Paşinyan və üç muşketyor: Seçkidən sonra mümkün ssenarilər – TƏHLİL
Əsas şüarı “korrupsiya ilə mübarizə və ölkənin inkişafı” olan Nikol Paşinyanla “Rusiyanın adamı” və “prezident Putinin yaxın dostu” kimi tanınan, əsas şüarı “ölkənin müdafiəsinin təmin edilməsi və itirilmiş torpaqların qaytarılması” olan Koçaryan arasında səslərin təxminən bərabər bölünməsi seçkidən sonra hadisələrin inkişaf istiqaməti ilə bağlı iki fərqli versiyanın irəli sürülməsinə əsas yaradır.
Siyasi qüvvələrdən hər hansı birinin mütləq üstünlük əldə etməməsi halında güman ki, siyasi mübarizə ya sivil qaydada, ya da vətəndaş qarşıdurması və silahlı mübarizə yoluyla davam etdiriləcək.
Bərabər dəstək qazanmış siyasi qüvvələrin hakimiyyəti götürmək üçün hansı varianta üstünlük verəcəkləri daha çox onları dəstəkləyən xarici dövlətlərin iradəsindən asılı olacaq və şübhəsiz ki, bu məsələ ABŞ və Rusiya prezidentlərinin bugünlərdə Cenevrədə keçirilən görüşündə müzakirə mövzularından biri olub. Hadisələrin gedişindən ehtimal etmək olar ki, Rusiya öz namizədinin baş nazir kürsüsündə əyləşdirilməsi üçün Ermənistanda vətəndaş qarşıdurmasının baş verməsində maraqlı deyil. Çünki, Azərbaycanla hələ də müharibə şəraitində olan, Türkiyənin isə tətikdə gözlədiyi bir məqamda Ermənistan daxilində silahlı vətəndaş müharibəsinin nəticələri Moskva üçün bütünlükdə Ermənistanın – yəni Cənubi Qafqazın itirilməsi ilə nəticələnə bilər.
Doğrudur, vətəndaş qarşıdurmasının baş verəcəyi təqdirdə Rusiyanın Koçaryana hərbi dəstək verməsi şansları daha böyük olsa da, bu, heç də Paşinyanın dəstəksiz qalacağı və Koçaryana qarşı müqavimət göstərməyəcəyi anlamına gəlmir. Hətta Koçaryan silahlı qarşıdurma yolu ilə hakimiyyətə yiyələnsə belə, onun hakimiyyətinin beynəlxalq legitimliyi sual altına düşməklə yanaşı, uzunömürlüyünə də heç kim zəmanət vermir. Belə olan halda, Rusiyanın da maraqlı olduğu Zəngəzur dəhlizi layihəsinin reallaşması düyünə düşə bilər ki, Moskva Koçaryanın çatışmayan bir neçə səs faizini tamamlamaq üçün bu qədər qurban verməz.
Odur ki, Rusiya ilə Qərb Ermənistanda seçkilərin bitməsi və hökumətin sivil yolla formalaşmasını səbrlə kənardan izləməli olacaqlar. Rusiya artıq Ermənistanda istədiyi siyasi nəticəni əldə edib: Ölkədə siyasi qütbləşmə baş verib və əgər əhalinin yarısı qərbyönümlüdürsə, tam yarısı da rusiyayönümlü olub. Bu vəziyyət 2018-19-cu illərdən kardinal şəkildə fərqlənir və Moskvaya Ermənistan daxilində güclü siyasi təsir rıçaqı saxlamaq imkan yaradır.
Beləliklə, seçki nəticəsində nə Paşinyan, nə də Koçaryan mütləq üstünlük qazanmayacaqları üçün koalisiya höküməti yaratmağa can atacaqlar. Bu mənada az səs toplamış, nisbətən kiçık və xırda partiyaların rolu artacaq. Güman etmək olar ki, “Qarabağ” klanının nümayəndəsi kimi Serj Sarkisyan Koçaryanla koalisiyaya qoşulmağa üstünlük verəcək. Paşinyan isə xırda partiyaların onun ətrafında birləşməsinə ümid edə bilər.
Belə vəziyyətdə həlledici fiqurlar Qaqiq Tsarukyan ilə Levon Ter-Petrosyan olacaqlar. Məhz bu iki siyasətçinin hansı liderə dəstək verməsi baş nazir postuna yiyələnək şəxsin kimliyini müəyyən edəcək.
Paşinyanın vaxtilə Ter-Petrosyanın partiyasından çıxdığını, Tsarukyanın isə son dövrlərdə Serj Sarkisyanla münasibətlərinin pozulduğunu nəzərə alsaq, bu iki siyasətçinin hazırkı baş nazirlə koalisiyaya gedəcəyini ehtimal etmək olar.
Azərbaycanın maraqları baxımından Ermənistanda hakimiyyətdə kimin olması çox da böyük məna kəsb etməyəcək. İstər Koçaryan, istərsə də Paşinyan müharibənin bitməsinə dair 2020-ci ilin 10 noyabr bəyanatının müddəalarını icra etməli olacaq. Nə Koçaryan, nə də Paşinyan Azərbaycanın azad etdiyi torpaqları geri qaytarmaq kimi sərsəm xəyalların gerçəkləşdirilməsinə cəhd belə göstərə bilməyəcəklər. Ən azı ona görə ki, bunun üçün Ermənistanın hərbi potensialı qalmayıb. Rusiyanın Koçaryana hansısa hərbi dəstək göstərməsi və bunun hesabına revanşist planların reallaşması da qeyri-mümkündür. Türkiyə ilə Azərbaycan arasında imzalanmış müttəfiqlik bəyannaməsi bu ehtimal üzərindən qalın xətt çəkdi.
Tofiq Vahid
Azvision.az
Teqlər: Ermənistan Seçki