Pandemiya yağışında islanmayan Naxçıvan: Muxtar Respublikanın iqtisadiyyatı artım göstərir – TƏHLİL
Bunu 2020-ci ilin yekunları da təsdiqlədi. Belə ki, keçən ilin son statistikasına əsasən, ölkəmizin sözügedən bölgəsində ÜDM istehsalı 2 milyard 907 milyon 810 min 500 manat təşkil etməklə 1,1 faiz artıb. ÜDM-in adambaşına düşən həcmi isə əvvəlki ilə nisbətən 1,8 faiz artaraq, 6310,4 manat olub. Sənaye məhsulu 1,4 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,1, kənd təsərrüfatı məhsulları istehsalı 4,6, informasiya və rabitə xidmətləri 5,2, xarici ticarət dövriyyəsi isə 2,8 faiz artıb. Bəs bu, necə baş verib və qeyd olunan rəqəmləri necə izah etmək olar?
Naxçıvan Muxtar Respublikasında son illər ərzində əldə olunan inkişaf, sosial-iqtisadi və xüsusən də sənaye sahəsində atılan böyük və uğurlu addımlar əslində, həmişə nəzərə çarpıb. Xüsusən də özəl sektorun inkişafına, sahibkarlıq fəaliyyətinin genişlənməsinə ciddi diqqət yetirilməsi, sənaye məhsulları istehsalı sahəsində sahibkarlıq təşəbbüslərinin və fəaliyyətinin dəyənləndirildiyi heç vaxt diqqətdən yayınmayıb. Odur ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı ən sürətli şəkildə həmişə burada təşəkkül tapıb və tapmaqda da davam edir.
Ümumiyyətlə, muxtar respublikada həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşməni daim sürətləndirib, rəqabət qabiliyyətli, ixrac yönümlü məhsullar istehsal edən müəssisələrin yaranması fasiləsiz xarakter daşımışdı. Keçən il sənaye məhsulu istehsalının 95,7 faizi malların, 4,3 faizi isə xidmətlərin payına düşüb ki, istehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 93,4 faiz təşkil etməklə ölkənin digər iqtisadi rayonları ilə müqayisədə Naxçıvanı qeyd olunan göstəriciyə görə də ən yüksək pilləyə qaldırıb.
Qısa desəm, özəl mülkiyyətin genişləndirilməsi və sərmayə qoyuluşu - bax, bu iki xətt biri-birindən asılı və biri-birini tamamlamaqla həyata keçirilməkdədir ki, artımı təmin edən də odur. 2020-ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyard 41 milyon 17 min manatdan artıq vəsait yönəldilib ki, bu da əvvəlki ildəki göstəricidən 1,1 faiz çox deməkdir. Bu göstərici üzrə də Naxçıvan Muxtar Respublikası ölkənin digər iqtisadi rayonları ilə müqayisədə birincidir.
Kənd təsərrüfatı sahəsində də vəziyyət eynidir. Keçən il əvvəlki ilə nisbətən 4,6 faiz çox, yəni 537 milyon 584 min manatlıq aqrar məhsulu istehsal olunub ki, nəticədə 103 milyon 158 min ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac edilib.
Azərbaycan tam olaraq postpandemiya dövrünə keçmək, pandemiyasız mərhələdə yaşamaq üçün hələ təzəlikcə addımlar atır. Düzdür, dövlətimizin milyardlarla manat iqtisadi itkilərə yol verməsinə baxmayaraq, makroiqtisadi vəziyyət sarsılmadı, yenə möhkəm xarakter daşıyır. Ancaq bunda məhz Naxçıvan kimi bölgələrdə bayaqdan sadaladığım məqamlara əsasən iqtisadi fəallığın passivliyə uğramaması kimi çox mühüm bir amilin rolu və təsiri vardır ki, bu mütləq qiymətləndirilməlidir.
Naxçıvan ölkəmizin iqtisadiyyatı üçün hələ çox böyük rol oynaya bilər və oynayacaq da... Buna əlavə olaraq Ermənistanın kapitulyasiyasına dair 10 noyabr 2020-ci il tarixdə imzalanan razılaşma da əsas yaradacaq. Həmin razılaşmanın 9-cu bəndinə əsasən bölgədəki bütün iqtisadi, nəqliyyat əlaqələri bərpa ediləcək. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə qərb rayonları arasında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkəti üçün təhlükəsizliyə zəmanət veriləcək. Azərbaycan-Naxçıvan yerüstü əlaqəsinin təmin olunması isə təkcə Azərbaycanın deyil, bütövlükdə region, Cənubi Qafqaz bölgəsinin iqtisadi inkişafı üçün böyük bir təkana çevriləcək.
Naxçıvanın Türkiyə ilə sərhəd olduğunu nəzərə alsaq, Avropaya Gürcüstanla yox, avtomotik olaraq həm də digər yolla çıxa biləcəyik, bununla da uzun illərdir haqqında danışdığımız Böyük İpək Yolunun yeni qolu açılacaq.
Sözün qısası, Naxçıvan, məlum səbəblər üzündən dünya və Azərbaycan iqtisadiyyatını ağuşuna alan və tənəzzül amilinin məhz qaçılmaz xarakter daşıdığı - keçən ilki böhrandan və ağır durumdan "yağmurdan islanmamış" kimi çıxıb. Bu isə çox qeyri-adi hadisə olaraq qiymətləndirilməlidir. O baxımdan ki, 2020-ci ilin böyük bir dövrü ərzində bu bölgə ilə əlaqə saxladığımız yeganə vasitə olan hətta hava nəqliyyatı vasitəsinin də fəaliyyəti dayandırılmışdı. Odur ki, hesab edirəm, bu bölgəmizin ölkəmizin əsas ərazisi ilə qurudan da əlaqəsi əgər tezliklə təşəkkül taparsa o zaman Naxçıvan həm də bütövlükdə ölkə iqtisadiyyatının inkişafı üçün drayverə çevriləcək.
Pərviz Heydərov
Azvision.az üçün
Teqlər: Naxçıvan