Qəbrində Ağdam torpağına qovuşan qəhrəman - Fred Asifin doğum günüdür

  26 İyul 2021    Oxunub :1740
 Qəbrində Ağdam torpağına qovuşan qəhrəman -  Fred Asifin doğum günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş Fred Asifin doğum günüdür. O, yaşasaydı, 69 yaşını qeyd edəcəkdi. Xocalının, Ağdamın bir sıra kəndlərinin, Füzuli şəhərinin müdafiəsi uğrunda qəhrəmanlıqlar göstərən döyüşçü haqqında saytımıza onun qardaşı Ədalət Məhərrəmov danışıb.
Qardaşının əziz xatirəsini anan Ə. Məhərrəmov onu həmişə 41 yaşında olduğu kimi yadında saxladığını deyib: "Üzümü onun məzarına tutub, “Xoşbəxt adamsan ki, qocalmadın. Xoşbəxt adamsan ki, bu zülmlərə 30 il bizim kimi dözüb, fikrini çəkmədin. Dünyanı 41 yaşında dəyişdin. Mənim gözümdə həmişə cavan qaldın”,- dedim. O, əqidəsiz yaşaya bilmədi. "Qaçqın" adını qəbul etmədi. Biz Asifin yoxluğunu qəbul etmirik. Həmişə anadan olduğu ili yazıram, dünyanı tərk etdiyi günü, ili isə qeyd etmirəm. Qardaşım mənim üçün ölməyib. O insan ölə bilər ki, ideyası, yolu, arzusu, keçmişi yoxdur. Asifin isə əqidəsi yaşayır və qalib gəldi. Vətən Müharibəsində qardaşım iştirak edə bilməsə də, biz var idik. Qubadlıya kimi getdik".

Qəhrəmanın qardaşı dogma Ağdam azad olunandan sonra onun məzarına baş çəkib və ruhuna gözaydınlığı verib. “Ağdama getdim, oradan su və torpaq gətirib, qəbrinin üstünə tökdüm. Dedim, qardaş, təbrik edirəm, gözün aydın, arzun yerinə yetdi. Evimizə getdim, 89 yaşlı anama oradan qırdığım narı gətirdim. Biz 5 qardaşıq. Asif mənim təkcə bioloji yox, həm də əqidə, iman qardaşım idi. O mənim idealım idi. Bir sözü vardı, deyirdi, “Əgər qardaşım şərəflidirsə, deməli, mənim qardaşımdır. Şərəfsiz mənim qardaşım ola bilməz. Əqidəsiz insan necə mənim qardaşım ola bilər?!”. Asif üçün qardaşın, xalaoğlunun fərqi yox idi. Hamı döyüşçü və vətəni sevənlər idi”.


Fred Asif doğum günlərini qeyd etmir və bunu özünəməxsus şəkildə əsaslandırırmış. "Deyirdi, insana iki dəfə ad günü edərlər. Birinci dəfə adqoyma mərasimində, ikinci dəfə 63 yaşında, yəni peyğəmbər yaşına çatanda. Evimizin ilki idi. Hamı onu sevirdi. İdmanla məşğul olurdu, Nizami, Füzuli yaradıclığını əzbər bilirdi. Onların şeirlərini izah edərdi. Şəkil çəkdirmək, özünü gözə soxmaqla arası yox idi. Ayın 1-də anım günü ilə əlaqədar tədbir keçirdik. Bu gün isə heç kimə demədik, istidə insanlara əziyyət vermək istəmədik. Allah qoysa, onun 70 illik yubileyini keçirəcəyəm. Oğlumun adını da Fred Asif qoymuşam".


Ədalət Məhərrəmov deyir ki, "Dolu" filmində Fred Asifin sözlərinə tez-tez istinad edilir: "Oradakı bir çox epizodlar qardaşımın döyüş səhnələrilə uyğunlaşdırılıb. Onları Aqil Abbasa mən danışmışam”.


Qeyd edək ki, Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. Uşaqlıqdan boks və futbolla məşğul olurmuş.
1991-ci ildə Xramort kəndinin azad edilməsində xüsusilə fərqlənib. Ağdamın Muradbəyli kəndi ərazisindəki hərbi hissəni müxtəlif siyasi qüvvələr dağıdıb, ordakı silah-sursatdan hakimiyyət uğrunda apardıqları mübarizədə istifadə etmək istəyən zaman Fred Asif bunun qarşısını alıb, öz batalyonunu həmin hərbi hissənin ərazisində yerləşdirib və bundan sonra ordakı sursatdan yalnız Azərbaycanın müdafiəsi üçün istifadə olunub. Azərbaycan Respublikası Müdafiə Naziri Dadaş Rzayevin fərmanı ilə Asifə polkovnik-leytenant hərbi rütbəsi verilib. Asifin hərbi təhsili olmamasına baxmayaraq, O, 859 saylı həmin batalyonun ilk komandiri olub.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı camaatını xilas etmək üçün Ağdam-Əsgəran istiqamətində dəhlizin açılmasında öz batalyonu ilə iştirak edib. Asif 1992-ci ilin 7 martında 859 saylı hərbi minaaxtaranlar hissəsinin komandiri təyin edilib.
1992-ci ilin martın 10-da Asifin köməyi ilə Aranzəmin, Pircamal, Dəhrəz kəndləri düşməndən azad edilib.


O, 1992-ci ildə Naxçıvanlı kəndi uğrunda gedən döyüşdə ağır yaralanıb. Müalicə olunandan sonra yenidən cəbhəyə qayıdıb. 1992-ci il iyunun 28-də döyüşdən qayıdanda ermənilər qumbaraatanla vurublar, onun maşını aşıb. Asifin ağ ciyəri ciddi zədələnib. O zaman Milli Qəhrəman adına təqdimatı yazılıb.
1993-cü ilin 27 oktyabrında Asif Şelli uğrunda gedən döyüşdə iştirak edib. Onun səhhəti vərəmə görə ağırlaşdığı üçün hərbi hissəni təhvil verib və müalicə məqsədi ilə Yalta şəhərinə gedib. 1994-cü ilin iyulun 1-də vərəmdən vəfat edib. 1994-cü ildə Bakıda II Şəhidlər xiyabanında dəfn edilib. Özündən sonra Azər adlı bir oğlu yadigar qalıb.



Ədalət Məhərrəmov

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Qəhrəman   Fred-Asif  







Xəbər lenti