Milli Qəhrəmanın şəhadət günüdür

Milli Qəhrəmanın şəhadət günüdür
  10 Aprel 2021    Oxunub:2891
Bu gün Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri olan Valeh Müslümovun şəhid olmasından 29 il ötür.
Azvision.az -ın məlumatına görə, V.Müslümov 1968-ci il sentyabrın 2-də Lerik şəhərində anadan olub. 1983-cü ildə Lerik şəhər 2 nömrəli orta məktəbinin səkkizinci sinfini bitirən Müslümov Sumqayıt şəhər 17 nömrəli peşə məktəbinə daxil olub. O, burada təhsil aldığı zaman həm də idmanla məşğul olub. Əmək fəaliyyətinə tikinti trestində başlayıb.

1986-1988-ci illərdə ordu sıralarında xidmət edib. 1991-ci ilin avqustunda Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayıb. Şuşa, Xocalı, Tovuz, Füzuli, Qubadlı, Zəngilan və Ağdərə rayonlarının ərazilərində gedən döyüşlərdə fəal iştirak edib.



V.Müslümov 1992-ci il aprelin 8-dən 9-na keçən gecə Ağdərə rayonunun Marquşavan ərazisində gedən döyüşdə əsl qəhrəmanlıq nümunəsi göstərib. Düşmənlə qeyri-bərabər döyüşdə yaralanmış 11 nəfər döyüşçü yoldaşını mühasirədən çıxarıb təhlükəsiz zonaya apararkən aldığı ağır yaradan qəhrəmancasına şəhid olub.

Onun igidliyi dövlət tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 6 iyun tarixli Fərmanı ilə ilk dəfə “Azərbaycan Milli Qəhrəmanı” adını almış 11 nəfərdən biri də məhz Valeh Müslümov olub.

Qəhrəmanın adının əbədiləşdirilməsi məqsədilə Lerik şəhərinin küçələrindən birinə və təhsil aldığı orta məktəbə onun adı verilib, büstü ucaldılıb.



Azvision.az


Teqlər: Milli-Qəhrəman   Valeh-Müslümov  





Xəbər lenti