Futboldan siyasətə – ARAŞDIRMA

Futboldan siyasətə – ARAŞDIRMA
  19 Mart 2014    Oxunub:1757
Son dövrlərdə karyerasını başa vuran idmançıların sonradan müxtəlif dövlət orqanlarında vəzifə sahibi olmasına adət etmişik. İstər ölkəmizdə, istərsə də dünyanın digər dövlətlərində bunlar artıq adi hal kimi qəbul olunur.

Bunu ölkəmizdə xüsusən fərdi idman növləri ilə məşğul olan idmançılara aid etmək olar. Kollektiv idman növü ilə məşğul olan azərbaycanlı idmançıların isə karyerasını başa vurduqdan sonra hər hansı dövlət orqanında çalışması və ya siyasət arenasında görünməsi qeyri-real mənzərədir.

Bunu daha çox yerli futbolçularımızın savadsızlığı ilə əlaqələndirmək lazımdır. Bəs görəsən, dünya futbolunda yaşıl meydanı siyasət arenasına dəyişən futbolçular varmı? Maraqlı olacağını nəzərə alıb, bu yöndə araşdırma aparmağa qərar verdik.

Pele

Dünya futbolunun ən güclü hücumçularından olan və hamının Pele kimi tanıdığı Edison Arantes do Nascimento 1956-1977-ci illər aralığında futbolçu kimi məşhurlaşmışdı. Karyerası ərzində üç dəfə (1958, 1962, 1970) dünya çempionatının qızıl medallarını qazanan Pele futbolçu karyerasını başa çatdırdıqdan (1977) 17 il sonra Braziliyanın idman naziri kimi fəaliyyət göstərməyə başlamış və 1994-1998-ci illər aralığında bu vəzifəni tutmuşdu.

Xatırladaq ki, 1998-ci ildə o vaxtkı Braziliya prezidenti Fernando Henrike Cardoso tərəfindən vəzifəsindən azad edilən Pele illər sonra idman naziri olduğu dönəmdə Braziliya futbolundakı rüşvəti aradan qaldıra bilmədiyini etiraf etmiş və bu üzdən bir daha siyasətlə məşğul olmayacağını açıqlamışdı.

Ziko

Braziliaynın daha bir tanınmış futbolçusu Ziko da futbolçu karyerasının ardından nazir vəzifəsini tutmuşdu. Pelenin Braziliyanın idman naziri təyin edilməsindən üç il əvvəl bu postu tutan “ağ Pele” ləqəbli sabiq futbolçu təxminən bir il ölkəsinin İdman Nazirliyinə rəhbərlik etmişdi.

Ramario

Yaxın keçmişin ən tanınmış futbolçularından olan Ramario da futbolçu karyerasını başa vurduqdan sonra siyasətçi kimi fəaliyyət göstərən “top sehirbazları” arasındadır. 1985-2009-cu illər aralığında futbolçu karyearsını sürdürən “sambaçı” həm ölkəsinin, həm də Avropanın tanınmış klublarında forma geymiş və ümumilikdə 1000-dən çox qol vurmuşdu. 1994-cü ildə dünya çempionu titulunu da qazanan Romario 2009-cu ildən isə siyasi “podium”dadır. Həmin il sosialist partiyasına üzv olan sabiq hücumçu bundan bir il sonra isə parlament seçkilərinə qatılmış və deputat mandatına yiyələnmişdi. Xatırladaq ki, hazırda da deputat kimi fəaliyyətini davam etdirən Ramario bir neçə il öncə Rio de Janeiro şəhərinin bələdiyyə başçısı kimi çalışmaq istədiyini açıqlamışdı.

Bebeto

1983-cü ildə başladığı futbolçu karyerasını 19 il davam etdirən və 1994-cü ildə dünya çempionu adını qazanan braziliyalı keçmiş forvardın siyasi fəaliyyəti isə 2110-cu ildə başladı. Həmin il Braziliya Federal qanunvericilik məclisinə seçilən “sambaçı” hazırda da siyasi fəaliyyətini sürdürür. Xatırladaq ki, sabiq top ustası Demokratik Fəhlə partiyasının üzvüdür.

