Prezidentin mətbuat konfransı bir sıra ilklərlə yadda qaldı

   Prezidentin mətbuat konfransı bir sıra ilklərlə yadda qaldı
  01 Mart 2021    Oxunub:1892
Prezident İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında dünyanın aparıcı media qurumlarının diqqətinə bir daha Azərbaycan həqiqətlərini çatdırmaqla ölkəmiz haqqında qlobal informasiya məkanına obyektiv məlumatlar verdi. Hər şeydən əvvəl bu, Xocalı soyqırımı və onun dünyaya tanıdılması, eyni zamanda, 44 günlük müharibədən sonra Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıqlarla bağlı idi. Ümumiyyətlə, mətbuat konfransı bir sıra ilklərlə yadda qaldı.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O bildirib ki, ilk dəfə idi bir lider bu qədər uzun müddətdə və 4 dildə dünyanın ən aparıcı media qurumlarının suallarını cavablandırırdı.

"Bir dildən digərinə keçid o qədər rəvan baş verirdi ki, bu, media təmsilçilərinin də diqqətindən yayınmır və onların təəccübünə səbəb olurdu. Əslində, bu hadisə sadəcə dil bilmək deyil, həm də media kimi universal bir alətin imkanlarından milli məqsədlər üçün istifadə etmənin yeni özünəməxsus forması idi. Bu vaxta qədər heç bir siyasi lider “yumşaq güc” adlandırılan medianın imkanlarından bu qədər səmərəli istifadə edə bilməmişdi. Azərbaycan Prezidenti İlham Əliyev mətbuat konfransında, eyni zamanda, bu vaxta qədər yerli və xarici informasiya məkanında suallar doğuran bir sıra məsələlərə aydınlıq gətirdi".

Deputat vurğulayıb ki, bu məsələlərdən biri hazırda sülhməramlıların nəzarəti altında olan ərazilərimizə qayıdışla bağlı idi. Azərbaycan Prezidenti Xocalıya da, digər ərazilərimizə də qayıdacağımızı bir daha qətiyyətlə ifadə etdi: "İkinci məsələ isə, böyük qayıdışla bağlı planların ardıcıl olaraq həyata keçirilməsi və onun hansı formada aparılmasını özündə ehtiva edirdi. Aydın oldu ki, bununla bağlı Azərbaycanın dəqiq və düşünülmüş planı var və bu, ardıcıllıqla, mərhələli şəkildə həyata keçiriləcək. Başqa bir mühüm məsələ isə Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın regionumuza vəd etdiyi mühüm perspektivlərlə bağlı idi. Bu kontekstdə Prezident İlham Əliyev regional və beynəlxalq tərəfdaşlarımıza, eləcə də Ermənistana mühüm ismarıclar verdi".

H.Babaoğlunun sözlərinə görə, mətbuat konfransı Azərbaycanın yaratdığı yeni reallıqların regionda əməkdaşlıq üçün yeni tarixi fürsət yaratdığını bir daha aşkara çıxardı. Əgər bu fürsətdən doğru istifadə olunarsa, bütövlükdə, regional və qlobal əməkdaşlıq baxımından olduqca əlverişli şərtlər yarada bilər. Yox, əgər Ermənistan yenə də revanşist cəhdlər edərsə, bu, 90-cı illərdə olduğu kimi, yenidən Ermənistanın özünütəcridinə gətirib çıxara bilər. Nəticədə bu ölkə öz səhvlərini təkrar etməklə əməkdaşlıqdan kənarda qala bilər. Prezidentin fikirləri həm də bəzi ölkələrə bir çağırış idi. Bu çağırış ondan ibarət idi ki, əgər kimsə Ermənistanın olmayan ordusunu modernizə etmək istəyirsə, bu, regiona yaxşı heç nə vəd edə bilməz. Ona görə də hazırkı mürəkkəb tarixi mərhələdə ən doğru yol yeni əməkdaşlıq imkanlarından keçir və Azərbaycanın məqsədi elə budur.

Azvision.az


Teqlər: Deputat   Hikmət-Babaoğlu  





Xəbər lenti