişdir: “Zənnimcə, bu konsertin Nalen kimi məşhur caz mərkəzində keçirilməsi, Azərbaycan cazmenlərinin dünya səviyyəli mahnılar ifa etməsi göstərir ki, sizin mədəniyyətiniz zəngin mədəniyyətdir”.


Teqlər:





Xəbər lenti