İpək yolunda atəş: Qırğız-Tacik toqquşması kimə lazımdır? – TƏHLİL

      İpək yolunda atəş:    Qırğız-Tacik toqquşması kimə lazımdır? –    TƏHLİL
  05 May 2021    Oxunub:10285
Aprel ayının sonu Orta Asiyada yeni bir münaqişənin baş qaldırması ilə yadda qaldı. Belə ki, aprelin 28-də Qırğızıstanla Tacikistan sərhəddində baş vermiş silahlı insident nəticəsində ümumilikdə 33 nəfər həlak oldu, 165 nəfər isə yaralandı. Qırğızıstan prezidenti Sədir Japarov münaqişə zamanı vəfat edənlərin anmaq məqsədilə 1-2 may tarixlərini matəm günü elan etdi.
Münaqişənin səbəbi kimi, iki ölkə sərhədində yerləşən suvarma qurğuları ilə bağlı tərəflər arasında yaranmış mübahisə göstərilir. Yayılan məlumatlarda qeyd olunur ki, Tacikistan tərəfi Qırğızıstanın iki bölgəsini birləşdirən avtomobil yolunu kəsib, qırğızlar isə Tacikistanın Vorux anklavına gedən yolu bağlayıblar.Silahlı münaqişəyə çevrilən qarşıdurmada Tacikistan qüvvələri bir neçə sərhəd postlarını atəşə tutub, buna cavab olaraq isə Qırğızıstanın xüsusi təyinatlıları qonşu ölkənin ərazisindəki sərhəd zastavasını ələ keçiriblər. Qırğızıstanın 30 minə yaxın əhalisi münaqişə bölgəsindən evakuasiya olunub.

Aprelin 29-dan etibarən iki ölkə rəsmiləri arasında atəşkəsin əldə olunması və dialoq yolu ilə münaqişənin həll edilməsi ilə bağlı intensiv danışıqlara start verildi. Mayın 1-i tarixinə atəşkəs haqqında razılıq əldə olundu və münaqişənin həlli ilə bağlı hər iki ölkənin hüquq mühafizə orqanlarının iştirakı ilə danışıqlar başlayıb. Atəşkəs haqqında razılığın əldə olunmasına baxmayaraq, sərhəd zonasında silahlı texnikanın hərəkəti müşahidə olunur və daimi sülhün əldə olunmasından danışmaq hələ tezdir.

Ümumiyyətlə, Orta Asiya respublikaları arasında sərhədlərin müəyyən edilməməsi uzun illərdir mübahisə yaradan əsas amildir. SSRİ dövründən miras qalmış bu qeyri-müəyyənlik müstəqil respublikaların münasibətlərində dəfələrlə gərginliyin yaranmasına səbəb olub. Bu problem əkin yerlərinin suvarılması zamanı xüsusilə qabarır, çünki sərhəd bölgəsində yerləşən suvarma kanalları və çaylardan istifadə zamanı hər bir tərəf özü üçün daha əlverişli şəraitin yaradılmasına çalışır. Bu tip potensial konflikt ocaqları yalnız Qırğızıstanla Tacikistan sərhəddində deyil, bütün Orta Asiya ölkələri arasında mövcuddur.

Adətən bu tip münaqişələrin səbəbi lokal səviyyədə yerli sakinlər arasında mübahisələr olsa da, Qırğızıstanla Tacikistan arasındakı bu qarşıdurmanı lokal səviyyəli insidentin böyüməsi kimi qiymətləndirmək olmaz. Belə ki, münaqişədən bir neçə gün əvvəl sərhəd zonasında 2 qırğız vətəndaşının itməsi barədə məlumat yayıldı, bununla bağlı Qırğızıstan tərəfi cinayət işinə başladıqdan sonra məlum oldu ki, həmin iki nəfər tacik sərhədçiləri tərəfindən saxlanılıb. Qırğızıstanlı vətəndaşlar geri təhvil verildikdən sonra hər iki ölkənin xarici işlər nazirlikləri bir-birlərinin səfirlərinə qarşılıqlı etiraz notası təqdim etdilər. Bu insidentdən sonra tacik tərəfi sərhəd boyu kameralar quraşdırmağa başladı, qırğızlar isə buna etiraz etdilər. Yəni münaqişənin yaranmasının kökündə dövlət orqanları dayanır və hazırkı məqamda Tacikistanla Qırğızıstanın sərhəddində münaqişənin alovlanması heç də təsadüf sayıla bilməz.

