Yenilənən Azərbaycan üçün yenilənən partiya – TƏHLİL

   Yenilənən Azərbaycan üçün yenilənən partiya –    TƏHLİL
  06 Mart 2021    Oxunub:9028
Güney Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının 7-ci qurultayı çox mətləblərdən xəbər verirdi. Partiyanın əvvəlki qurultaylarının heç birində yeniləşmə və islahatlar istiqamətində bu qədər addımlar atılmamışdı. Yeni Azərbaycan Partiyası bu qurultayla cəmiyyətə Yenilənən Azərbaycanın Yenilənən Partiyasına çevrilmək niyyətində və əzmində olduğu mesajını verdi. Göstərdi ki, o, nəhəngliyinə baxmayaraq, eyni zamanda kifayət qədər çevik, yeni çağırışları nəzərə alan və onlara uyğunlaşmağı bacaran partiyadır.
Partiyada aparılan struktur islahatı onun eyni zamanda həm köklərə və siyasi ənənəsinə bağlılığını möhkəmlətməli, həm də çevikliyini artırmalıdır. Birinci məqsədə nail olmaq üçün partiyada Veteranlar Şurası yaradılıb. Bura o şəxslər daxildir ki, YAP-ın yaranmasında, formalaşmasında, Azərbaycan üçün mürəkkəb dövrlərdən keçməsində böyük xidmətləri olub. Onların təcrübəsi və bacarıqları gələcəkdə də həm partiyaya, həm də ölkəyə fayda gətirə bilər.

Paralel olaraq, Siyasi Şuranın ləğvi partiyanın çevikliyini artırmağa xidmət edəcək. Cəmiyyətdə birmənalı qarşılanmayan bəzi şəxslərin rəhbər strukturlardan kənarlaşdırılması, əvəzində gənc, enerjili və müsbət imicə malik şəxslərin İdrə Heyətinə daxil edilmələri isə həm də YAP-ın simasının dəyişməsi və gəncləşməsi prosesindən xəbər verir. Faktik olaraq, partiyada veteranların təcrübəsi ilə gənclərin düşüncə və enerjisini birləşdirməyin optimal sxemi tapılmış sayıla bilər.

Struktur islahatlarının digər maraqlı tərəfi YAP-ın İcra Katibliyinin ləğvi və əsas funksiyalarının mərkəzi aparat rəhbəri, partiya rəhbərliyində yeni sima olan Tahir Budaqova həvalə edilməsidir. Statistika komitəsinin rəhbəri kimi, o, ölkənin nəbzinin hansı rəqəmlərlə döyündüyünü və hər şeyin ölçü meyarlarını yaxşı bilməlidir, bu isə partiya funksioneri üçün vacib keyfiyyətdir.

YAP-ın həm struktur, həm proqram, həm də imic baxımından özünü yeniləməsi bütövlükdə ölkənin siyasi həyatına da bir dinamizm gətirməlidir. Amma bu məsələyə toxunanda əvvəlcə ölkənin siyasi mühiti üçün ümumi olan bir problemin haqqında danışmaq lazımdır.

Partiyaların yeni nəfəsə ehtiyacı var

Son illərdə ölkədə partiyalar və partiya həyatı praktik olaraq sönmüş, sıradan çıxmağın astanasına gəlib çatmışdı. Bunun səbəbi nədir? Bəziləri parlamentin tam şəkildə majoritar sistemlə formalaşdırılması əsas göstərir və iddia edirlər ki, əgər proporsional, yaxud, qarışıq sistem olsa, partiyalar inkişaf edərdilər. Halbuki, hansının daha öncə gəlməli olduğu haqqında mübahisə etmək mümkündür. Əvvəlcə ölkədə aydın ideologiya və məqsədlərə malik sağlam partiyalar formalaşmalıdır ki, ondan sonra partiya siyahıları ilə seçkiyə getmək haqqında danışaq. Yəni bütövlükdə ölkənin siyasi həyatının partiya təsərrüfatında sağlamlaşmaya ehtiyac var. YAP-ın başlatdığı bu prosesin dərinləşməsi bütövlükdə siyasi həyatın dinamizmini artıra bilər.

Bugünkü vəziyyətin səbəblərindən biri odur ki, 90-cı illərdə çoxlu saxta, o vaxtın ifadəsilə desək, “bir sədrindən, bir də qovluğundan ibarət” partiyalar yaradılırdı. Bunlar sosial bazası, tabanı, cəmiyyətlə heç bir gerçək siyasi-ideoloji əlaqəsi olmayan qurumlar idilər. İndi onların arasında da yenidən strukturlaşma, optimallaşma getməli, proseslə ayaqlaşa bilməyən partiyalar ya siyasi həyatın təkamülü prosesinin gedişində çıxdaş olunmalı, ya birləşməlidirlər. Bu həftə 6 partiyanın YAP-a birləşməsi kifayət qədər maraqlı hadisə idi.

Birlik nə vaxt mümkün olur?


Azərbaycanda ilk dəfədir ki, 6 siyasi partiya eyni vaxtda başqa bir partiyaya birləşirlər. Bunlar siyasətlə maraqlananların kifayət qədər yaxşı tanıdıqları Xalq Demokratik, Kəndli, Milli Qurtuluş, Yurddaş, Milli Hərəkat və Azərbaycan Demokratik Sahibkarlar partiyalarıdırlar. Beləliklə, əgər radikal müxalifət düşərgəsində parçalanma gedir və bir partiyadan tədricən 6-sı qopursa, iqtidar partiyası əksinə, həm də birləşmələr yolu ilə böyüyür.

