"Tank şokoladı": Metamfetamin necə təsir göstərir

  "Tank şokoladı":  Metamfetamin necə təsir göstərir
  05 Dekabr 2021    Oxunub:3810
Metamfetamin hər şeydən əvvəl, güclü psixostimulyatordur. Amfetamindən əldə edilir. Kimyəvi adı N-metil-alfametilfeniletilamindir. İstifadəçilər arasında "met", "şüşə", "vint", "kristal", "buzlu şüşə", "patı", "sürət" və s. adlarla populyardır.
1893 -cü ildə tibbi məqsədlə sintez edilib. 30-cu illərdə "Pervitin" adı ilə geniş yayılmağa başlayıb. İkinci Dünya Müharibəsi dövründə bu narkotik cəsarətlənmələri üçün həb şəklində Vermaxtın əsgərlərinə, pilotlara və tankçılara verilirdi. Həmin həblər “Panzerschokolade” - "Tank şokoladı" adlanırdı.

Metamfetamin ağ (maviyə çalan da ola bilər) toz və kristal (görünüşünə görə şüşə və ya daş duz qırıntılarına bənzəyir) şəklində yayılıb. Onu intranazal (burundan) və ya inyeksiya üsulu ilə qəbul edirlər. Kristal formasında olanını siqaret kimi çəkir və ya tüstüsünü iyləyirlər, bəzən isə ağızdan daxilə qəbul edirlər. Ən tez (30 saniyə sonra) damardaxili inyeksiya üsulu təsir göstərir və 6-12 saat, yaxud, daha çox davam edir.



Metamfetamin quruluşuna görə adrenalinə bənzəyir. Hər ikisinin qəbulu orqanizmin oxşar reaksiyalarına səbəb olur: qan təzyiqi artır, nəbz sürətlənir, göz bəbəkləri genişlənir. Buna görə də metamfetaminin təsiri altında adam özünü olduqca gümrah və aktiv hiss edir, yorğunluq nədir bilmir. Preparat təxəyyülü stimullaşdırdığından, güc və eyforiya, qurub-yaratmaq həvəsi oyanır, vizual qavrayış güclənir.

Bu maddə əsasən ona görə təhlükəlidir ki, tez bir zamanda güclü asılılıq yaradır. Bir dəfə qəbul edəndən sonra orqanizmin fəaliyyəti pozulur. İnsanın özünü normal hiss etməsi üçün onu dəfələrlə qəbul etməsi lazım gəlir.
Ondan müntəzəm istifadə zamanı yuxu pozğunluğu, depressiya, aqressiya, panik tutmalar, izlənilmə qorxusu kimi mənfi fəsadlar  meydana çıxır. Maddənin təsiri itdikdə yuxarıda qeyd etdiklərimizin əksinə olaraq, insan özünü çox yorğun hiss edir, zamanla ürək-damar sistemi problemləri yaranır, böyrəklərin işi pozulur.

Metafetaminin ən populyar əks təsirlərindən biri də, uzunmüddətli istifadədə nəticəsində dişlərin tökülməsidir. Bundan başqa, uzunmüddətli qəbulu yaddaşın itməsinə, psixi problemlərə,  ümumiyyətlə, beyin fəaliyyətinin pozulmasına səbəb olur.


Teqlər:





Xəbər lenti