Azərbaycanı `Çölçü` təmsil edir

Azərbaycanı `Çölçü` təmsil edir
  08 Mart 2014    Oxunub:1253
Azərbaycan 42-ci Belqrad Beynəlxalq kinofestivalında “Çölçü” filmi ilə təmsil olunur.

Serbiyada keçirilən 42-ci Belqrad Beynəlxalq kinofestivalında (FEST) Azərbaycan rejissor Şamil Əliyevin “Çölçü” filmi ilə təmsil olunur.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış bu ekran əsəri festivalın “Avropa Avropanın xaricində” müsabiqə proqramına daxil olunaraq nümayiş etdirilmişdir. Ümumilikdə, festivalda 10 gün ərzində 9 nominasiyada 75 film nümayiş olunan, müsabiqə proqramına isə 6 film seçilib.

Özünəməxsus süjet xətti ilə seçilən “Çölçü” filmi həm yerli, həm də xarici tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Filmin nümayiş etdirildiyi günlərdə Belqradda səfərdə olan rejissor Ş.Əliyev KİV nümayəndələrinə ekran əsəri haqqında, eləcə də Azərbaycanda bütün sahələrlə yanaşı, kinematoqrafiya sektorunda da müşahidə olunan sürətli inkişaf barədə ətraflı məlumat vermişdir. O, Serbiya Kinematoqrafçılar İttifaqında həmkarları ilə görüşərək iki ölkə arasında bu sahədə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıb.

Səfər zamanı Şamil Əliyev ölkəmizin Serbiyadakı səfirliyinin əməkdaşları və burada yaşayan Azərbaycan icmasının nümayəndələri ilə birgə Azərbaycan hökumətinin dəstəyi ilə əsaslı təmir və bərpa edilən “Taşmaydan” parkını ziyarət edib, ümummilli lider Heydər Əliyevin burada ucaldılan abidəsinin, eləcə də görkəmli serb yazıçısı Milorad Paviçin heykəlinin, habelə Belqrad şəhərinin bombalanması zamanı həlak olan uşaqların xatirə lövhəsinin önünə tər çiçəklər qoyub. Ş.Əliyev, həmçinin Prezident İlham Əliyevin tapşırığı və Azərbaycan hökumətinin dəstəyi ilə əsaslı təmir və bərpa edilən “Bayraklı cami” məscidini, habelə Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib.


Teqlər:





Xəbər lenti