Jurnalistikamızın elmlə dostlaşmasının vaxtıdır

   Jurnalistikamızın elmlə dostlaşmasının vaxtıdır
  19 Aprel 2021    Oxunub:14579
Tural İsmayılov

İnsan təfəkkürünün sərhədləri elmi proqnozlaşdırmanın və publisistik medianın bizə illər öncə təqdim etdiyi nəticələri real olaraq göstərir. Məşhur kosmos araşdırmaçısı və televiziya fenomeni Karl Saqan öz tələbələri ilə söhbətlərində gələcəyin daha yaxşı və yeni nəsillərə yön verəcək formada olduğunu vurğulayırdı. Bu gün qlobal jurnalistikanın insanlığı daha çox düşündürməli olan informasiya xarakterli elmi və publisistik yazılardan qaçmasına ən yaxşı cavab verən simalardan biri idi Karl Saqan.
Televiziya tolk-şouları və apardığı maraqlı diskussiyalarla Qərbin paparatsi və şou-biznes media hegemonluğuna Saqan ağır zərbə vurdu, nəticədə sayısız xalq və kütlələr astrofizika, fəlsəfə və kosmosla maraqlanmağa başladı.

Saqan media və elm münasibətlərinə toxunanda vurğulayırdı ki, informasiyanın funksiyası sadəcə xəbər ötürmək deyil, məsuliyyətli bəşər insanı üçün KİV həm də maarifləndirici vasitədir. Çünki elmin önəmini dərk edən və elmsiz yaşamanın fundamentalizm də daxil olmaqla bir çox radikal hərəkatlara yön verdiyi açıqca görünməkdədir.

Bəs biz bütün bunların fonunda çıxış yolunu nədə axtarmalıyıq?

İnsanların qəbul edəcəyi informasiya formatında onlara istədiklərini bəxş etməliyik və bunu edərkən də heç nədən usanmamalıyıq. Çünki bilgi bu gün Yer kürəsinin qarşılaşdığı ən ağır situasiyalardan olan ekoloji tarazlığı və ekosistemin canlılığı üçün insanda canlı aləmə, ən əsas isə özünə qarşı məsuliyyəti və sağlam bağlılığı yaradır.

Saqan da, Fukuyama da öz yaşadqları illər üçün xəyal olan bir çox şeylərin gələcəkdə reallaşacağını söyləyirdi. Necə ki dronlardan indi yalnız hərbi arsenallarda yox, həm də mülki həyatdakı işlərdə də geniş istifadə olunur. Yaxud həmin dövrdə kimin ağlına gələrdi ki, NASA Mars planetində süni yaşam koloniyaları yaratmağı qarşısına məqsəd qoyacaq?

Elmin inkişafı avtomatik olaraq bilgiyə olan tələbatın aktuallaşmağı ilə paralelləşdi, bir çox coğrafiyalarda jurnalistlərin qısa elmi yanaşmalarına belə dırnaqarası baxılarkən, Qərbdə böyük media holdinqlər və jurnalist təşkilatları elmə kapital qoydu, nəticədə saysız elm adamı həm də televiziyaçı və qəzet adamı kimi məşhurlaşdı. Dünyanın müxtəlif ölkələrinə səyahətlər edərək sənədli filmlər çəkdilər, elmi tədqiqat institutlarının əməkdaşları uzaq Antaraktidadan Afrikanın Saxara çöllərinə qədər bir çox yerdə həm yaşayan və məhv olma təhlükəsi ilə üz-üzə qalan canlıları öyrəndi, həm də insan təfəkkürünün daha öncə heç tanımadığı yerlər kəşf olundu. Elmin populyarlaşdırılması nəticəsində bu tip araşdırma yazılarına, sisilə televiziya filmlərinə və təkamülə dair hər bir informativ çağırışa diqqət edən insanlar ətraf mühitə qarşı daha həssas oldular, onlar hətta dünyada bir çox yaşıllar dərnəklərinin həmtəsisçilərinə çevrildilər, təbiəti və kosmosu dərk etdikcə, təbii mühitin rənginə qarşı olan bütün sayğısız basqılara və çirkin insan əməllərinə daha ucadan səs çıxarmağa başladılar.

