"Ay-ulduzlu"ya nə olub? Türkiyə Millisinin iflasının səbəbləri

  "Ay-ulduzlu"ya nə olub?  Türkiyə Millisinin iflasının səbəbləri
  21 İyun 2021    Oxunub:4847
"Avro-2020" Türkiyə Milli Komandası üçün ən uğursuz çempionatlardan biri oldu. A qrupunda yer alan “ay-ulduzlular” İtaliya (0:3) və Uelslə (0:2) oyunların ardından, son turda İsveçrəyə də 1:3 hesabıyla uduzdular.
Qardaş ölkənin futbolçularının çempionatı xalsız bitirmələri və göstərdikləri oyunun keyfiyyəti geniş müzakirəyə səbəb olub. Türkiyə mediası, habelə xarici KİV çempionatdan öncə komandanı xeyli iddialı qiymətləndirirdi. Bəs nə baş verdi? Özü də üç oyundan ikisi Bakıda - praktik olaraq, doğma divarlar arasında keçirilib ki, bu amil də komandaya dəstək olmalı idi.

Türkiyənin idman mediası və fanatlar yığmanın baş məşqçisi Şenol Günəşi yerli çempionatda oynayan futbolçulara şans verməməkdə qınayırlar. Bir neçə il öncə Şenol Günəşin xarici oyunçu limitilə bağlı fikirləri də yenidən gündəmə gətirilib. Qalmaqal yaradan başqa bir məsələ baş məşqçinin aldığı maaşın məbləği olub. Belə ki, Türkiyə Futbol Federasiyasından hər il 3,2 milyon avro (33 milyon türk lirəsi - red.) alan Güneş, turnirin üç favorit komandasının məşqçilərindən sonra ən yüksək maaş alan dördüncü baş məşqçidir. Rəqəmlərə görə, Almaniya Milli Komandasının baş məşqçisi Yoahim Löv 4,4 milyon avro, Fransa Milli Komandasının baş məşqçisi Didyö Deşamp 4,2 milyon avro, İspaniya Milli Komandasının baş məşqçisi Luis Enrike 3,4 milyon avro qazanır. Şenol Günəşin postunda qalıb-qalmayacağı bilinmir. Amma iddialara görə, İsveçrəyə 1:3 hesabıyla məğlubiyyətdən sonra Fatih Terim bəzi oyunçularla “Skype” vasitəsilə danışıb. Görüşün detalları barədə məlumat yoxdur. Güneşin yerinə Fatih Terimin gələ biləcəyi ehtimalının özü belə futbol mediasında zəlzələ effekti yaradıb.



Türkiyə yığmasının uğursuzluğu Azərbaycanda da geniş müzakirə olunur. Fikirlərini AzVision.az ilə bölüşən "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmlinin fikrincə, uğursuzluğun bir neçə səbəbi var:

- Türkiyə hazırlıqsız idi. Avropa Çempionatına hazırlıq mərhələsində rəqiblər iddialı komandanın statusuna uyğun deyildilər. Bu səbəbdən komanda öz gücünü, potensiyalını bilmədi. Bundan başqa, İtaliya ilə ilk oyunda darmadağın olması Türkiyə yığmasının özünəinamını məhv etdi. Bəlkə Uels-lə oyun birinci olsaydı, daha yaxşı alınardı. Bunu baş məşqçi Şenol Güneş də mətbuat konfransında bildirmişdi. Daha bir məqam odur ki, oyunların Bakıda keçirilməsi türkiyəli futbolçuları ruhlandırmaq əvəzinə, mənfi təsir etdi. “Bizim cocuqlar qardaş ölkədə oynayacaqlar” kimi pafoslu çıxışlar psixoloji təzyiq yaradırdı. Bütün bunlar ona gətirib çıxardı ki, bu gün biz acınacaqlı vəziyyətlə üz-üzəyik.
Təbii ki, belə nəticə Türkiyənin potensialına heç uyğun deyil. Komandada oyundaşlarını arxasınca apara biləcək lider yox idi. Keçmiş vaxtlarda bu missiyanı Hakan Şükür, Bülent Korkmaz kimi futbolçular öz üzərinə götürürdüsə, bugünkü yığmada o statusda biri yoxdur. Ümumilikdə heyət seçiminin də düz olmadığını demək olar. Bu cür nəticələrdən sonra şəxsən mənim özümə də Şenol Günəşi postunda saxlamağa dəyib-dəymədiyi şübhəli qalıb. Komanda hətta növbəti mərhələyə çıxsaydı belə, nə isə edə biləcəkdimi? Yığma faktiki ulduzlar toplusu idi. Bu potensialla uğursuzluq yaşayan bir baş məşqçinin gələcəyi sözsüz ki, müzakirəyə çıxarılmalıdır.



