Haqsız “penalti”: Azərbaycana informasiya zərbəsini kimlər və niyə endirir

      Haqsız “penalti”:    Azərbaycana informasiya zərbəsini kimlər və niyə endirir
  11 İyun 2021    Oxunub:5488
Avropa mediasında çox pis bir ənənə yaranıb: Hər dəfə hansısa böyük beynəlxalq tədbir ərəfəsində Azərbaycanın qazanacağı dividendləri dəyərdən salmaq üçün onu topa tuturlar. İndi də Futbol üzrə Avropa Çempionatı ərəfəsində informasiya meydanında Bakının qapısına haqsız penalti təyin olunub.
Əvvəlkilərdən fərqi odur ki, bu dəfə oyunda Rusiya mediası da var. Əsas simaları ermənilər olan Rusiya mediası. Görmək çoxmu çətindir: Problemi çıxaran şəxs (Nobel Arustamyan) – erməni, onun çalışdığı kanalın rəhbərinin (Tina Kandelaki) – anası erməni... Zərbənin haradan gəldiyi ortadadır.

Məsələ ondadır ki, Azərbaycan hər hansı bir qaralama kampaniyasına səbəb olacaq heç nə etməyib. “Matç TV”nin futbol şərhçisi Nobel Arustamyan 7 il əvvəl Azərbaycan qanunlarını pozaraq, Qarabağa qanunsuz getdiyi üçün arzuolunmaz şəxslərin siyahısına salınıb. 2014-cü ildə Avropa Çempionatının Bakıda keçiriləcəyi haqda heç söhbət də yox idi. Bu, istənilən dövlətdə mövcud olan praktikadır. Siz Rusiyanın, Fransanın, Almaniyannın, “X” və ya “Y” ölkələrinin qanunlarını pozsanız, onlar da sizi “qara siyahı”ya sala və bir daha ərazilərinə buraxmaya bilərlər. Çox vaxt bunu yüngül səbəblərə görə də edirlər. Azərbayanın Arustamyanı “qara siyahı”ya salması üçün isə, çox ağır səbəb olub – Ərazi bütövlyünə hörmətsizlik.



Göründüyü kimi, bu, əsla və qətiyyən futbolla bağlı məsələ deyil. Sadəcə, futbol ərəfəsində qabardığı üçün Azərbaycana qarşı yeni hücumlar üçün kimlərinsə əlinə şans verib. Bu taktikanın kökü isə hətta Arustamyanın Qarabağa səfərindən də xeyli əvvələ gedir.

Avropa mediasının Azərbaycana qarşı kampaniya xarakterli ilk hücumunu biz hələ “Nabukko” layihəsindən imtina olunan dövrlərdə görmüşdük. ABŞ və Avropanın marağına uyğun olsa da, onlar özləri layihənin reallaşması istiqamətində heç bir real addım atmırdılar. 2009-cu ildə Rusiya ilə Türkiyə “Cənub axını” haqda razılığa gələndən sonra məsələ aktuallığını itirdi, 2013-cü ildə rəsmən ondan imtina olundu. Bundan sonra Azərbaycan “Cənub dəhlizi”ni rellaşdırmaqla “Nabukko”nu ortaya atıb, meydana girməyənlərə göstərdi ki, ideyanı həyata necə keçirmək lazımdır. Amma bütün bu proses tamamilə haqsız yerə ölkəmizə qarşı informasiya hücumları ilə müşayiət olunmuşdu.

2012-ci ildə, Bakıda “Eurovision” keçirilən ərəfədə artıq hazır taktika vardı. Diqqəti musiqi bayramından yayındırmaq üçün Avropa mediası “insan hüquqları” kimi qurama bəhanələr tapıb, Azərbaycana kütləvi hücuma keçdi. O zaman bizdə hələ də bir çaşqınlıq var idi, nəyin və niyə baş verdiyini tam anlamaq olmurdu.

2015-ci ildə İlk Avropa Oyunları Bakıda təşkil olunanda vəziyyət daha ağır formada təkrarlandı. Bu, Avropa üçün əsl idman bayramı olsa da, kimlərsə onun Azərbaycanın mənfi yöndə tanıdılması kampaniyasına çevrilməsi üçün gizli komanda vermişdilər.
Onda biz barmağımızı dişlədik: Hər dəfə ölkənin nüfuzuna, imicinə müsbət təsir edəcək hadisə fonunda qaralama kampaniyası aparılırsa, demək, təsadüfdən söhbət gedə bilməz, burada qanunauyğunluq var.

Həqiqətən, bu tendensiya 2016-cı ildə “Formula-1" yarışlarının ilk Bakı qran-prisi zamanı da özünü göstərdi. Yeni də eyni dəst-xətt, eyni məqsəd.

2017. Bakı “İslam oyunları”na ev sahibliyi edir, amma yenə də uydurma bəhanələrin üzərində qurulmuş media hücumu kampaniyası ilə üzləşir.

Nəhayət, 2021. Futbol üzrə Avropa çempionatı. 7 il əvvəl ölkənin qanularını pozduğuna görə qara siyahıya salınan bir erməni şərhçi əsas şərçi rolunda çıxış edir. Və heç kim bu sualı qoymur: Günah kimdədir - erməniliyini jurnalistliyindən üstün tutaraq, bir dövlətin ərazi bütövlüyünə hörmətsizlik edən şəxsdə, yoxsa, onu arzuolunmaz elan edən ölkədə?

Bu dəfə erməniliyin Azərbaycana hücum etmək ehtirası daha güclüdür: “Vətən Müharibəsi”ndən sonra onlar hər fürsətdə asimmetrik də olsa, cavab zərbəsi endirməyə çalışırlar. Üstəlik, Avropa Çempionatı əsnasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ailəsilə birlikdə Azərbaycana, Şuşaya gələcəyi xəbərləri də onları möhkəm cırnadır.

Arustamyan 2014-cü ildə də Azərbaycan ərazisinə jurnalist kimi yox, erməni kimi gəlmişdi, indi də Avropa Çempionatında jurnalistlik yox, ermənilik edir. Bu məsələdə prinsipiallıq başqa şəkildə göstərilməli idi. Məsələn, UEFA Azərbaycanın qanunlarını pozmuş erməni jurnalistlə bağlı prinsipial mövqedə duraraq, onu akkreditasiya etməyə bilərdi. Bu, ona başucalığı gətirən ədalətli mövqe olardı. UEFA göstərərdi ki, “fair play” qaydalarına meydandan kənarda da əməl edir. Amma indiki halda o da Avropanın bütün qurumları kimi ancaq bircə məsələdə prinsipiallıq göstərmiş oldu: Prinsipsizlikdə.

Qarşıda böyük futbol bayramı var. Biz ümid edirik ki, ən azından, futbol zövqünü korlamamaq üçün Azərbaycana qarşı hikkəsi olanlar dişlərini sıxacaqlar. Gəlin, düzgün oynayaq.

Vüsal Məmmədov
Azvision.az


Teqlər: Futbol   Avropa-Çempionatı  





Xəbər lenti