Elxan Cəfərov: “Qarşımıza çıxan maneələr bizim xeyrimizədir” - MÜSAHİBƏ

 Elxan Cəfərov: “Qarşımıza çıxan maneələr bizim xeyrimizədir” -  MÜSAHİBƏ
  29 Aprel 2021    Oxunub:12666
“İnsanın zənginliyi pul ilə ölçülmür”

Bu gün Əməkdar artist Elxan Cəfərovun doğum günüdür. 54 yaşını qeyd edən rejissor doğum günü ilə bağlı təəssüratlarını Azvision.az -la bölüşüb.
- Elxan müəllim, ömrün yeni çağına adladınız. Yaş haqqında nə deyə bilərsiniz? Deyirlər, yaş kişinin var-dövlətidir. Siz bu barədə nə fikirləşirsiniz?

- Hər bir insan üçün ən böyük dövlət onun yaşadığı illər, yığdığı təcrübə, həyat bilgisidir. Bu, doğurdan da böyük varlıqdır. Elə bir şeydir ki, onu nə bağışlaya, nə hədiyyə edə bilərlər, nədə kiminsə məsləhəti ilə sənə gəlib çıxa bilər. O ancaq Allahın rizası, insanın həyatda yaşadıqları, atdığı addımların tənzimləməsi ilə mümkündür. Hamının səhvi olur. İnsan səhvsiz olmur. Səhvlərini anlayıb, növbəti ilə keçirsən. Şübhəsiz ki, bu, böyük sərvətdir. İnsan vaxtını, öz həyatını, qazandığı illərin təcrübəsini dəyərləndirməlidir.

- İndi sizi bu baxımdan zəngin kişi hesab etmək olar?

- Yox, qətiyyən. Əlbəttə, var-dövlət, pul zənginliyin bir təzahürüdür. Amma zənginlik sadəcə pul ilə ölçülmür. İlk növbədə insanın özünün daxili zənginliyi olmalıdır. Onun həyata münasibətində bu görünməlidir. Mənim nəzərimdə həmişə əliaçıq, kiməsə xeyir verən insan zəngin sayılır. Özündə toplanmış hər hansı bir müsbət resursu, fikri bölüşməsinin özü də bir var-dövlətdir. Pul nöqteyi- nəzərdən mən tarix boyu pullu, zəngin olmuş sənətkarları çox da tanımıram.



- 54-dən geriyə boylananda, həyatınızı kitab kimi vərəqləyəndə hansı illərdə əl saxlayırsınız, bir az kövrəlirsiniz və yaxud da dodağınız qaçır?

- Əlbəttə ki, bu, mənim uşaqlıq illərimə aiddir. Ona görə yox ki, bu mənim həyatımın parlaq illəridir. Sadəcə olaraq dünyanı daha rahat, daha mehriban və bütün dünyanın sənin üçün olduğunu hiss etdiyin anlardır.



- Uşaqlıq vaxtı çəkildiyiniz “Şir evdən getdi”, “Mən mahnı qoşuram” kimi filmləri xatırladım. Görünür, xarakterli, inadkar və fərqli uşaq olmusunuz…

- Deməzdim ki, tərs, inadkar uşaq olmuşam. Heç kapriz də göstərməmişəm. Fərqli olmağı isə taleyə bağlayıram. Tale elə gətirib ki, uşaqlıqdan filmlərə çəkilmişəm, insanlar məni tanıyıb. Amma mən özümü insanlardan və ya digər uşaqlardan fərqli kimi hiss etməmişəm. Bunu yalnız qismət və incəsənət mühiti ilə bağlayıram. Sadə və normal uşaq olmuşam.



- Baba olmusunuzmu, yoxsa hələ nəvələr yoxdur?

- Hələ baba deyiləm. Qızım da, oğlum da artıq böyüyüblər. Əslində baba yaşına gəlib çatmışam. Yenə də tale, inşallah qismət olar.

- Övladlarınız sizi necə təbrik etdilər? Boynunuza atılıb qucaqladılarmı?

- Təbii ki, boynuma da atıldılar, yanağımdan da öpdülər. Ətrafımda mehriban olduğum kimi, ailədə də çox mehriban insanam. Övladlarımız başımızın tacıdır. Ən böyük təbrik elə onların təbrikidir.



- Yeni yaşınızda ürəyinizin sarı simini nə tərpədər?

- Gözəl bir söz var, deyir, sənətkarı xalq yaşadar. Mən bu fikrə həmrəyəm və çox sevinirəm ki, bu gün məni təbrik edən dostlarım, tanıdığım və tanımadığım insanlar var. İnsanlar üçün iş görürsən, onlar minnətdarlıq edəndə bu sarı simə toxunur, kövrəldir. Təbrikin forması olmur. Təbriki elə bir sözlə də ifadə etmək yetərlidir.

- 54 yaşlı bir insan həyatdan nə istəyir? Yaxud da hansı qənaətə gəldiniz?

- Ən vacib qənaət odur ki, sənin bu dünyaya gəlişin hansısa bir missiya ilə bağlıdır. Və bu missiyanı yerinə yetirməkdə ilahi qüvvələrin sənə böyük bir köməyi olur. Qarşına çıxan maneələri aşdıqca həyat gözəlləşir. Mən bu gün başa düşmüşəm ki, həyatda qarşımıza çıxan bütün maneələr bizim xeyrimizədir.



- İlahi ədaləti bu həyatda gördünüzmü?

- İlahi ədalət əzəldən var. Allah bizi həm ruhdan, həm də bətindən yaradıb. Əksər günahlar bizim bətnimizin günahıdır. İstəsək də, istəməsək də belədir. Ruhu və bətni bu varlıqların birləşməsindən və toqquşmasından yaranan həyat yalnız insana nəsə yaratmaq, nəsə bir iz, ad, gözəl əməllər qoymaq şansı verir. Ancaq həyatda fərqli insanlar da var. Onların olmağının vacibiyyatı, labüdlüyü var. Çünki nə ağsız, nə də qarasız mümkün deyil. İlahi ədalət həmişə var. Qara ilə ağın toqquşmasının bir adı var: İnsan həyatı.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ElxanCəfərov  





Xəbər lenti