Burada ilk növbədə Çin mallarının Avropaya quru yolla daşınması üçün “Böyük İpək Yolu” layihəsinin Orta Asiya regionundan keçən hissəsində Pekinin Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan marşrutuna üstünlük verməsini qeyd etmək lazımdır. Artıq Çin-Qırğızıstan-Özbəkistan marşrutu üzrə keçən ildən etibarən dəmir yolu vasitəsilə malların daşınmasına start verilib. Marşrutun Qırğızıstandan keçən hissəsində dəmir yolu mövcud olmadığı üçün malların maşınlarla daşınmasına baxmayaraq, həmin hissədə dəmir yolunu tikintisi ilə bağlı artıq Çinlə Qırğızıstan arasında razılıq əldə olunub. İpək yolunun davamı kimi Çinin növbəti hədəfi Türkmənistan, oradan isə Xəzər dənizi vasitəsiylə Azərbaycan, Azərbaycandan isə Gürcüstan vasitəsiylə Qara Dənizə çıxmaqdır. Zəngəzur dəhlizinin işə düşməsi isə Çinin Azərbaycan vasitəsilə Türkiyəyə, oradan isə Avropaya çıxmasına şərait yaradır.

Qeyd edək ki, Çin ilkin mərhələdə İpək yolu marşrutunu üç istiqamətdə çəkəcəyini bəyan etmişdi. Qırğızıstan marşrutundan əlavə, planda Çindən Rusiya ərazisindən birbaşa dəmir yolu ilə Avropaya, eyni zamanda, Qazaxıstan vasitəsilə Xəzər dənizi, oradan isə məlum marşrut üzrə Qara Dənizə ticarət dəhlizinin formalaşdırılması var idi. Təbii ki, Rusiya və Qazaxıstan marşrutlarının təxirə düşməsi hər iki ölkənin maraqlarına ziddir. Ən əvvəl ona görə ki, Rusiya və Qazaxıstan mühüm gəlir mənbəyindən məhrum olur, həçinin Qırğızıstan Moskvanın iqtisadi asılılığından qurtulur.

Çinin Qazaxıstan marşrutundan imtina etməsi güman ki, idtisadi səmərə ilə əlaqədardır. Çünki Çin Qazaxıstandan ixrac olunan neft və qazın ən böyük alıcısıdır və Pekinin bu ölkə üçün əlavə Avropa bazarına çıxışın yaradılması onun öz maraqlarına ziddir. Rusiya marşrutundan imtina isə ABŞ-ın təzyiqləri ilə üzləşməmək və bu marşrutun digərləri ilə nisbətdən daha uzun və Avropaya keçmə perspektivinin minimal olması ilə bağlıdır. Məlumdur ki, Avropa Birliyi Rusiyanın Qara Dənizdən çəkdiyi Cənub axını və Baltik dənizindən çəktiyi Şimal Axını layihələrinə veto qoyub. Belə olan halda Çin üçün ən optimal variant kimi qalan Qırğızıstan marşrutu həm də ona görə əlverişlidir ki, bu ölkənin işlənməmiş təbii resurs yataqlarına Çin şirkətlərinin çıxışı yaranır.

Odur ki, Qırğızıstanda bu layihənin reallaşmasının qarşısının alınması üçün Moskvanın barmağının olması istisna edilməməlidir. Sərhəddə baş vermiş münaqişədən bir neçə gün əvvəl Rusiya müdafiə nazirinin Tacikistana səfəri də bu ehtimallara inamı artırır.

Münaqişənin ilkin baş vermə səbəbi kimi tacik sərhədçilərinin qırğız vətəndaşlarını həbs etməsi, sonrakı mərhələdə Tacikistanın münaqişə zonasına çoxlu sayda hərbi qüvvə yeritməsi də Moskva ilə Bişkekin işbirliyindən xəbər verən amildir.

Tacikistanın məsələdə maraqlı olmasının səbəbi isə koronavirus səbəbilə gəlirləri azalmış ölkə əhalisi arasında prezident Emomali Rahmonun reytiqinin düşməsi və bu məqamda prezidentin hakimiyyəti oğluna ötürmək istəyi ilə bağlı ola bilər. Müharibə taciklərin xarici düşmənə qarşı dövlət başçısı ətrafında sıx birləşməsini təmin edir və paralel olaraq, Rahmon Rusiyanın dəstəyi ilə hakimiyyəti insidentsiz ötürməyə imkan qazanır.

Tofiq Vahid
Azvision.az

Müəllifin əvvəlki yazıları:

“Soyqırım” geostrategiyası: ABŞ-ın məqsədi nədir? – TƏHLİL
Zəngəzura necə qayıdacağıq – TƏHLİL
Ukrayna ətrafında mürəkkəb oyun: Azərbaycan nə etməlidir – TƏHLİL



Teqlər: Qırğızıstan   Tacikistan  





Xəbər lenti