Azərbaycanda karate: Yasaq idman ölkəmizdə necə yayılmışdı - Araşdırma+Fotolar

      Azərbaycanda karate:    Yasaq idman ölkəmizdə necə yayılmışdı -    Araşdırma+Fotolar
  08 İyul 2021    Oxunub:9720
Füzuli Sabiroğlu
Xüsusi olaraq Azvision.az üçün

1964-cü ildə Tokioda keçirilən XVIII Yay Olimpiya oyunları dünya, SSRİ və dolayısı ilə, həm də Azərbaycan idman tarixinə gətirdiyi yeniliklərlə əlamətdar oldu. Tokio Olimpiadasında ilk dəfə olaraq Dzü-do yeni idman növü kimi Olimpiya oyunlarının proqramına salındı. Ancaq bu, Tokio Olimpiadasında baş verən yeganə yenilik deyildi. Oyunların gedişində yapon idmançılar tamaşaçılara oyunların proqramında olmayan və dünyada çoxlarının xəbərsiz olduğu bir idman növünü də nümayiş etdirdilər. Bu, karate idi...
Tokio Olimpiadasından sonra karate bütün dünyada olduğu kimi, SSRİ-də də böyük populyarlıq qazandı. Nəticədə, 1969-cu ildə Sovet İttifaqında ilk rəsmi karate məktəbi yaradıldı. Bu məktəbə 1964-cü ildən karate ilə məşğul olan və bir necə il koreyalı ustad yanında məşğul olmuş Aleksey Şturmin rəhbərlik edirdi. Bunun ardınca isə M.Lomonosov adına Moskva Dövlət Universitetində və P.Lumumba adına Xalqlar Dostluğu Universitetlərində “Baumançı” və “Frunzeçi” karate dərnəkləri yaradıldı.



Ancaq karatenin inkişafı Sovet idman məmurlarını narahat edirdi. 1972-ci ildə, SSRİ İdman Komitəsi “Kulturizm, karate, qadın sambosu və bric kağız oyunları dərnəklərinin qadağan edilməsi haqqında” qərar verdi. Əslində isə bu, əlbəyaxa döyüş növünün insana verdiyi xüsusi üstünlüklərlə bağlı idi. Hətta yüksək hazırlıq keçmiş milis işçiləri karate ilə məşğul olmuş cinayətkarları çox çətinliklə ram edirdilər.




Sovet idman məmurları karatenin qadağan olunmasını “sovet bədən tərbiyəsi sistemilə heç bir uyğunluğu olmayan fiziki hazırlıq metodu” olması ilə əsaslandırırdılar. Ancaq hadisələrin gedişi bunun nə qədər məntiqsiz bir qərar olduğunu sübut etdi. SSRİ-nin əksər böyük şəhərlərində, o cümlədən, Bakıda gizli və yarımgizli də olsa, karate dərnəkləri fəaliyyətini davam etdirirdi.

SSRİ Dövlət İdman Komitəsinin bu qadağasının ömrü uzun çəkmədi. 1978-ci il mart ayının 13-də SSRİ Dövlət İdman Komitəsinin nəzdində Aleksey Şturminin sədrliyilə karate üzrə Dövlət Komissiyası yaradıldı. Bundan düz 8 ay sonra isə “Karate idman növünün inkişafı üzrə Əmr” verildi. Karate üzrə dövlət komissiyasının əsas vəzifəsi bu idman növünün öyrədilməsi ilə məşğul olan məşqçilərin attestasiya və məşqçi seminarlarını keçirməkdən ibarət idi.

Azərbaycanın tanınmış karate ustaları Mirəli Seyidov, Vladimir Xaritonov, Süleyman Məmmədov, Azad Kazımov birinci attestasiya və məşqçi seminarlarının iştirakçıları arasında idilər.


Süleyman Məmmədov

Gələcək məşqçilərin qarşısına çox ağır şərtlər qoyulmuşdu. Onlar hər hansı idman növü üzrə dərəcəyə və bədən tərbiyəsi üzrə ali təhsilə malik olmalı, eləcə də karate idmanı üzrə ilkin vərdişləri mənimsəmiş olmalı idilər.


Azad Kazımov

Həmin illərdə “Dinamo” idman cəmiyyətində fəaliiyət göstərən karate dərnəyinə Mirəli Seyidov, “Burevestnik” cəmiyyətində Azad Kazımov, “Spartak” cəmiyyətində Xaqani Ağayev, “Vodnik” cəmiyyətində Vladimir Xarotonov rəhbərlik edirdi.

