Heydər Əliyev - Tarix yaradan şəxsiyyət
Bu gün də hamını düşündürən bir sual var: Heydər Əliyev olmasaydı, nə baş verəcəkdi? Bu gün müstəqil, güclü Azərbaycan olacaqdırmı? Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycanı Heydər Əliyev xilas etdi. Və bugünkü müstəqil dövlətimizin memarı məhz Heydər Əliyevdir.
Ulu Öndərin Azərbaycana rəhbərliyinin ən vacib istiqamətini Dağlıq Qarabağ məsələsi təşkil edirdi. Heydər Əliyev respublikaya rəhbərliyinin birinci dövründə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının açıq müstəviyə çıxmasına imkan verməyib. Ümummilli lider Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildikdən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi barədə edilən cəhdlərin qarşısının alınmasında xüsusi prinsipiallıq göstərib. Bu haqda ümummilli lider Heydər Əliyevin özü demişdi:
“… 1969-cu ildən Azərbaycana rəhbərlik etmişəm. O zaman da bu məsələlər qaldırılıbdır. 1977-ci ildə SSRİ-nin Konstitusiyası qəbul olunarkən Konstitusiyanı hazırlamaq üçün komissiya təşkil edilmişdi. Komissiyaya o vaxtkı Kommunist Partiyasının Baş katibi Brejnev rəhbərlik edirdi və respublikaların nümayəndələri də, o cümlədən mən də bu komissiyanın üzvü idim. Komissiya layihə hazırladığı dövrdə, təxminən, bir il müddətində həddindən artıq təkliflər gəlmişdi ki, Dağlıq Qarabağ ayrılıb Ermənistana verilməlidir. Hətta, bir-iki dəfə bu məsələnin komissiyada baxılmasına cəhd olmuşdu... Mən o vaxt bunların qarşısını aldım. Amma, qarşısını almaq da çətin idi. İradəmlə və Azərbaycan xalqının milli mənafelərini canımla, qanımla müdafiə edərək qarşısını aldım”.
Müstəqillik illərində Ulu Öndər Dağlıq Qarabağın tarixi Azərbaycan ərazisi olması, ermənilərin torpaqlarımızı işğal etməsi, törətdikləri Xocalı soyqırımı və digər qətliamları beynəlxalq tribunalardan bəyan etmişdi. Heydər Əliyev ermənilərin ölkəmiz ətrafında yaratdığı informasiya blokadasının yarılmasında, müstəqil dövlətimizin dünya birliyində öz layiqli yerini tutmasında mühüm rol oynayıb.
1996-cı il dekabr ayının 2-3-də ATƏT-in Lissabon sammitində Dağlıq Qarabağ münaqişəsi müzakirə mövzularından birinə çevrilmiş, Prezident Heydər Əliyevin qəti və inadlı mövqeyi nəticəsində ATƏT-in icraçı sədrinin bəyanatında münaqişənin üç prinsip əsasında tənzimlənməsi öz əksini tapmışdı - Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü; Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarə statusunun verilməsi; Dağlıq Qarabağ əhalisinin təminatlı təhlükəsizliyi. Bu prinsiplər Ermənistandan başqa, ATƏT-in 53 dövləti tərəfindən dəstəkləndi.
Ulu Öndər Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”, demişdi.
Bu gün artıq Qarabağ azaddır, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa azaddır. Qarabağı azad görmək Ulu Öndərin ən böyük arzusu idi. Prezident İlham Əliyev Ümummilli Liderimizin vəsiyyətini yerinə yetirərək Qarabağı 30 illik işğaldan azad etdi və yurd həsrətimizə son qoydu. İndi Ulu Öndərimizin ruhu şaddır. Onun hər zaman azad görmək istədiyi Qarabağda Azərbaycanın üçrəngli şanlı bayrağı dalğalanır.
Tarixin görkəmli şəxsiyyətləri sırasında ön yerdə olan Heydər Əliyev haqqında dünya liderləri, tanınmış siyasətçilər öz ürək sözlərini deyib, onun fəaliyyətinə yüksək qiymət veriblər.
