Böyük Qayıdış başladı: Zəngilandan Zəngəzur mesajı

Böyük Qayıdış başladı:  Zəngilandan Zəngəzur mesajı
  28 Aprel 2021    Oxunub:14685
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfərləri bir sıra əlamətdar hadisələrlə yadda qaldı.
30 ilə yaxın erməni işğalına məruz qalan rayonlara növbəti səfərin gündəliyi kifayət qədər geniş idi. Ölkə başçısı əvvəlcə Cəbrayıl rayonunun girişində yenilənmiş “Xoş gəlmişsiniz” lövhəsi ilə tanış oldu. Prezident bu lövhənin 30 il öncəki dizaynda bərpa edilməsinə diqqət çəkərək doğma Qarabağın əvvəlki görkəminə qaytarılacağının, tarixi torpaqlarımızın yenidən cənnətə çevriləcəyinin mesajını verdi.

Cəbrayıl rayonunun girişindəki məşhur lövhənin yenilənməsi rəmzi olaraq işğaldan azad edilmiş rayon və şəhərlərimizin dirçəlişi prosesinə rəsmən start verilməsinə bir işarə idi. Prezidentin Qarabağa növbəti səfərinin ilk çıxışı da məhz bundan xəbər verirdi:

"Cəbrayıl rayonunun girişində ucaldılmış lövhəni biz indi yenidən qurduq və eyni formada, eyni dizaynla. Biz “Cəbrayıla xoş gəlmişsiniz!” lövhəsini bərpa etdik. Sovet vaxtında bu abidə, - əgər belə demək mümkündürsə, - qoyulmuşdur, ucaldılmışdır və işğal dövründə tamamilə sökülmüş, paslanmışdır. Bunun paslanmış görüntüləri artıq mətbuatda da var. Ona görə tarixi ədaləti bərpa edərək, Cəbrayıl rayonunun girişində yerləşən bu “Xoş gəlmişsiniz!” lövhəsini, abidəni biz yenidən bərpa etdik. Azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bütün şəhərləri, kəndləri bərpa edəcəyik".



"Qarabağ Azərbaycandır" şüarı ilə başladığımız yolda indi əsas hədəfimiz erməni vandalları tərəfindən dağıdılan şəhərləri, yerlə-yeksan edilən rayon və kəndləri bərpa etmək, oraya yenidən həyatı qaytarmaqdır. Ölkə başçısının Qarabağa aprelin 26-da baş tutan səfəri həm də "Böyük Qayıdış"ın başlanğıcı idi.

Qarabağda ilkə imza atıldı

Azərbaycan 44 günlük Vətən müharibəsini qələbə ilə yekunlaşdırdıqdan sonra dünyaya azad etdiyi torpaqlara necə sahibləndiyini, onu necə göz bəbəyi kimi qoruduğunu nümayiş etdirir. Azərbaycan həm də onu göstərir ki, qəhrəman övladlarımızın qanı, canı bahasına azad olunan ərazilərin hər bir qarışı müqəddəsdir və bu torpaqları dirçəltmək bizim borcumuzdur.

30 illik Vətən həsrətinə son qoyan Müzəffər Ali Baş Komandanımız azad olunmuş ərazilərin bərpasına şəxsən özü nəzarət edərək, Qarabağın Baş Memarı missiyasını uğurla icra edir. Bu gün əzəli sahibinə qaytarılan ərazilərdə genişmiqyaslı işlərin görülməsi, ölkə başçısının regiona ardıcıl səfərlər həyata keçirməsi, bərpa-yenidənqurma prosesinin birbaşa Prezidentin rəhbərliyi altında reallaşdırılması Qarabağın Azərbaycan üçün nə qədər əhəmiyyətli bölgə olduğunu təsdiqləyir.



Dövlət başçısı Azərbaycanın yalnız 21-ci əsrin müharibəsini aparan qalib ölkə kimi deyil, eyni zamanda erməni işğalçılarının 30 il ərzində viran qoyduğu böyük bir ərazini cənnətə çevirməyi bacaran qurucu ölkə kimi də tanıdır. Qarabağın bərpa konsepsiyası region üçün yeniliklərlə zəngindir. İlk baxışdan möcüzə kimi görünsə də, dünyanın cəmi bir neçə ölkəsində sınaqdan keçirilmiş müasir şəhər və kənd modelləri Cənubi Qafqazda məhz Qarabağda tətbiq edilir.

