Viruslu siyasət, yaxud, Lavrovun İrəvanda imzaladığı sənədin qaranlıq tərəfləri – ARAŞDIRMA

      Viruslu siyasət,    yaxud, Lavrovun İrəvanda imzaladığı sənədin qaranlıq tərəfləri –    ARAŞDIRMA
  10 May 2021    Oxunub:19839
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana mayın 6-da baş tutan səfərinin nəticəsi olaraq, cəmisi bircə dənə sənəd imzalanmışdı: İki ölkənin hökumətləri arasında bioloji təhlükəsizliyin təmin olunması ilə bağlı Memorandum. Qarabağ müharibəsindən sonra yaranan yeni reallığın fonunda sadə və əhəmiyyətsiz məsələ kimi görünə bilər, amma Moskva düz iki ildir ki, bununla bağlı Ermənistanla əsəbli danışıqlar aparırdı. Məsələ hətta siyasi detektivi xatırladır, amma bəzən reallıq kinodan daha maraqlı olur. Bu dəfə də elədir.
Lavrovun İrəvanda imzaladığı Memoranduma görə, Rusiyanın səhiyyə və müdafiə nazirliklərinin mütəxəssisləri Pentaqonun Ermənistanda yaratdığı bioloji laboratoriyaların fəaliyyətinə nəzarət edə biləcəklər. Məlumdur ki, ABŞ-ın Müdafiə Nazirliyinin nəzdində olan Təhlükəsizliyə Hədələrin Azaldılması Agentliyi (DTRA) dünyanın 25 ölkəsində bioloji laboratoriyalar yaradıb. Bu ölkələrdən 5-i - Ermənistan, Gürcüstan, Ukrayna, Qazaxıstan və Tacikistan,- Rusiya ilə həmsərhəddirlər. Üçü isə hətta KTMT-nin üzvüdür!



Ermənistan bu proqrama 2008-ci ildə qoşulub. “Wikileaks”in sızdırdığı məlumatlara görə, o vaxt ABŞ hökuməti Ermənistan hakimiyyətinə iki laboratoriyanın yaradılması üçün $9 milyon ayırmağı vəd etmişdi.



2018-ci ildə artıq Ermənistan ərazisində 50 milyon dollar xərclənərək, biolaboratoriyaların bütöv şəbəkəsi yaradılmışdı. Bu gün Ermənistanda ABŞ-ın ümumilikdə 12 bioloji laboratoriyası var. Hətta Rusiya hərbi bazasının olduğu Gümrüdə belə, Pentaqon özünün sirli biolaboratoriyasını qurub. Formal olaraq, Ermənistan hökumətinə tabe sayılsalar da, onların işinə Pentaqonun nümayəndəsi, mayor Metyu Poupi rəhbərlik edirdi.

Niyə “sirli”? Çünki məsələnin üstü açılandan sonra Moskva dəfələrlə aydın şəkildə bildirib ki, sərhədlərinin bilavasitə yaxınlığında, necə deyərlər, lap “qulağının dibində” qurulmuş bu laboratoriyaların fəaliyyəti onu ciddi şəkildə narahat edir. Ruslar bu laboratoriyaların işini “hərbi-tibbi-bioloji” xarakterli saydıqlarını gizlətmirdilər. Bu fikri düz bir il əvvəl, 2020-ci il, mayın 29-da KTMT-yə üzv ölkələrin xarici işlər nazirlərinin iclasında Sergey Lavrov da səsləndirmişdi.

Ermənistandakı rəsmi olaraq “xəstəliklərə nəzarət və profilaktika” adlanan mərkəzdə müxtəlif epidemiyaları yaradan patogenlər - viruslar və ştammlar öyrənilir. ABŞ-ın həmin laboratoriyaları MDB ölkələrində yerləşdirməsini Rusiyanın öz təhlükəsizliyinə hədə sayması tamamilə məntiqlidir: Niyə yankilər sevimli viruslarını öz ölkələrində yox, qonşu dövlətlərdə də yox, gəlib, dünyanın o biri başında öyrənməlidirlər axı? Məntiqlə belə çıxır ki, həmin laboratoriyalarda görülən işi, Amerikanın qanunlarına zidd olduğu üçün, Ştatların ərazisində həyata keçirmək mümkün deyil. Amma bu, məsələnin sadəcə, bir tərəfidir...

