Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL

   Su təsərrüfatında daha nələr dəyişməlidir -    TƏHLİL
  10 Aprel 2021    Oxunub:6546
Son 10 ayda ölkədə meliorasiya və su təsərrüfatı sahəsinə dövlət başçımız səviyyəsində ikinci dəfədir ki, diqqət ayrılır. Keçən ilin iyul ayının 23-də Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilmişdi. Bir neçə gün öncə isə bu sahəyə cavabdeh olan qurumda - Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində kadr dəyişikliyi həyata keçirildi və bununla əlaqədar olaraq da dövlət başçımız yeni təyin etdiyi sədri videoformatda qəbul edərək bir daha sözügedən sahəyə dair bir sıra ciddi fikirlərlər söylədi.
Çoxları su təsərrüfatına elə-belə yanaşır, bunu məsələn, sırf aqrar sektorun tərkib hissəsi kimi götürür, meliorasiya və su ilə təchizat məsələsinə bütövlükdə iqtisadiyyat üçün əhəmiyyət daşıyan bir məsələ olaraq baxmırlar. Ancaq Prezident demişkən, bu, prioritet sahələrdən biridir. "Mən bu sahəyə həmişə çox böyük diqqət göstərmişəm. Bu gün, indiki şəraitdə bu sahənin əhəmiyyəti daha da artır",- deyə, dövlət başçımız bildirdi.

Ümumiyyətlə, su həyatdır, su enerjidir, su bütün iqtisadiyyat üçün normal çalışma amili və mənbəyidir. Ölkədə indiyədək infrastruktur sahəsində çox işlər görülüb. Bunların sırasında meliorasiya və su təsərrüfatı sahəsində həyata keçirilən layihələr xüsusən böyük önəm daşıyıb və daşıyır. Çünki bu sahədə müvafiq infrastrukturun yaradılması və təşkili, həmçinin yenidən qurulması bilavasitə kənd təsərrüfatının inkişafı məqsədlərilə yanaşı, əhalinin içməli suyla təminatı məsələsinə də xidmət edir. Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi, Taxtakörpü su anbarının tikilməsi, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarlarının tikilməsi, kanalların çəkilməsi və s. baş tutmasydı, indi Azərbaycanda nəinki kənd təsərrüfatı mövcud olardı, əhali üçün adi içməli su tapmaq belə, problemə çevrilərdi.

Ümumiyyətlə, su təsərrüfatı və meliorasiya sahəsində tədbirlər hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Xüsusilə su ehtiyatları kasad həcmdə olan ölkələrdə buna böyük ehtiyac var. Təkcə bir faktı qeyd edim ki, regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idisə, bu gün sözügedən rəqəm 70 faizdir. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idisə, bu gün təxminən 82 faizdir. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idisə, indi 63 faiz təşkil edir. Son illər ərzində vaxtilə suvarılmayan yüz min hektarlarla torpaqlara su gətirilib. Vaxtilə ümumiyyətlə, su görməyən, yaxud, qismən suvarılan torpaqlara suyun verilməsi həmin bölgələri canlandırıb. Aqrar məhsullar istehsalını birə beş artırıb.

Amma...

Su təsərrüfatına bu qədər vəsait qoyulsa da, effektlilik istənilən səviyyədədirmi? Kiçik haşiyə çıxım. Elektrik enerjisi sektoruna da böyük vəsaitlər sərf olunmuşdu - ölkədə çoxlu enerji gücləri yaradılmış, elektrik enerjisi istehsalı artırılmış, kənara elektrik enerjisi ixracatçısına çevrilmişdik. Ancaq 2018 -cu ilin iyul ayında Azərbaycan İES-də baş verən qəza nəticəsində aydınlaşdı ki, sərf olunan investisiyaların effektlilik səviyyəsi qeyri-qənaətbəxş imiş - bütün ölkə qaranlığa qərq oldu.
Ölkədə meliorasiya və su təsərrüfatı sahəsində də oxşar vəziyyətdir - mövcud potensialdan düzgün istifadə edilmir, uçot yoxdur, bilərəkdən və bilməyərəkdən itkilər var, indiyədək həyata keçirilən bütün yenidənqurma və tikinti işlərinə rəğmən, həm əhalinin su ilə təminatında, həm də kənd təsərrüfatının suvarılmasında dayanıqlıq olduqca kövrəkdir.

