Sülhə badalaq cəhdi: Aİ separatizmi niyə alovlandırmaq istəyir? - TƏHLİL

  17 Aprel 2021    Oxunub : 11310
  Sülhə badalaq cəhdi:  Aİ separatizmi niyə alovlandırmaq istəyir? -  TƏHLİL
Dağlıq Qarabağ münaqişəsi ötən il başa çatsa da, bəzi qüvvələr Ermənistanın revanşizm meyllərinə aşkar şəkildə dəstək göstərir. Bölgədə sülh və təhlükəsizliyin möhkəmlənmə prosesinin getdiyi məqamda bu kimi təxribatçı addımlar üçtərəfli bəyanata zidd olmaqla yanaşı, İrəvanı yeni fəlakətlərə sürükləyir.
Təəssüf ki, postmüharibə dövründə bir sıra dövlətlərin və beynəlxalq təşkilatların regionda gərginliyin artmasında maraqlı olduqları müşahidə edilir. Ötən ilin 10 noyabr tarixində imzalanmış atəşkəs bəyanatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə rəsmən son qoysa da, bunu görməzdən gələn təxribatçı qüvvələr regionda erməni separatizminin alovlandırılması üçün dəridən-qabıqdan çıxırlar.

Belə təxribatlardan biri Avropa İttifaqının (Aİ) rəsmisi tərəfindən reallaşdırıldı. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın aprelin 14-də Ermənistana səfəri çərçivəsində özünü “xarici işlər naziri” kimi qələmə verən, qanunsuz rejimin nümayəndəsi David Babayanla görüşməsi sülh prosesinin əngəllənməsi, keçmiş münaqişənin alovlandırılmasından başqa bir şey deyil. Düzdür, artıq rəsmi Bakı məsələyə sərt şəkildə reaksiya verib. Belə ki, aprelin 16-da Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi səfir Kestudis Yankauskas Xarici İşlər Nazirliyinə dəvət edilərək ona Toivo Klaarın qondarma “xarici işlər naziri” ilə görüşünə dair etiraz bildirilib.

Toivo Klaarın münaqişə sonrası bölgədə yaranmış yeni reallıqları nəzərə almayan, kövrək sülhə təhdid doğuran və qarşı tərəfə əsassız gözləntilər verən addımlar atmasının yolverilməz olduğu vurğulanıb və Aİ nümayəndəsinin bu kimi fəaliyyətinin Azərbaycan tərəfinin ona olan etimadını heçə endirdiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Azərbaycanın qələbəsi kimləri qıcıqlandırır?

Son vaxtlar təxribatçı meyllərə dəstək verənlər sırasında Avropa İttifaqı rəsmilərini də görürük. Hələ bir müddət öncə ATƏT öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın azad olunan ərazilərində separatçı meyllərin körüklənməsində maraqlı olduğunu nümayiş etdirmişdi. ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde İrəvanda səfərdə olarkən separatçı rejimin qondarma “XİN başçısı” David Babayanla görüşməklə təmsil etdiyi təşkilatın qərəzli yanaşmasını ortaya qoymuşdu.

Maraqlıdır, əvvəlcə ATƏT, sonra Avropa İttifaqı təmsilçisi heç yerdə tanınmayan qondarma rejimin nümayəndəsi ilə görüş keçirdi. İlk baxışdan, bu heç də təsadüfə oxşamır...

Haqlı olaraq sual yaranır ki, 44 günlük müharibə ilə tarixə qovuşan, mövcud olmayan münaqişəni gündəmə gətirmək, separatçılara dəstək vermək hansı maraqlara xidmət edir? 30 ildən çoxdur ki, Qarabağ probleminin həlli istiqamətində heç bir iş görməyən bu təşkilatlar işğal faktının geridə qaldığı vaxtda regionda nə axtarırlar?

Görünür, Azərbaycanın beynəlxalq hüququ ordusunun qüdrəti hesabına bərpa etməsini bir çoxları həzm edə bilmir. Yəqin, bu səbəbdəndir ki, onlar revanşist meylləri gücləndirməklə regionu yenidən qan gölünə döndərməyi hədəfləyirlər.