Bir neçə il ərzində respublikada karate görünməmiş populyarlıq qazandı. Artıq karate dərnəklərində bu idman növü ilə məşğul olanların sayı minlərlə idi. Bəziləri üçün karate sadəcə dəb, bəziləri üçün isə ciddi idman növü idi. Həmin illərdə karateyə münasibətdə yeganə narahatlıq yaradan məsələ başqa idman növləri ilə məşğul olan peşəkar idmançıların da bu sahəyə ciddi axın etməsi idi. Peşəkar idman cəmiyyətlərindən başqa, bəzi müəssisələrin nəzdində də karate dərnəkləri yaradılmışdı. Ancaq, karateyə maraq göstərənlər təkcə idmançılar və gənclər deyildi. Bu dərnəklərdə tez-tez respublikanın tanınmış simalarına da rast gəlmək olurdu. Məsələn, tanınmış kino və teatr aktyoru Hacı Murad Yagizarov “Burevestnik” cəmiyyətində Azad Kazımovun rəhbərlik etdiyi karate dərnəyində məşq edirdi.


Hacı Murad Yagizarov

O illərdə dünyanın müxtəlif ölkələrində karate ustalarının iştirakı ilə çəkilmiş xeyli bədii və sənədli filmlər olsa da, onların SSRİ-də nümayişi təbii ki, mümkün deyildi. Ancaq 70-ci illərin sonunda Sovet kinomatoqrafçıları öz filmlərində karateyə müraciət etməyi qərara aldılar və 1979-cг ildə rejissor Boris Durovun çəkdiyi “XX əsrin dəniz quldurları” filmi ekranlara çıxdı. Bu film karate elementlərinin gen-bol istifadə edildiyi ilk Sovet döyüş filmi idi.

“XX əsrin dəniz quldurları”nda SSRİ-nin ilk karate ustalarından biri Tadeuş Kasyanovla bərabər başqa bir tanınmış usta, karate üzrə Özbəkistan çempionu Talqat Niqmatulin də baş rola çəkilmişdi. Elə bu səbəbdən idi ki, həmin film Sovet kinoprokatının ən çox tamaşaçı toplayan filmlərindən sayılırdı və onu təkcə SSRİ-də 90 milyondan çox tamaşaçı izləmişdi.

“XX əsrin dəniz quldurları” filmində o illərdə SSRİ-nin ilk karate ustalarından olan bir həmyerlimiz də çəkilib. Bu, həmin illərdə Moskvada Ümumittifaq Kinomatoqrafiya İnstitutunda oxuyan Cahangir Şahmuradovdur . O, filmdə dəniz qulduru Noy rolunu ifa edirdi.


Cahangir Şahmuradov "XX əsrin dəniz quldurları" filmində

“XX əsrin dəniz quldurları”ndan 2 il sonra “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan və karatenin daha geniş əks olunduğu “Qorxma, mən səninləyəm” filmi ekranlara çıxdı.


Abbas Kazımov "Qorxma, mən səninləyəm" filmində

Hələ çəkilişlərə başlamamış rejissor Yuli Qusman bu filmdə karate ilə zəngin çoxlu səhnələrin olmasını nəzərdə tutmuşdu və çəkiliş meydançasında qeyri-peşəkar kimi görünməmək üçün özü də karate ilə məşğul olmaq qərarına gəlmişdi. O, Musiqili Komediya Teatrında Abbas Kazımovun rəhbərliyi ilə fəaliyyət göstərən karate dərnəyində məşq edirdi. Həmin dərnəkdə Yuli Qusmanla bərabər tanınmış kino aktyoru və rəssam Elçin Məmmədov da karate öyrənirdi.

Yeri gəlmişkən, Abbas Kazımov özü də “Qorxma, mən səninləyəm” filmindəki həbsxana səhnəsində çəkilib. Ümumiyyətlə bu filmdə karate səhnələrində kaskadyorlarla bərabər çəkilənlərin əksəriyyəti Bakıda fəaliyyət göstərən karate dərnəklərinin üzvləridir. Sonradan rejissor Yuli Qusman Azərbaycan Karate Federasiyasının sədri və baş məşqçisi oldu.

1980-ci ildə Bakıda, Azərbaycan Politexnik İnstitutunun idman sarayında karate üzrə I Azərbaycan çempionatı keçirildi.


Karate üzrə I Azərbaycan çempionatı


Bu hadisə karate sevənlər üçün əsl bayram idi. Yarışlara baxmaq üçün gələn tamaşaçıların sayı o qədər çox idi ki, nəinki tribunalarda, hətta dəhlizlərdə ayaq üstə dayanmağa belə yer yox idi...


Cahangir Şahmuradov


Abbas Kazımov məşq zamanı


Abbas Kazımov və Hacı Murad Yagizarov Karate üzrə 1-ci Azərbaycan çempionatının hakimlər stolunda

(Yazının ardını buradan oxuya bilərsiniz)

Füzuli Sabiroğlu
Xüsusi olaraq Azvision.az üçün


Bu material Medianın İnkişafı Agentliyinin Dəstəyilə Hazırlanıb
Mövzu: 6.3.19 Uşaq və gənclərin fiziki və mənəvi inkişafı



Teqlər: Karate   Araşdırma  





Xəbər lenti