Bu, onu göstərir ki, YAP-ın dəyərləri və məqsədləri universaldır, Azərbaycanın güclənməsini istəyən bütün siyasi qüvvələr onu eyni dərəcədə özlərininki saya bilirlər. Bu cür universallıq isə qarşıdakı dövrdə YAP-ın ölkədə gedən daxil siyasi proseslərdə əsas əməkdaşlıq mərkəzinə çevrilməsini təmin edəcək.

İndi mövcud olan partiyaların çoxu 90-cı illərdəki siyasi oyunlar zamanı ideologiyaların yox, şəxslərin üzərində qurulurdu. Nəticədə Azərbaycanda partiyaların çoxunun aydın ideoloji xətti olmur və bu, cəmiyyətin siyasi təşkilatlanmasına böyük əngəl törədir. Məsələn, tutaq ki, biri liberal sağçıdır və eyni siyasi mövqedə olan digər insanlarla bir araya gəlmək istəyir. Amma o, siyasi meydana baxanda ideologiyalar və mövqelər vitrini yox, ayrı-ayrı şəxslər görür. Maraqlıdır ki, 90-cı illərin ikinci yarısında müxalif partiyalar YAP-I tənqid edəndə onun ideya deyil, şəxsiyyət ətrafında formalaşmış partiya olduğunu deyirdilər. Halbuki, zaman tam əksini göstərdi. Məlum oldu ki, o vaxtkı müxalifət partiyalarının özlərinin hamısı şəxs ətrafında formalaşıblarmış. Və başqanı dəyişəndə Müsavat artıq o Müsavat olmur; sədri dəyşəndə AMİP o AMİP kimi qalmır. Lideri dünyadan köçəndən sonra AXCP nədir – bu haqda, ümumiyyətlə, danışmağa dəyməz.

Gəncliyin əsas səhvi

Bir partiya daim dəyişə, ora yeni simalar gələ, kimlərsə gedə bilər. Amma onun özü olaraq qalmasını təmin edən amil ideologiyasıdır. YAP-ın güclü cəhəti də məhz budur: Onun aydın bəyan edilmiş ideologiyası və siyasi mövqeyi var. Bu başqa məsələdir ki, Heydər Əliyevin azərbaycançılıq ideologiyasını bu gün gənc nəslə müasir dövrün dili, reallıqları və anlayışları çərçivəsində başa salmağa ehtiyac var. YAP-ın yarandığı dövrün reallığını bilməyən, yaxud, unutmuş şəxs üçün həmin ideologiyanın bütün gücünü dərk etmək bir az çətin ola bilər. Xüsusilə də indiki informasiya çirkliliyi və ideoloji qarışıqlıq dövründə. YAP-ın sədri İlham Əliyev də partiyanın qurultayındakı çıxşında bu məsələnin üzərində xüsusi dayandı: “Gənc nəslin tərbiyə edilməsi hər bir dövlət üçün xüsusi əhəmiyyət daşıyan məsələdir. O ölkələrdə ki, bu məsələyə fikir verilmir, onlar vaxt keçdikcə böyük problemlərlə üzləşə bilərlər. Çünki dünyada gedən proseslər deməyə əsas verir ki, bəzi yerlərdə bu proses kortəbii şəkildə aparılır. Belə olan halda, əlbəttə ki, gələcəkdə - 10 ildən, 20 ildən sonra çox ciddi problemlər yaşana bilər. Əgər gənc nəsil tərbiyə edilməsə, əgər gənc nəslə ümumbəşəri dəyərlər aşılanmasa, o zaman gələcəkdə problemlər qaçılmazdır”.

Gəncliyin xarakterində hər zaman inkara, barışmazlığa və radikallığa meyl olur. Bununla heç nə etmək olmaz, bu, biologiyadır. Ona görə sosial şəbəkədə gənclər adətən radikal mövqeyə daha meyilli olurlar. Orada isə təəssüf ki, saxta ideallarla bəslənir və çox vaxt heç bunun fərqinə varmırlar. Sadəcə, hakimiyyəti tənqid eləmək qəhrəmanlıq sayılır, buna bir siyasi romantika donu geyindirilir, halbuki, real siyasi qəhrəmanlıq tamamilə başqadır. Azərbaycan dövlətini güclü edən siyasi-ideoloji sütunları çəkinmədən, heç nəyə baxmayaraq qorumaqdır əsl qəhrəmanlıq. Bax, bunu gəncliyə aşkar göstərmək və izah etmək lazımdır ki, vətəndaş məsuliyyəti bu mövzularda sağlam mühafizəkar olmağımızı tələb edir. Bəzi dayaqları sarsıtmaq olmaz.

Yeni dövr başlayır

Qurultayda YAP-ın sədri partiyaya 3 aya yeni proqram hazırlamağı tapşırdı. Çünki artıq reallıq dəyişib. Vətən müharibəsindəki qələbəbən sonra qarşıda yeni hədəflər, yeni missiyalar var. İndi ciddi siyasi qüvvə onlara köklənməlidir. İndi Yeni Azərbaycan Partiyası Azərbaycanın şahmat taxtasında yeni partiyaya başlayır. Görüləsi işlər həqiqətən çoxdur. Sırf partiya həyatından danışsaq, ölkədə bu sahənin sağlamlaşdırılması üçün hələ xeyli yol keçilməlidir. 2018-ci ildəki prezident seçkisindən sonra Azərbaycan hakimiyyəti məhz bu yolu tutdu və ölkədə olan partiyalarla dialoqa başladı. Bu, o demək idi ki, hakimiyyət xarici siyasətdə Azərbaycanı mübarizə yox, regional əməkdaşlıq mərkəzinə çevirdiyi kimi, daxili siyasətdə də qarşıdurma yox, əməkdaşlıq mühiti yaratmaq isəyir.

Vüsal Məmmədov
Azvision.az


Teqlər: YAP   Qurultay  





Xəbər lenti