Bu xüsusda Aİ-də əsas söz sahiblərindən olan Fransanın həm müharibə dövründə, həm də postmüharibə vaxtı ermənipərəst çağırışlarının və separatizmə aşkar dəstəyinin dəfələrlə şahidi olmuşuq. Nədənsə, qəbullana bilmirlər ki, Cənubi Qafqazın liderinə çevrilmiş, regionda yeni dönəm başladan Azərbaycan öz ərazi bütövlüyünə qovuşub. Aİ nümayəndəsinin separatçılarla görüşməsi bölgədə yeni geosiyasi vəziyyətin yarandığı məqamda sülhə əngəl olmaqdan başqa bir məqsəd güdmür. Bu cür sülh prosesinə zərbə vuran addımlar Ermənistan üçün də yaxşı heç nə vəd etmir.

İkincisi məqama diqqət yetirək. Separatçıların hansısa “nümayəndə”sini qəbul edənlər düşünürlər ki, onlar bu cür təxribatçı siyasi gedişlərlə qondarma rejimin qaldığını göstərəcəklər. Sönən ocağı yenidən alovlandırmağa hesablanmış belə uğursuz cəhdlərlə İrəvana və Qarabağ ermənilərinə xoş görünməyə çalışırlar. Əslində bununla Ermənistanı sülh prosesindən uzaqlaşdırıb, ölkənin inkişafı üçün açılan qapıları bağlamağı, İrəvanı öz oyuncaqları kimi saxlamağı planlaşdırırlar.

Üçüncü amil də diqqət çəkir. Ermənistanın Avropadakı dostları regionda yeni əməkdaşlıq modelinin yaradılmasından ciddi narahatlıq keçirirlər. Azərbaycanın təklif etdiyi və yaxın zamanlarda reallaşacaq Rusiya-Azərbaycan-İran-Ermənistan-Türkiyə əməkdaşlığı - yeni beşli format qoca qitənin söz sahiblərinin yuxusunu ərşə çəkir. Mümkün qədər bunun qarşısını almağa, Ermənistanı regional layihələrdən kənarlaşdırmağa can atırlar. Əlbəttə, bunun da öz səbəbləri var. İrəvana dost kimi görünməyə çalışan "demokratlar" Ermənistanı gərgin atmosferdə saxlamaqla, bu ölkədə öz hegemonluqlarını davam etdirmək niyyətindədirlər. Belə olmasaydı, Aİ rəsmisi Qarabağda məhv edilmiş qondarma rejimin tör-töküntüsü ilə bir masa arxasına əyləşməzdi. Təbii ki, Toivo Klaar heç də naşı və axmaq deyil. O, separatizmə dəstək mesajı ilə Azərbaycanın qəzəbinə tuş gələcəyini yaxşı anlayır və rəsmi Bakın hansı mövqedən çıxış edəcəyini bilməmiş deyil.

Yeri gəlmişkən, Azərbaycanın irəli sürdüyü Zəngəzur dəhlizi layihəsi qarşıdakı illərdə yalnız sülh şəraitində yaşayan region ölkələrinə iqtisadi dividentlər vəd etmir. Bu dəhliz həm də Avropa ölkələrinin Asiyaya çıxışına geniş imkanlar yaradacaq. Əslində nəqliyyat kanallarının, xüsusən dəmir yolları şəbəkəsinin yaradılması Aİ-nin maraqlarına cavab verməlidir. Çünki hazırda bataqlıqda çabalayan Ermənistanın maraqlarından çıxış edən avropalılar sözügedən dəhliz vasitəsilə əlaqələrin inkişafına töhfə verə bilərlər. Lakin biz bunun tamamilə əksini görürük. Proseslər onu deməyə əsas verir ki, Aİ separatizmi alovlandırmaqla Ermənistanı iqtisadi imkanlardan məhrum etməyi qarşısına hədəf qoyub.

Toivo Klaarın təxribatçı addımı, yaxud sülhə badalaq cəhdi...