Amerika Birləşmiş Ştatlarının sabiq Prezidenti Corc Buş: “Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin qorunub saxlanmasında böyük əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın XXI əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır”.
Rusiya Prezidenti Vladimir Putin: "Postsovet məkanındakı heç də bütün dövlətlərdə Azərbaycan Prezidenti kimi belə müdrik, təcrübəli adamlar dərhal rəhbərliyə gəlməmişlər. Mənə elə gəlir ki, bu, təsadüfi deyildir. Ona görə təsadüfi deyil ki, bütövlükdə postsovet məkanında baş verən proseslər nə qədər mürəkkəb olsa da, dövlətlərimizin xalqlarının tələbləri bu münasibətlərdə müsbət nəticə əldə olunmasına yönəldilmişdir. Təbii ki, onlar bu problemləri həll etməyə qadir insanları irəli çəkirlər".
ABŞ-ın sabiq prezidenti Bill Klinton: "Sizin tutduğunuz prinsipial mövqe Amerikada, onun dövlət strukturları, rəsmi dairələrində, eləcə də ictimaiyyətdə böyük ehtiram və rəğbət hissi yaratmış, Azərbaycana olan marağı və diqqəti daha da artırmışdır. Amerika Azərbaycanda qüdrətli, müstəqil dövlət qurulması istiqamətində edilən səyləri güclü surətdə dəstəkləyir. Prezident Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan müstəqilliyindən irəli gələn vəzifələrin həllində əhəmiyyətli tərəqqi əldə edibdir. Amerika bu tərəqqinin davam etməsini arzulayır".
Fransanın sabiq Prezidenti Jak Şirak: "Bu, qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə
Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim".
ABŞ-ın sabiq prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, siyasi xadim, məşhur politoloq və siyasi xadim Zbiqnev Bjezinski: “Azərbaycan prezidentinin Qafqazda atdığı addımları Birləşmiş Ştatlarda diqqətlə izləyirlər. Azərbaycan çox mürəkkəb coğrafi-siyasi məkanda yerləşən dövlətdir. ABŞ və Qərb ölkələri ilə əlaqələri inkişaf etdirməyi, bazar iqtisadiyyatının və demokratiyanın bərqərar olması üçün əzmlə çalışmağı qarşısına məqsəd qoyan Prezident Heydər Əliyevin fəaliyyəti təqdirəlayiqdir. Heydər Əliyev müstəqilliyi qoruyub saxlamaq uğrunda əzmlə, qətiyyətlə mübarizə aparıb”.
Ukraynanın sabiq prezidenti Leonid Kravçuk Heydər Əliyev haqqında xatirələrində bildirib:
"Heydər Əliyevi ilk dəfə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin qurultayında gördüm. O çıxış edirdi, zalda onu dinlədim. Heydər Əliyev çox parlaq, çox duyğulu, şərq müqayisələrindən istifadə edərək danışırdı. Sonra həmkarlarımdan soruşdum: "Heydər Əliyev əvvəllər harda işləyirdi?". Mənə Təhlükəsizlik Xidmətində dedilər. Təəccübləndim, çünki bir qayda olaraq KQB-də işləyən insanlar parlaq natiqlər deyildilər, şəxsiyyət deyildilər. Heydər Əliyev isə böyük arenada, tam dolu olan zalda çıxış edirdi. Zalda 4 min nəfər qarşısında çıxış etmək çox çətindir. Heydər Əliyev bunu bacardı. Bu, Heydər Əliyev haqqında xatırladığım ilk məqamdır. Heydər Əliyev - Azərbaycanın oğludur. Başqa bir şey söyləmək lazım deyil, bu, hamısını deyir. O, öz xalqının oğludur. Mənimlə söhbətdə Heydər Əliyev həmişə Azərbaycan haqqında danışırdı. Ölkəsindən kənarda özünü düşünmürdü".