Həmin mərkəzlərdə bioloji silahın hazırlandığına dair iddialar dəfələrlə mediaya yol tapıb. 2018-ci ilin sentyabrında Gürcüstan kəşfiyyatının keçmiş rəhbəri İqor Giorqadze iddia etmişdi ki, ölkəsindəki “Luqar mərkəzi” adlanan Amerika laboratoriyasında əslində bakterioloji silah hazırlanır. O, həmçinin, insanlar üzərində təcrübələrin aparıldığını da istisna etməmişdi.



Maraqlıdır ki, Tiflisdəki Luqar Mərkəzində Amerikanın 3 özəl bioloji şirkətinin – “CH2M Hill”, “Battelle” və “Metabiota”nın əməkdaşları çalışırlar. Bunların hər üçü bütün dünyada Pentaqon ilə CİA-nın podratçı şirkətləri sayılır. Ermənistandakı laboratoriyaları da həmin şirkətlər qurublar.



Qəribədir: axı, ABŞ-da Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzlər adlanan Federal Agentlik (Centers for Disease Control and Prevention, CDC) var və o, Səhiyyə Nazirliyinin nəzdindədir. Xarici ölkələrdə yaradılan laboratoriyalar şəbəkəsinin həmin quruma yox, məhz Pentaqona tabe olması özlüyündə şübhələrin yaranması üçün kifayətdir.

Bu məsələ bütün ciddiyyəti ilə Rusiya rəhbərliyinə çatandan sonra Moskva həmin laboratoriyalara nəzarət imkanının yaradılması üçün təkid etməyə başladı. Amma Sarkisyan hökuməti buna söz versə də, həyata keçirmədi. İstisna deyil ki, 2018-ci ildə onun devrilməsinə Moskvanın gözlənilmədən son dərəcə sakit yanaşmasında bu amilin də təsiri yox deyildi.

Paşinyan hökuməti bu məsələdə əvvəlcə Moskva ilə danışıqlara getdi, sonra həmin danışıqları maksimum uzatdı. 2019-cu ilin payızında hətta Moskva ilə İrəvan Amerikanın bioloji laboratoriyalarına nəzarətlə bağlı Memorandumu imzalamağa maksimum yaxın görünürdülər. Amma Paşinyan son anda dayandı. 2019-cu ilin oktyabrında Memorandumun üzərində iş bitmişdi, noyabrın 10-11-də Sergey Lavrovun İrəvana səfəri zamanı həmin sənəd imzalanmalı idi, fəqət, Lavrov əliboş qayıtmalı oldu.



Əvəzində, 2019-cu ildə DTRA-nın nümayəndələri Ermənistana təşrif buyuraraq, bioloji laboratoriyaların fəaliyyət müddətini 2025-ci ilə qədər uzatmaq haqqında razılığa gəlirlər...



2020-ci ilin yazında “Erməni qartalları. Vahid Ermənistan” partiyasının sədri Xaçik Asryan Pantaqondan “Ermənistan ərazisində təhlükəli bioloji eksperimentləri dayandırmağı” tələb edir.

Nəhayət, II Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra görünür, əli Rusiyanın ətəyindən başqa, hər yerdən üzülən İrəvan çoxdandır ki, Moskvanın tələb etdiyi bu sənədi imzaladı. Onun mətninin gizli saxlanılması xeyli maraqlıdır. Böyük ehtimalla, sənəd Rusiya ekspertlərinə ABŞ-ın laboratoriyalarına tam nəzarət etmək imkanı yaratdığı üçün...

İndi Moskva gizlətmir ki, Gürcüstan, Ukrayna, Qazaxıstan və Tacikistanın da eyni sənədi imzalamalarını istəyir.

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Ermənistan   Lavrov   ABŞ  





Xəbər lenti