Hazırda rəsmi Bakının region ölkələri ilə birgə sülh və təhlükəsiz şəraitdə gələcəyə hesablanmış planlar qurmasına baxmayaraq, ATƏT-in ardınca Aİ bölgəni dəyişəcək layihələrə qarşı çıxaraq separatizm və işğalçılıq siyasətini dirçəltməyə çalışır. Qəribə görünsə də, təxribat cəhdləri dünyaya demokratiya, insan haqları və sülh çağırışları edən beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilir. Bu cür təxribatçı addımlar Bakı ilə İrəvan arasında uzunmüddətli sülhün təmin olunmasına birmənalı olaraq əngəl törədir. Onsuz da, bölgədə həll olunmamış müəyyən problemlər qalıb, ermənilər mina xəritələrini verməməklə düşmənçilik mövqelərindən geri çəkilmədiklərini nümayiş etdirirlər. Belə situasiyada separatçıların hansısa qondarma “nazir”lə görüşü həm İrəvana, həm də Qarabağ ermənilərinə gələcəkdə münaqişənin yenidən alovlanmasına ümid vermək məqsədi daşıyır.

Əlbəttə, bölgədə irimiqyaslı quruculuq və bərpa işlərinə başlayan Azərbaycan Aİ-nin məqsədi tam bəlli olmayan bu cür addımlarından sonra təşkilatla əlaqələrinə yenidən baxmalı olacaq. Şübhə yox ki, bu istiqamətdə lazımi addımlar atılacaq.

Onu da bildirək ki, Toivo Klaar təxribatçı hərəkəti ilə təmsil etdiyi quruma olan inamı heçə endirməklə yanaşı, beynəlxalq aləmdə Aİ-nin nüfuzuna da xələl gətirmiş oldu. Nədənsə, Aİ rəsmisi İspaniyada separatçı meyllərlə çıxış edən hansısa “nümayəndə” ilə yox, məhz Babayanla görüşə qaçır. Bu məqam Klaarın niyyətinin saf olmadığından xəbər verir.

Xatırlatmaq yerinə düşər ki, 4 il əvvəl İspaniyanın Kataloniya Muxtariyyətində müstəqillik referendumu keçirilərkən Madrid qondarma seçkilərə öz etirazını bildirmiş, təxribat cəhdinin qarşısını almaq üçün ciddi tədbirlər görmüşü. Bəs o zaman Aİ nümayəndələri Kataloniya “rəsmisi” ilə görüşlər keçirib, onlara hansısa ümidlər vermişdilərmi? Əlbəttə, yox. Məsələ şəxsi maraqlara gələncə, Avropa dövlətləri heç vaxt mənafelərinə zidd hərəkətlərə yol vermir. Amma Azərbaycanın öz gücünə həll etdiyi, ATƏT-in belə 30 ilə yaxın müddətdə çözə bilmədiyi Qarabağ problemi tarixə qovuşandan sonra Avropadan qaçaraq İrəvanda separatçıları qəbul edirlər. Müəmmalı deyilmi? Yağışdan sonra çıxan göbələk kimi ortada görünməyə başlayan ATƏT və Aİ nümayəndələrinin 10 noyabr bəyanatına saymazyana davranması, sülh proseslərinə zidd siyasi gedişlər etmələrinə nə ad vermək olar?

Bu gün Qarabağda beynəlxalq qanunlarla təsbit edilmiş tarixi ərazisini bərpa edən Azərbaycan söz sahibidir. Bölgədə siyasi mənzərə tamamilə dəyişib, yeni reallıqlar yaranıb. Azərbaycan Aİ-dən fərqli olaraq regionda sülh və əmin-amanlığın daimi olmasında maraqlıdır. Ölkəmizin bütün hədəfləri sülh və təhlükəsiz gələcəyə hesablanıb. Bununla bağlı ölkə başçısı dəfələrlə bəyanatlar verib, yeni əməkdaşlıq modelinin sülh və sabitliyə hesablandığını diqqətə çatdırıb.

Belə olan təqdirdə Aİ nümayəndəsinin özünü “xarici işlər nazir”i kimi təqdim edən terrorçu David Babayanla görüşü birbaşa separatizmə dəstək, təhlükəsizlik, sabitlik və sülhün qorunub saxlanması istiqamətində atılan addımlara badalaq gəlmək kimi qiymətləndirilməlidir. İrəvan və onların himayədarları əmin ola bilərlər ki, erməni separatizminin qızışdırılması, 44 günə sona çatmış münaqişəni yenidən gündəmə daşımaq cəhdləri dünyada və regionda yeni reallıqlar yaradan Azərbaycanı prinsipial mövqeyindən çəkindirə bilməyəcək.

Tural Tağıyev
Azvision.az

Teqlər: Avropa-İttifaqı   Qarabağ   ATƏT   Təxribat   Separatizm