İdman jurnalisti, futbol şərhçisi, eyni zamanda, "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə düşünür ki, Uelslə matçdan öncə yaşananlar Azərbaycan-Türkiyə dostluğunun böyük qələbəsi idi. Futbol tərəfinə gəlincə isə:

- Türkiyə Avropa Çempionatının gizli favoriti hesab olunurdu. Heyət baxımından heç kəsdən geri qalmırdı. Ən gənc heyətləri olmasına rəğmən, kifayət qədər keyfiyyətli futboçluları var idi. Bu heyətlə finala qədər irəliləmək mümkün idi. Zənnimcə, Türkiyə mediası komandanın turnirdən əvvəl çox yüklədi. Bu isə, futbolçularda əlavə psixoloji təzyiq yaratdı. Şenol Günəşin özü ən böyük təzyiq altında olan isim idi. Təəssüf ki, psixoloji baryeri aşa bilmədilər, nəticədə belə bir mənzərə yarandı. Əvvəllər Türkiyə komandası taktiki plandan daha çox ürəyi ilə oynayan komanda təəssüratı yaradırdı. “Ay-ulduz”lular daha çox döyüşən, sona qədər mübarizə aparan, sanki son döyüşə çıxan heyət fikri yaradırdılar. Amma bu il bunu görmədik. Belə məqamda Fatih Terim yada düşür. Fatih Terimin ən böyük üstünlüyü məhz komandanı oyuna yaxşı kökləmək idi. O zaman da Türkiyə yığması ağlı ilə deyil, daha çox ürəyi ilə oynayan komanda idi. Bu yarışda onlar ürəklərini meydana qoymadılar.

Ekspert düşünür ki, Türkiyə yığmasının bu heyətindən Kenan, Okay kimi 2-3 futbolçu göndərilməlidir, Şenol Günəşə isə sahib çıxmaq lazımdır: "O, Dünya Çempionatının seçmə mərhələsinə uğurla başlayıb. Əgər komandanı çempionatın final mərəhələsinə daşımasa, o zaman onun istefası barədə düşünmək lazımdır. Əminəm, bu heyət Şenol Günəş ilə böyük uğurlar əldə edəcək. Təbii ki, bəzi adları dəyişmək şərtilə. Oyunçulara gəlincə, komandaya mane olan Burak Yılmaz idi. O, Fransada çempion ola, komandasını çempionluğa daşıya bilər. Amma millidə bu, keçmir. Sanki, komandada ağa odur. Hər oyun start heyətində başlayıb, mane olurdu. Bu komandadan hamıdan qabaq göndərilməli olan futbolçu Burakdır.

Bütün Azərbaycanın futbol azarkeşlərinin Türkiyə yığmasını dəstəklədiyini deyən veteran futbolçu Mahmud Qurbanov belə düşünür ki, məğlubiyyət seriyasına səbəb İtaliya yığmasına qarşı uğursuz matçın verdiyi pis ab-hava oldu:

- Qarşılaşmalar göstərdi ki, Türkiyə yığması komanda şəklində yox, fərdi qaydada oynayıb, nə isə etmək istəyir. Pas lazım olduqda ötürmürlər və s. Ümumiyyətlə, komandada ruh yox idi. Heç bir oyunçu liderliyi üzərinə götürməmişdi, hərə öz bildiyini etdi. Bizim vaxtımızdakı Türkiyə yığması ilə indinin arasında böyük fərq var. O vaxt Şenol Günəşin komandasında kimlər yox idi ki? Hakan Şükür, Əmrə Bələzoğlu, Bülent Korkmaz, Rüştü Rəncbər kimi hamısı öz mövqeyində ulduz idi. Həm futbolçu kimi, həm də şəxsiyyət kimi komandada nüfuzları var idi. O zaman komanda ruhu, barışmazlıq, mübarizə var idi. Onlarla indikiləri müqayisə etmək belə doğru deyil. Amma bir şey də var ki, bu yığma son üç oyunda uğursuz çıxış edib. Bir-iki il öncəyə nəzər salsaq, görərik ki, Fransaya, Hollandiyaya qarşı necə futbol sərgiləyiblər. Gənc yığma idi və gözəl oynayırdılar. Amma son 3 oyunda nə o xarakteri, nə əzmkarlığı, nə də oyunu gördük. Bunun məsuliyyətinə gəldikdə isə, həmişə uduzan komandanın baş məşqçisi günahkar olur.

Bəxtiyar Məmmədov
Azvision.az


Teqlər: Futbol   Türkiyə  





Xəbər lenti