Bu istiqamətdə ilk addım Zəngilan rayonunun Ağalı kəndində atıldı. Ölkə başçısı Zəngilana səfəri zamanı 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoydu. Bununla işğaldan azad olunmuş ərazilərdə müasir çağırışlara cavab verən, beynəlxalq standartlara əsaslanan yeni inkişaf modelinin tətbiqinə start verildi.



Zəngilanda təməli qoyulan “Ağıllı kənd” nəinki Azərbaycanda, ümumilikdə regionda bir ilkdir. Qarabağda həyata keçiriləcək layihənin icrası 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Həmçinin bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.



Vətən sərhəddən başlayır

Azərbaycan regionda sülh və sabitliyi qorumaqla yanaşı, gələcəkdə baş verə biləcək hərbi təxribatların qarşısını almaq üçün sərhədlərin mühafizəsini daim diqqətdə saxlayır. Azad olunan ərazilərdə bərpa işlərinə paralel olaraq, yeni hərbi hissələr, zastavalar yaradılır, ordumuzun texniki təminatı gücləndirilir. Bu məqsədlə Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsi açıldı. Mərasimdə iştirak edən Prezident orada yaradılan şəraitlə tanış oldu, hərbi texnikalara baxış keçirdi.

Qarabağda müasir tələblərə cavab verən hərbi hissənin istifadəyə verilməsi, sərhədçilərimizin innovativ silahlarla təmin olunması burada məskunlaşacaq insanların təhlükəsiz şəraitdə yaşamasının təminatıdır. Hazırda ən yüksək nöqtədə xidmət aparan Azərbaycan sərhədçiləri işğaldan azad edilmiş ərazilərimizi istənilən təhlükədən qorumağa tam hazırdırlar.



Cəbrayılda DSX-nin hərbi hissəsinin açılışından sonra sərhədçilərlə görüşən Prezident İlham Əliyev xatırlatdı ki, 500 kilometrlik Azərbaycan-Ermənistan sərhədi 30 ilə yaxın müddət ərzində işğalçı qüvvələrin əlində olub:

“Biz Vətən müharibəsində Qələbə qazanaraq bu sərhədi də tam bərpa etdik, Zəngilan və Qubadlı rayonlarını, Laçın rayonunun bir hissəsini döyüşərək azad etdik. Laçın rayonunun böyük hissəsini və Kəlbəcər rayonunu düşmən artıq məcbur olub kapitulyasiya aktını imzalayaraq bizə qaytarıb. Hazırda o ərazilərdə lazımi işlər aparılır”.

44 günlük böyük qələbə nəticəsində sərhədlərimiz 30 il əvvəlki mövqeyə qaytarıldı. Tarixi ədalətin bərpa olunmasına baxmayaraq, bu gün İrəvanda revanşist meyllər səngimir. Hələ də yeni ərazi iddiaları və işğal barədə təxribatçı fikirlər səsləndirilir. Ali Baş Komandan Cəbrayılda hərbi hissənin açılışı zamanı bu məsələyə bir daha qayıdaraq döyüş meydanında diz üstə çökdürülmüş Ermənistandakı şovinist mövqeli, müharibə tərəfdarı olan revanşist qüvvələrə sərt mesajını çatdırdı. İşğalçı ölkədə baş qaldıran revanşist qüvvələrin yenə Azərbaycana qarşı ərazi iddiası irəli sürdüyünü bildirən Prezident onlara "Dəmir yumruğun" yerində olduğunu xatırlatdı.



“Biz Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik. Dəmir yumruq düşmənin başını əzdi. Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Biz təmkinlik göstərərək bu təxribata cavab vermədik. Amma bu, sonuncu xəbərdarlıqdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Biz öz sərhədimizi qoruyuruq və bundan sonra da qoruyacağıq”.

Ölkə başçısının Qarabağa səfəri zamanı olduqca maraqlı bir nüansa şahidlik etdik. Belə ki, Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərdə hərbçilər üçün nəzərdə tutulmuş idman kompleksinə baş çəkərkən orada idman alətləri ilə məşq etdi. Ali Baş Komandan əvvəlcə hərəsi 15 kq, daha sonra 20 kq olan çəki daşları ilə idman edərək mükəmməl fiziki formasını nümayiş etdirdi. Əlbəttə, ölkə başçısının məlum jesti təsadüfi deyildi. Bu, ilk növbədə Azərbaycan xalqının birlik simvolu olan "Dəmir yumruğun" gücünün göstəricisi kimi qiymətləndirilə bilər. Cənab Prezidentin qeyd etdiyi kimi, cəmi 44 günə kürəyi yerə vurulan işğalçı ordu, bugünkü revanşist qüvvələr bir daha düşmənçilik mövqeyi sərgiləyib hansısa təxribatlara yol verərlərsə, "Dəmir yumruq" onların başını əzəcək.