Bütün bu müsbət addımlara baxmayaraq, dilemma yenidən güclənməyə başladı. Paradoksal situasiya daha da qızışdı, uranın zənginləşdirilməsi və nüvə arsenallarının təbiətə və dünyaya yaratdığı həyəcan siqnalı haqqında danışıldı.

Fəlsəfə tarixində ilk dəfə 21-ci əsrdə fəlsəfə və elm, filosoflar və alimlər qarşıdurmaya gedir, fizika və fəlsəfə vəhdəti aradan qalxır və antielm fəlsəfəsinin sədalarını biz daha yüksəklərdən eşitməyə başlayırıq. Professor Zümrüd Quluzadə bu barədə qeyd edir ki, elm siyasiləşdikcə antihumanist meyarlar daha da şiddətlənir. Yeni fəlsəfi dünyagörüşünün formalaşmasının əsasını təşkil edən müasir elmin inkişafı alimlərin antihumanist nəticələrə gətirib çıxaran və "ziyan vurma" prinsipinə uyğun olmayan kəşflər üçün mənəvi və hüquqi məsuliyyəti barəsində təsəvvürlərə yenidən baxılmasını, onların təkmilləşdirilməsini tələb edir. Bəlkə də indiki əsrdə beynəlxalq hüquq və məhkəmə kimi institutlarla analogiya üzrə alimlərə aid tabu və tələbləri ehtiva edən beynəlxalq əxlaqi senzura institutunun yaradılması məqsədəuyğun olardı.

Maraqlı bir nüansı qeyd edim: elmin böyük bir təhlükəyə çevrilə bilməsi haqqında ilkin nəzəri bilikləri ortaya atan alimlərin bu müzakirələrə başlaması tarixi çox da qədim deyil. Təxminən 1970-ci illərdən sonra aktiv müzakirəyə çıxarılmağa başlandı. Qərbdə ağır kilsə doqmatizminin olduğu illər və Şərqdə də radikal dini meyillərin qarşısını alacaq ən effektli silah kimi elm görülsə də, ABŞ-ın Yaponiyaya atdığı iki atom boması elmin necə zərərli olduğunu da ortaya qoyur. İndi iki sual ortada açıq qalır. Əgər elm ziyanlı fəlakətlərə səbəb olursa, onun bu zərərli isitiqamətlərinə necə nəzarət etmək olar və bütövlükdə elmin senzuraya məruz qoyulması tibb, səhiyyə sahəsində daha böyük itkilərə səbəb olmazmı? Elmin zərərli yönəlmələrinin icraçısı insandır, məncə, BMT nəzdində nə qədər effektiv olacağı şübhə doğursa belə, elmi çirkin maraqlara xidmət edən siyasi idarəetmələr və ölkələr haqqında sərt qərarlar verən beynəlxalq təşəbbüs qrupları formalaşdırmaq olar.
Bundan başqa, alimlər və filosofların jurnalistlərlə birgə işçi qrupları da formalaşdırıla bilər.

Əslində elmin qruplaşdırılaraq dəyərləndirilməsi də yanlışdır. Neomarksist cərəyanlar buna cəhdlər edirlər, amma uğurlu olacağını düşünmürəm. Hətta daha zərərli ola bilər, elmi burjuaziya və işçi siniflərinə ayırmaq və bu prizmadan təhlillər yararsızdır. Eyni zamanda din və fəlsəfənin toqquşduğu incə məqamlarda belə necə kompromisə gəldiyini görürüksə, bunu elm üçün də tətbiq edə bilərik. Fizikada inqilab edən alimlər, nəzəriyyəçilər hamısı həm də bu gün üçün filosof kimi təqdim olunmurmu? Yaxud dünyada kifayət qədər tərəfdarı olan təkamülçü fikir adamları həm də bioloq və anatomiya ilə məşğul olan elm adamı hesab olunmurmu?


Teqlər: Elm   Fəlsəfə   Jurnalistika  





Xəbər lenti