Ramazan ayında düzgün və balanslı qidalanma

Ramazan ayında düzgün və balanslı qidalanma
  14 Aprel 2021    Oxunub:2197
Ramazan ayında oruc tutanların qidalanma rejimi adi günlərdəki qidalanmadan tam fərqlənir. Həmin ayda balanslı və keyfiyyətli qidalanmaya daha çox diqqət etmək lazımdır. Yaz fəslinə təsadüf etdiyindən oruc tutarkən aclıq və susuzluq daha çox hiss olunur. Ona görə də imsak və iftarda tərkibində maye olan qidalar qəbul edilməlidir. Orqanizmin ehtiyacı olan vitaminlərin, mineralların kifayət qədər və balanslı olaraq qəbulu mühümdür. Həmin maddələrlə zəngin qidaların kifayət qədər qəbul edilməməsi orqanizmə mənfi təsir göstərir və insan özünü pis hiss edir, fiziki və əqli iş qabiliyyəti zəifləyir. Bu baxımdan imsak və iftar zamanı faydalı qidaların qəbul olunmasına çalışmaq lazımdır.
Azvision.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin hazırladığı maarifləndirici materialında məlumatr verilir.

Nəinki Ramazan ayının imsakında, adi günlərdə belə səhər yeməyi mütləq yeyilməlidir. Xüsusilə pandemiya zamanı immun sisteminin zəifləməməsi üçün imsakda qidalanmaya mütləq diqqət edilməlidir. İmsakda düzgün qidalandıqda gün ərzində həm su, həm də enerji balansını qorumaq olur, yorğunluq və halsızlıq hiss edilmir. Təəssüf ki, oruc tutanlar arasında imsak zamanı yeməkdən imtina edənlər olur. Lakin gün ərzində suya və qidaya olan tələbatı ödəmək üçün imsakda mütləq yemək lazımdır. Bu, oruc vaxtı yorğunluq və halsızlıqdan qoruyar. Mütəxəssislər imsakda toxluq müddətini uzadan və bədəndə su saxlayan qidalara üstünlük verməyi tövsiyə edirlər. Həzm problemi yaşamamaq, qanda şəkərin miqdarını normada saxlamaq üçün lifli qidalardan daha çox istifadə edilməlidir. Tərkibində mürəkkəb karbohidratlar, zülallar, vitamin və minerallar, orqanizm üçün xeyirli yağlar olan məhsullar orqanizmin dözümlülüyünü və toxluq hissini daha uzunmüddətli edir.

Orucu ilıq su ilə açmaq lazımdır. 1-2 stəkan su içdikdən sonra zeytun, xurma, tərəvəz salatı və göy-göyərti yemək daha uyğundur. 15-20 dəqiqə fasilədən sonra isə əsas yeməklərə başlamaq olar. Mütəxəssislər hesab edirlər ki, fasilələrlə qidalanmaq daha çox faydalıdır. Normadan artıq və fasiləsiz qida qəbul etmək ziyandır. Yeməyə ilk olaraq sulu yeməklərdən başlamaq məsləhətdir. Birbaşa quru qidanın qəbulunun həzm problemləri yaratması mümkündür. Həzm sisteminin fəaliyyəti pozulduqda qəbizlik, şişkinlik və qarında qaz problemləri müşahidə oluna bilər. Belə olanda bağırsaqların fəaliyyətini yaxşılaşdırmaq məqsədilə qatıq istehlakı artırılmalı və daha çox meyvə-tərəvəzə üstünlük verilməlidir. Həmçinin qəbul olunan qidalar yaxşı çeynənməlidir ki, həzmdə problem yaranmasın. Bir neçə çeşid əsas yemək varsa, onlardan birinə üstünlük verilməlidir. Mümkün qədər az yağlı yeməklər qəbul edilməlidir. Xəmir xörəklərinin, qızartmaların, tərkibində sous olan kalorili yeməklərin Ramazan ayı ərzində iftar süfrələrində yer almaması tövsiyə olunur. Acılı, müxtəlif ədviyyatlı qidaların, həmçinin turşuların qida rasionuna daxil edilməsi məqsədəuyğun deyil. 1-2 dilimdən artıq çörək yemək məsləhət görülmür.

İftar zamanı normadan artıq və fasiləsiz qida qəbul etmək ziyandır. Hətta gecədən səhər saatlarına kimi yeyənlər də var. Bu, tibbi baxımdan düzgün sayılmır. İftarda sürətli yemək başda mədə problemləri olmaqla qan şəkəri və təzyiqin yüksəlməsinə səbəb olur. Uzun müddət ac qalan mədəni qəfildən yükləməmək, kiçik hissələri yaxşıca çeynəmək şərti ilə yavaş-yavaş və uzun müddət yemək tövsiyə edilir.

Yeməklərdən dərhal sonra şirniyyat qəbulu artıq çəkiyə səbəb olur. Şirniyyat, adətən, yeməkdən 1-2 saat sonra qəbul edilməlidir. Şərbətli şirniyyatların əvəzinə yarım porsiya südlü şirniyyat daha məqbuldur. İftarla imsak arası bol miqdarda su içilməsi tövsiyə edilir. Tünd qara çay və qəhvə kimi kofeinli içkilər içmək məsləhət görülmür. Maye olaraq bitki çayı, az şəkərli kompot, ayran və süd kimi məhsullar da bağırsaqların fəaliyyətinə müsbət təsir edir.

İftardan 1,5-2 saat sonra açıq havada gəzmək həzm prosesinin rahat getməsinə kömək göstərir, zəifləyən metabolizmi sürətləndirir və bunun nəticəsində çəkinin artmasının qarşısı alınır. Yatmazdan əvvəl qatıq yemək məsləhətdir. Bu, bədəndə mayenin saxlanmasını tənzimləyir. Oruc tutanlar yuxu rejiminə də düzgün əməl etməlidirlər.

Azvision.az


Teqlər: Ramazan  





Xəbər lenti