Rusiya Federasiyasının Azərbaycandakı sabiq səfiri (1999 - 2002) Stanislav Çernyavski:
"12 dekabr Azərbaycan xalqı və Heydər Əliyevi tanıyanların hamısı üçün faciə oldu. Heydər Əliyev böyük bir dövlət xadimi və ecazkar insan idi. O, Azərbaycan xalqının həyatını yaşayırdı, həmişə ölkədə baş verənlərdən narahat olurdu. Ömrünü insanların xoşbəxt yaşamasını təmin etməyə həsr etdi. Heydər Əliyev ilk dəfə Rusiyaya dövlət səfərinə gələndə və jurnalistlərlə danışanda xalqdan, vətəndən danışdı, özü haqqında praktik olaraq heç nə demədiyinə heyrətləndim. O dövrdə bir çox liderin xalq haqqında deyil, ilk növbədə öz təcrübələrindən danışması dəbdə idi. Əliyev çox şey etdi. Xalqa ümid verdi və onu həyata keçirdi".
Sabiq səfir əlavə edib ki, Heydər Əliyev iqtisadi islahatların və iqtisadi quruculuğun aparılması üçün dəqiq bir planlaşdırmanın, aydın strategiyanın tərəfdarı idi. Bunun sayəsində Azərbaycan daim irəliləyirdi: "Bu gün "Əsrin müqaviləsi"ni imzalamaq qərarının nəticələrini görürük. Bu müqavilənin bağlanmasından dərhal sonra Azərbaycanın iqtisadi tərəfdaşlarının sayı artdı və enerji sənayesi böyüməyə başladı. Ümumiyyətlə, bu, Azərbaycan iqtisadiyyatına ciddi təkan verildi.
Heydər Əliyevin siyasi uğurları arasında demokratik konstitusiya, Azərbaycan xalqının hüquqlarının demokratikləşməsi uğrunda mübarizə də var. Heydər Əliyev konstitusiyanın nəinki yaradılmasına, onun praktik müddəalarının həyata keçirilməsinə nail oldu. Heydər Əliyevin sayəsində Azərbaycanda ədalətli, müasir bir seçki sistemi, demokratik, seçki qanunvericiliyinin bütün normalarına cavab verən qanunvericilik yaradıldı. O, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox şey etdi. Erməni liderləri ilə görüşlərə cəsarətlə getdi, bu məsələnin həllində onlara konkret irəliləyiş təklif etdi. Əlbəttə ki, Heydər Əliyev əfsanəvi bir insandır".
Rusiya Federasiyası xarici işlər nazirinin keçmiş birinci müavini Boris Pastuxov:
"Heydər Əliyev həqiqətən də ecazkar, xalqının böyük oğlu idi. Bu insana olan dərin hörməti sözlə ifadə etmək çətindir. Heydər Əliyevin heyrətamiz insanlığı, istənilən mövzudakı nəhəng biliyi, tamamilə fenomenal yaddaşı məni heyran etmişdir. Heydər Əliyev ünsiyyət qurduğu insanlar haqqında hər şeyi ətraflı xatırlayırdı. O, görkəmli insan idi, lakin Heydər Əliyevin xüsusən də böyük keyfiyyətləri Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişində ortaya çıxdı. Bütün həyatı bir şeyə həsr olundu - Azərbaycanda sadə insanlar yaxşı və xoşbəxt yaşasınlar.
Heydər Əliyev həmişə Rusiyadan, Moskvadan böyük hörmətlə danışırdı. Moskvada kimin hakimiyyətdə olmasında asılı olmayaraq, bu insanlarla hörmətlə danışırdı. Rusiya ilə dostluğu, hörmətli və mehriban qonşuluq münasibətlərini Azərbaycanın gözəl gələcəyinin qarantı kimi gördü. Bu belədir, belə də oldu".
Bu gün Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevin xatirəsini ehtiramla yad edir. Mayın 10-da Fəxri xiyabana üz tutan hər kəs ümummilli lider Heydər Əliyevin Vətəni və xalqı qarşısında misilsiz xidmətlərini xatırlayır.
Azvision.az
Teqlər: HeydərƏliyev