Prezident İlham Əliyevin Zəngilanda Beynəlxalq Hava Limanının təməlini qoyması da mühüm əhəmiyyətə malik hadisədir. Yeni hava limanı digər nəqliyyat infrastrukturu ilə birgə bölgənin inkişafında, turizmin dirçəldilməsində xüsusi rol oynayacaq. Müasir standartlar əsasında inşa ediləcək Zəngilan hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Bununla da Zəngilan ermənilərin xarabalığa çevirdiyi rayondan beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcək.



Ölkə başçısı təməlqoyma mərasimində Qarabağa Böyük Qayıdışın başlandığını rəsmən elan etdi:

"Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik".

Bundan əlavə, Prezidentin Zəngilanı bizim tarixi torpaqlarımız olan Zəngəzura giriş qapısı adlandırması da təsadüfi deyildi. Dövlət başçımız, eyni zamanda Horadizdən Ağbəndə qədər dəmir yolunun çəkiləcəyini xatırladaraq Azərbaycanın Naxçıvanla birləşəcəyini açıqladı:

"Horadizdən Ağbəndə qədər dəmir yolu çəkiləcək.Ondan sonra Zəngəzur dəhlizi ilə dəmir yolu Naxçıvana qədər uzadılacaq. Zəngilan coğrafi nöqteyi-nəzərdən Şərqi Zəngəzur bölgəsinə aiddir və Şərqi Zəngəzurda yerləşir. Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcəkdir. Beləliklə, Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu vasitəsilə birləşəcək".



Prezidentin Heydər Əliyev Fondu tərəfindən bərpa olunacaq Zəngilan məscidinə gələrək burada müqəddəs məkanın divarına daş hörməsi, həm dini dəyərlərə yüksək ehtiramın, həm də bərpa işlərinin ciddi şəkildə nəzarətdə olmasının mesajı idi. Ölkə başçısı dünyaya onu da nümayiş etdirdi ki, Ermənistandan fərqli olaraq Azərbaycanda dini-mədəni abidələr dövlət səviyyəsində qorunur, dağıdılmış tarixi tikililər bərpa olunaraq əvvəlki görkəminə qaytarılır.

Prezident səfər zamanı Zəngilan məscidinin təməlini qoyaraq ermənilərin vandal əməllərini bir daha xatırlatdı:

“Müharibədən sonra Zəngilana səfər edərkən buraya da gəldim, mənzərə ilə tanış oldum və bildirdim ki, hər kəs bunu görməlidir. Bütün beynəlxalq təşkilatlar bunu görməlidir, erməni vəhşiliyini görməlidir. Bir daha demək istəyirəm ki, bu gün ermənilərə havadarlıq edənlər gəlsinlər, görsünlər, bizim məscidlərimizi nə günə qoyublar və təkcə bu məscidi deyil. Azad edilmiş bütün torpaqlarda bizim tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, təhqir edilib, sökülüb”.

Ermənistanın Azərbaycana qarşı mədəni soyqırımı törətdiyini deyən Prezident bütün tarixi, dini abidələrimizin bərpa olunacağını nəzərə çatdırdı.



Qarabağda böyük quruculuq planı əsasında artıq Şuşa şəhərindəki məscidlərin bərpasına start verilib. Ağdam Cümə məscidinin bərpası ilə əlaqədar hazırlıq işləri gedir. İndi isə Zəngilan məscidinin yenidən bərpası, konservasiya işlərinə start verilməsi təkcə İslam aləminə deyil, ümumilikdə dünya ölkələrinə dövlətimizin dini abidələrə xüsusi həssaslıqla, ən ali dəyər kimi yanaşdığını göstərir.

Sonda fəxrlə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. Qarabağda yenidənqurma və bərpa işləri ən müasir standartlara uyğun həyata keçirilir.

Tural Tağıyev
Azvision.az


Teqlər: Zəngilan   İlham-Əliyev   Bərpa   Ağıllı-kənd   Böyük-qayıdış  





Xəbər lenti