Təkrar edirəm, su özü də bir enerji növü və enerji mənbəyidir. Ondan istifadə sabit qalmır, davamlı olaraq artır və genişlənir. Odur ki, yeni su ehtiyatlarının yaradılması, mənbələrin aşkarlanması və bu sahədə itkilərə yol verməmək daim diqqət mərkəzində saxlanılmalı və həll edilməli məsələlərdir. Əvvəla, əhalinin sayı artır. İkincisi, iqtisadiyyat yerində saymır, inkişaf edir - kənd təsərrüfatı məhsullarının istehsal həcmini artırmaq tələbi getdikcə daha da ciddiləşir. Üçüncüsü, iqlim dəyişir, su getdikcə dünyanın hər yerində obyektiv problemə çevrilir və sair. Odur ki, sözügedən sahədə bundan sonra daha çox iş görmək zərurəti yaranır.

Dövlət başçımız İlham Əliyevin də son vaxtlar meliorasiya və su təsərrüfatı sahəsinə vaxt ayırması, sektorun önəmini qabartması məhz bütün bunlarla əlaqədardır. Bəli, adı çəkilən sahədə son vaxtlar çox işlər görülüb, böyük infrastruktur yaradılıb, amma bu, əvvəla, yetərincə deyil, ikincisi də ki, real olaraq da ortada böyük çatışmazlıqlar və nöqsanlar var. Bütün bunlar da ondan irəli gəlir ki, idarəetmə müasir tələblərə cavab vermir, meliorasiya və su təsərrüfatı sahəsində idarəçilik metodu hələ də sovet dövründən qalır, səmərəlilik əsas götürülmür, ümumiyyətlə suya bir enerji növü və mənbəyi olaraq baxılmır - yanaşılmır...

Ona görə də rəhbərlik dəyişdirildi. Və Prezident qeyd etdi ki, biz bundan sonra meliorativ tədbirləri, necə deyərlər, dədə-baba üsulu ilə apara bilmərik və dünyanın bu sahədə ən müasir texnologiyalarını Azərbaycana gətirmək, idarəetmədə müasir yanaşma tətbiq etməliyik. Üstəlik, azad edilmiş torpaqlarda da meliorativ tədbirlərin görülməsi tələbləri ortaya çıxıb. Hansı ki, bu torpaqlarda bizim böyük su mənbələrimiz mövcuddur və uzun illər idi, 30 ilə yaxın müddət idi ki, bu imkanlardan məhrum idik. Sərsəng və Suqovuşan su anbarları həmin ərazilərdə yerləşir. Sözügedən yerlərin çaylarının suyu daima bol olması ilə tanınır.

Sözün qısası, tezliklə ölkədə meliorasiya və su təsərrüfatı sahəsində daha böyük işlər görüləcəyinin şahidi olacağıq. Əlavə vəsaitlər ayrılacaq çox güman ki... Dünyanın bu sahədə ən müasir texnologiyaları Azərbaycana gətiriləcək, sudan istifadədə səmərəlilik artacaq.

Ancaq çıxış yolunu həm də şəxsən nədə gördüyümü qeyd etmək istəyirəm. Hesab edirəm ki, idarəetmədə yüksək keyfiyyət dəyişikliyinə və səmərələliyə nail olmaq istəyiriksə təkcə kadr dəyişiklikləri kifayət deyil, sözügedən sahədə struktur islahatları da aparılmalı və özəlləşdirmə məsələsinə də baxılmalıdır. Məsələn, “Azərsu” Açıq Səhmdar Cəmiyyətdir və bu qurumun fəaliyyətinin məqsədi istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz etmək, həmçinin kanalizasiya xidmətləri göstərməkdir. Səhmdar Cəmiyyət suyun mənbələrdən götürülməsi, emalı, nəqli və satışını təşkil edir, tullantı sularının təmizlənməsini həyata keçirir və sair.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətin əsas vəzifəsi isə su ehtiyatlarını idarə etmək, ölkə iqtisadiyyatının müxtəlif sahələrini, əsasən də kənd təsərrüfatı sahəsinin suvarma suyu ilə təmin etmək, suvarma suyunun bölgüsünü aparmaq, ondan səmərəli istifadə olunmasına nəzarət etmək, torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq, sel sularına qarşı mübarizə tədbirlərini həyata keçirməkdən ibarətdir.

Sual edirəm, hər iki qurum bir idarəetmə tavanı altında mövcud olsalar, bu, səmərəlilik yaratmazmı?

Digər sual isə ondan ibarətdir ki, bunların uzun müddətdən bəridir Açıq tipli Səhmdar Cəmiyyət olmalarının nə mənası və əhəmiyyəti var? Ölkədə su təsərrüfatı sektorunda müəyyən sahələrdə özəlləşdirmə niyə nəzərdən keçirilmir?



Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:

Bank sektorunda “tromblaşma”: Çıxış yolu nədir? - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL
"Pandemiya böhranı" nə vaxt bitəcək? - TƏHLİL
Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır – TƏHLİL



Teqlər: Meliorasiya   Kənd-təsərrüfatı  





Xəbər lenti