Cianni Rivera

1960-1970-ci illərdə İtaliya milli komandasında və həmin ölkənin “Milan” klubunda çıxış edən Rivera 1986-cı ildə İtaliyada millət vəkili seçilməklə siyasi karyerasına başlamışdı. Daha sonra İtaliya Müdafiə Nazirliyində çalışan sabiq futbolçu 2005-2009-cu illərdə isə Avropa Parlamentində fəaliyyət göstərmişdi.

Oleq Bloxin

Hazırda Ukrayna milli komandasının baş məşqçisi postunu tutan SSRİ yığmasının və Ukrayna “Dinamo”sunun sabiq forvardı da birvaxtlar siyasətlə məşğul olmuşdu. Karyerasını bitirdikdən sonra Ukrayna Demokrat Partiyasının üzvü olan Bloxin Ukrayna parlamentinin üzvü seçilmişdi.

Albert Qudmundsson

Ötən əsrin ortalarında “Milan” və “Arsenal” kimi dünya futbolunun önəmli klublarında forma geyən islandiyalı oyunçu karyerasını bitirdikdən sonra isə siyasi arenada görünməyə başlamışdı. Xatırladaq ki, 15 il İslandiyada millət vəkili olan Qudmundsson daha sonra isə 1983-cü ildə Maliyyə, 1985-ci ildə isə Sanaye naziri postunu tutmuşdu.

Titi Kamara

İngiltərənin “Liverpul” və Fransanın “Marsel” klublarındakı çıxışı ilə tanınan qanalı sabiq futbolçu da sonradan siyasətlə məşğul olan futbolçulardandır. 2010-cu ilə Qananın İdman Naziri postuna təyin edilən Kamara hazırda da bu vəzifəni tutur.

Grzegorz Lato

1974-cü ildə keçirilən dünya çempionatının ən sərrast oyunçusu kimi yadda qalan və hazırda ölkəsinin futbol federasiyasının rəhbəri olan polşalı sabiq hücumu 2001-ci ildə Polşa Demokratik Sol partiyasının üzvü olan Lato həmin ildən 2005-ci ilə qədər Polşanın milli məclisində yer almışdı.

Hakan Şükür

Türkiyə futbolunun canlı əfasnəsi sayılan Hakan Şükür də siyasət meydanında yer alan sabiq futbolçular cərgəsindədir. 2011-ci ildə Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi kimi parlament seçkilərinə qatılan “bosfor buğası” daha sonra Ədalət və İnkişaf Partiyasından istefa versə də, millət vəkili olaraq qalır.

Leo Yohannesen

Farer adaları milli komandasının qapıçısı Yohannesen hələ karyerasını bitirməmişdən Farer Birlik partiyasının üzvü idi. Karyerasını sona çatdırdıqdan sonra isə 2002-ci ildə parlament seçkilərinə qatılan keçmiş qolkiper deputat mandatına yiyələnmişdi. Bundan iki il sonra Farer Birlik Partiyasının sədri seçilən Yohannesen 2008-ci ildə isə ölkəsinin baş naziri postuna seçildi.

Yuxarıda adını sadaladığımız futbolçulardan başqa, iki il deputat mandatına yiyələnmiş Belçika millisinin sabiq kapitanı Mark Vilmots, 1991-1999-cu illər aralığında millət vəkili olmuş türkiyəli Yusif Namoğlu, eləcədə ölkəsinin qanunverici orqanına seçilən polşalı Roman Kosiçki kimi peşəkar, Türkiyənin hazırkı baş naziri Rəcəb Tayyib Ərdoğan və Əlcəzairin sabiq prezidenti Bin Bella kimi həvəskar futbolçular da sonradan önəmli siyasi fiqurlara çevrilənlər sırasındadırlar.

P.S. 1995-ci ildə FİFA tərəfindən dünyada ilin futbolçusu seçilən və “qızıl top”a yiyələnən liberiyalı sabiq hücumçu Corc Vea iki dəfə Liberiya prezidentliyinə namizəd olsa da, seçkilərdə qalib gələ bilməyib.

Tural Məmmədov
AzVision.az



Teqlər:





Xəbər lenti